Dərc olunub: 04.05.2021

 

Fatimə Quliyeva: “Onlayn təhsil həyatımızın əsas atributuna çevrilib”

“Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” sorğusunun qaliblərinin mükafatlandırılması tədbirlərini işıqlandırmaqla onlardakı distant təhsilin durumu və ümumiyyətlə bu kolleclərin müasir təhsil prizmasından atdığı addımları geniş ictimaiyyətim təqdimatına çevirəcəyimizi vəd etmişdik. İlk təqdimat-tədbirimiz II yerin qalibi Bakı Biznes və Kooperasiya kollecində baş tutdu.

Dəhlizlərinə ilk dəfə ayaq basdığımız kollecin kollektivi bizi və təhsil ekspertlərini çox səmimiyyətlə qarşıladı. Keçirdiyimiz sorğunun onlarda böyük məmnunluq hissi yaratdığı aydın sezilirdi. Bu təəssüratın qalibiyyətlərinin nəticəsi və ya kollecin işinin qurulmasındakı islahatlardan dolayı yarandığı tədbirin gedişiatı zamanı aydınlaşdı. Bu barədə bir qədər sonra…

Koronavirus pandemiyası səbəbindən nisbətən az sayda kollektiv üzvü və ekspert qrupunun qatıldığı təqdimat mərasimini Mektebgushesi.az portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli açaraq sorğunun gedişiatı barədə tədbir iştirakçılarını məlumatlandırdı. Onun sözlərinə görə qısa bir zaman kəsiyini əhatə etməsinə rəğmən “mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” virtual sorğusu çox gərgin mübarizə şəraitində baş tutub: “Sorğu 44 kollec arasında keçirilib. Ümumilikdə sorğuda 10603 respondent iştirak edib. Təəssüf ki, onların içərisində çox aşağı səviyyədə səs toplayaraq axırıncı yerləri bölüşdürən kolleclər də var. Onlar hətta ötən yazımızda da bildirdiyimiz kimi, kollektiv üzvlərinin sayından belə az səs alıblar. Bu isə onların doğma kontingentinin belə öz iş yerləri olan kolleclərə etimadsızlığının məntiqi nəticəsi kimi qəbul edilməlidir. Belə “münasibət” təbii ki, həmin kolleclərdə idarəçilik sisteminin problemli olmasından və o kolleclərin müasir təhsil standartlarına yiyələnə bilməməsindən xəbər verir”. M.Məmmədli onu da söylədi ki, bu gün plaketini təqdim edəcəyimiz Bakı Biznes və Kooperasiya kolleci sorğuda iştirak edən respondentlərin 2.013 -nün səsini qazanmaqla ikinci yeri təmin edə bilib. Bu isə 44 kollec arasında çox böyük uğurdur.

Baş redaktor çıxışının sonunda bu nailiyyət münasibətilə kollecin kollektivini təbrik etdi.

Bəs bu uğura necə imza atılıb? Təqdimat mərasimindən bizlər üçün ən vacib nüanslar təbii ki, bu amillər idi. Bu gözləntiərimizə Bakı Biznes və Kooperasiya kollecinin direktoru, dr Fatimə xanım Quliyevanın əyani misallar üzərində qurulmuş çıxışı zamanı cavab tapdıq. Fatimə xanım bildirdi ki, sorğunun mövzusu kollektivin xüsusilə diqqətində olduğundan onlar sorğuda fəallıq nümayiş etdirməyə can atıblar: “Əlbəttə, bəlkə də sorğu fərqli mövzuda olsaydı, biz orda iştirak etməyə bir o qədər də həvəs göstərməzdik. Lakin distant təhsil bilavasitə hazırda bəlkə də bir təhsil işçisi olaraq həyatımızın əsas atributlarından birinə çevrildiyi üçün sorğuda iştirak edib qalib gəlmək bizim çox ürəyimizdən oldu. Kollektiv bu mübarizədə haqlı tərəflərdən biri kimi yaranmış bu imkanı əldən vermək istəmədi. Təəssüf ki, sorğudan bir qədər gec xəbər tutduq, amma yenə də ikinci yeri qazana bildik. Niyə biz buna haqq edirdik? Çünki birmənalı şəkildə bidirirəm ki, kolleclər arasında pandemiya dövründə ilk onlayn dərslərə biz başlamışıq. Hələ ötən il mart ayının 15-dən bizim kollec onlayn dərslərə start verib. Aprel ayından isə artıq ZOOM proqramı və sonradan MİCROSOFT TEAMS proqramı ilə bu dərsləri davam etdirdik. Üstəlik tədris etdiyimiz dərsləri sosial şəbəkələr üzərindən də qurduq. Bir sözlə, internetin yaratdığı bütün imkanlardan istifadə edərək kollecimizdə təhsili bir gün də zəifləməyə, öləziməyə qoymadıq. Bizim tədrisimiz sosial şəbəkələr üzərindən daim açıq istifadədədir. Hətta istənilən orta ixtisas təhsili müəssisəsi daxil olub bizim onlayn dərslərdən yararlana bilərlər”.

