Yenicə müstəqil olmuş bir dövlətə başçılıq etmək, ayaqda tutmaq heç də asan iş deyildi. Amma Cənab Prezident bunun öhdəsindən layiqincə gəldi. Dünyanın bir sıra aparıcı tədbirləri, yarışları Bakıda keçirildi, gələn xarici qonaqlar Bakının gözəlliyinə heyran qaldılar və bunu öz ölkələrinin KİV-ində işıqlandırdılar.

Dövlət başçımız qarşısına qoyduğu hər bir məqsədi əksiksiz yerinə yetirdi. Bununla yanaşı biz heç zaman qəlbimizdəki yaranı, Vətən həsrətini, Qarabağ niskilini unutmadıq. Bəlkə də hamı unutduğumuzu, yaramızın qabıq bağladığını zənn etdi, amma o yara elə hey qanadı. Çünki Şuşa, Xankəndi, Laçın, Füzuli, Xocalımızda çəkilən nalələr qulaqlarımızdan, soydaşlarımızın al qanları, doğma yurdumuzun gözəlliyi gözümüzdən heç silinmədi. Biz unutmadıq! Unutmadıq ki, bunu bizə yaşadanlara da unutdurmayaq!

Ali Baş Komandan başda olmaqla, bir neçə vasitəçi dövlətlər də bu məsələnin sülh yolu ilə həllinə çalışdılar. Mənfur düşmən bunu gücsüzlük kimi qəbul etdi və bu təklifə yaxın durmadı. Biz yenə də səbr etdik və doğru zamanın gəlməsini gözlədik. Və o gün gəlib çatdı.

27 sentyabr 2020-ci ildə bütün sərhədboyu başlayan əks hücüm əməliyyatları tam 44 gün çəkdi. 4 ilə min bir hiylə, vicdansızlıq və namərdliklə alınan torpaqlar, cəmi 44 günə düşməndən azad edildi. Həm də onlar kimi hiylə ilə yox, siyasi və hərbi güc, rəşadətli ordumuzun qəhrəmanlığı və cənab Ali Baş Komandanın başçılığı ilə.

44 gündə cənab Ali Baş Komandan qismən səfərbərlik elan etdi. Buna baxmayaraq, hər kəs müvafiq rayon səfərbərlik şöbələrinə müraciət etdi və əlindən gələni etməyə çalışdı. Bütün xalq cənab prezidentin ətrafında bir yumruq kimi birləşdi. Hər kəs bir əsgər kimi cənab Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazır oldu və “Hər birimiz əmrinizdəki əsgərik” dedi.

Ali Baş Komandanın rəhbərliyi ilə diplomatlarımız siyasi masada, rəşadətli ordumuz isə döyüş meydanında öz gücünü düşmənə və bütün dünyaya göstərdi.

Dünyanın qabaqcıl xəbər portalları, media qurumları haqq savaşımızı işıqlandırdılar. Cənab prezident müsahibə üçün gələn jurnalistlərə şəxsən özü cavab verdi.

Bütün suallar yerli-yerində və lazımınca cavablandırıldı. Bu azmış kimi iş çoxluğu olsa belə, cənab prezident xalqı da xəbərsiz qoymadı. Hər gün xalqa müraciətlər, tvitlər bizi daha da qürurlandırdı.

Cənab Prezidentin verdiyi tapşırıqları rəşadətli ordumuz lazımınca yerinə yetirdi. Düşmən o qədər cılız və qorxaq idi ki, ordumuza tab gətirə bilməyib bunun “acığını” sərhədboyu və sərhəddən kilometrlərcə uzaqda yerləşən ərazilərimizə qadağan olunmuş

silahlardan atəş açaraq çıxardı. Sərhədboyu Ağdam, Tərtər və sərhəddən dəfələrlə uzaqda yerləşən Bərdə və Gəncəni raket atəşinə tutdu. Gecə öz yataqlarında yatan dinc əhali qətlə yetirildi. Nə düşünürdülər bunu edərkən görəsən? Beşikdəki körpədənmi torpaq istəyirdilər? Amma bu mənzəzə bizə Xocalıdan, Ballıqayadan tanış idi.

Ali Baş Komandan buraya xarici jurnalistləri dəvət etdi. Edilən bütün vəhşiliklər dünya mediasında işıqlandırıldı. Ordumuzun gücünə, əzminə, cənab prezidentin məğrur duruşuna hamı həsədlə, biz isə qürurla baxdıq.

Və o gün gəldi. O tarixi çıxış və o məğrur duruş “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayitmışıq! Biz səni dirçəldəcəyik!”. Çıxış yeri isə bir ayrı anlamlı və dəyərli idi – Şəhidlər Xiyabanı. Məbəd saydığımız, qan yaddaşımız, hər gedəndə ürəyimizi sızıldadan, həm qürurlandırıb, həm də “qanınızı yerdə qoymayacıyıq!” dediyimiz o məkan. Bəli, qanları yerdə qalmadı. Ali Baş Komandan əvvəldən demişdi “Şuşasız bizim işimiz yarımçıq qalar”. Və artıq tam oldu. Şuşamız, mədəniyyət beşiyimiz,”alınmaz qalamız” geriyə qayıtdı.

Bundan daha təsirli isə Ali Baş Komandanın nitqində olan o sözlər idi: “Mən xoşbəxt insanam ki, ata vəsiətini yerinə yetirdim”.

Bəli, 8 noyabr 2020-ci ildəki o tarixi çıxışla Şuşamızı qaytardıq. Düşmən daha tab gətirə bilmədi və 10 noyabr 2020-ci ildə razılaşma imzalamağa məcbur qaldı.

Cənab prezident gecə saatları olmasına baxmayaraq, şəxsən özü bu zəfər xəbərini xalqına çatdırdı. Əvvəldən dediyi sözü əməldə göstərdi “Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq”.

Hamı Azərbaycan və onun liderinin, xalqının, ordusunun gücünü gördü.

Şuşa döyüşləri hər kəsdə təəccüb və qibtə yaratdı. Burada liderimizin gücü və ordumuzun komandanına qarşı olan inamı açıq göründü.

Bu xalqın vətən sevgisi şəhid anasının “kaş, bir oğlum da olardı, onu da qurban verərdim bu yurda” deməsindən belə aydın görünür.

10 noyabr ölkədə bayram oldu. Ard-arda 3 gün 8 noyabr Şuşanın azad edilməsi, 9 noyabr Bayraq günü və nəhayət, 10 noyabr Qələbə günü kimi qeyd edildi. Hamı uşaqdan-böyüyə bayraqlarla küçələrə çıxdı.

Cənab Prezident bir daha xalqa söz verdi ki, azad olunmuş ərazilər yenidən bərpa ediləcək və abadlaşdırılacaq. Xalq onsuz da öz liderinə inanır və dediyi kimi olacağını bilir.

Bütün xalq prezidentinə bu həsrətə son qoyduğu üçün minnətdarlığını, təşəkkür hissini bildirdi. Kimisi məktubu ilə, kimisi də duası ilə.

Yaşa, Odlar yurdu! Xoş gəldin, Qoca qartalın yaralı qanadı! Ali Baş Komandan başda olmaqla dünya durduqca üçrəngli bayrağınla məsud yaşa, xalqım!

 

Fidan Məmmədquliyeva,

BDU-nun Filologiya fakültəsinin tələbəsi

Bənzər yazılar