Kollecin direktoru öz çıxışında onu da söylədi ki, onlar həyata keçirdikləri bu fərqli təhsil nümunəsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də təklif-müraciətlər ediblər ki, bu təcrübədən başqa təhsil ocaqları da istifadə etsinlər.

Fatimə xanım Quliyeva kollecdən aparılan islahatların sırasında pedaqoji kollektivin gəncləşdirilməsini, müasir dövrün tələbləri baxımından sığorta mütəxəssislərinin yetişdirilməsini, beynəlxalq təcrübəyə əsaslanan treninq-proqramlarda (Avropa Şurası və başqa təşkilatlarla – N.Z.) kollecin iştirakını, biznes strukturlarına mütəxəssislər yetişdirilməsi səbəbindən kollecin əcnəbilərin diqqətini cəlb etməsini və onların kolleclə birlikdə pilot layihələr reallaşdırmalarını, tələbələr üçün yorucu olmasın deyə animasiya formasında dərslərin aparılmasını, məzunların iş yerləri və onların sonrakı təhsillərinə mümkün köməkliklərin göstərilməsini və digər müsbət dəyişiklikləri də sadaladı. Eyni zamanda əksəriyyəti gənclərdən ibarət olan kollektiv üzvlərini də qonaqlara təqdim etdi. Məlum oldu ki, kollecin pedaqoji kontingentinin sırasında Niderlandda təhsil almış müəllimədən tutmuş Azərbaycanın əksər universitetlərinin məzunları var. Fatimə xanım özü də Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsinin bakalavr və magistr məzunu, həmçinin fəlsəfə doktorudur. Hazırda doktorluq işi üzərində işləyir.

Belə işgüzar bir mühitlə tanışlığından xüsusi zövq aldığını gizlətməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, fizika elmləri doktoru, professor Şahlar Əsgərov kollecin kollektivini qazandıqları bu uğur münasibətilə xüsusi təbrik etdi. Təhsil eksperti ölkənin inkişafının yeganə yolunun təhsilin dirçəlməyindən, inkişafından keçdiyini bildirdi. Bu sırada riyazi təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini isə xüsusi olaraq vurğuladı. Professor bu kollecdə də riyaziyyat ixtisaslı pedaqoqların çoxluğunu və ümumiyyətlə kollecin tədris prosesində riyaziyyat elminin çəkisinin çox olduğunu nəzərə alaraq Bakı Biznes və Kooperasiya kollecinin Azərbaycan dövlətinə xüsusi töhfələr verəcəyini qeyd etdi.

İstimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov dedi ki, “müstəqilliyin ilk illərində kolleclərə münasibətin yaxşı olmasa da, lakin zamanla bu münasibət dəyişdi və kolleclərin təhsilin vacib pilləsi olduğu qənaəti formalaşdı. Dəfələrlə mən müsahibələrimdə vurğulamışam ki, kolleclər vacibdi, təhsilin zəncirvari bir həlqəsidir. İndi təcrübə göstərir ki, kolleclərdən ali məktəblərə qəbul olunanların elmi göstəriciləri daha yüksəkdi. Çox sevindirici haldır ki, indi işini daha düzgün, müasir şəkildə quran kolleclər sırasında Bakı Biznes və Kooperasiya kollecinin də yeri var və sizi də bu uğur münasibətilə təbrik edirik”.

Digər təhsil eksperti, İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə hazırda dövlət tərəfindən belə bir təşəbbüs irəli sürülüb ki, bizim gənc alimlərimiz xaricdə, xüsusilə Avropa ölkələrində, özəlliklə Avropa Şurasında həyata keçirilən proqramların icrasında iştirak etmirlər. İndi bu proqramlarda bizim alimlərin, müəllimlərin də iştirakının vacibliyi gündəmin mövzusuna çevrilib: “Madam Bakı Biznes və Kooperasiya kollecinin müəllimləri arasında da xaricdə təhsil alıb gələnlər var, o müəllimlər də bu proqramlarda iştirak edə bilərlər. Bu isə kollecin səviyyəsinin qaldırılmasında əhəmiyyətli rol oynamış olar. Xaricdə elə kolleclər var ki, onlar doğrudan da institutlarla bir səviyyədə dayanırlar. Bizim kolleclərlə bağlı isə əksərən mənfi bir imic formalaşıb. Bu imicin müsbətə doğru dəyişdirilməsi çox vacibdir. Həmçinin maddi-texniki baza və müəllim kollektivinin peşəkarlığı da çox vacibdir”. İlqar Orucov həmçinin kollec rəhbərlərinin arasında koordinasiya yaratmaq üçün onlar arasında ümumi bir görüş keçirilməsini vacib saydığını dedi. Onun sözlərinə görə bu görüş onların bir-birini yaxından tanımasına, ən əsası isə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına şərait yaratmış olardı.

Ekspertin təklifi tədbir iştirakçıları tərəfindən çox maraqla qarşılandı.

Təqdimat mərasiminin sonunda professor Şahlar Əsgərov iştirakçıların alqış sədaları altında II yerin qalibi nominasiyasını əks etdirən plaketi Bakı Biznes və Kooperasiya kollecinin direktoru, dr Fatimə Quliyevaya təqdim etdi.

Nəzirməmməd Zöhrablı

Bənzər yazılar