Qarabağın azad olunması uğrunda gedən müharibə zamanı Azərbaycan xalqı Cənab Prezidentin rəhbərliyi və rəşadətli Ordumuzun iştirakı ilə tarixdə yeni səhifələr açdı, bu səhifələri qələbə sevincləri ilə doldurdu. Bir vətəndaş olaraq böyük qürur hissi keçirirəm ki, artıq Azərbaycanın hər qarış torpağı azaddır.

Vətənin hər tərəfində şanlı Azərbaycan bayrağı dalğalanır. O bayraq ki, Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqı onun daim şərəflə dalğalanması üçün əlindən gələn hər şeyi edir, lazım gəldikdə canından belə keçir.

Sentyabrın 27-dən bəri davam edən haqlı mübarizəmizdə cənab prezident daim ordu və xalqla birlikdə oldu. Onun şücaəti, əsgərlərimizin cəsarəti nəticəsində düşmənin “rəşadətli Ermənistan ordusu” mifi yerlə bir oldu.

Hər qələbə xəbərində xalqın birliyi bir o qədər artdı. Qarabağın incisi Şuşanın azadlığının xüsusi olaraq təbrik edilməsi təqdirəlayiq bir hərəkət idi. Biz həm də bununla necə böyük, strateji əhəmiyyətli bir torpağımızı azad etdiyimizi göstərdik.

Qarabağın azadlığı uğrunda illərdir apardığınız genişmiqyaslı tədbirlər nəticəsiz qalmadı. Azərbaycan xalqı daim sülh tərəfdarı olub, lakin bu qələbə ilə lazım gəlsə düşmənin cavabını verə biləcəyimizi göstərdik.

Təcavüzkarın rəsmən kapitulyasiyaya məcbur edilməsi dövlətimizin qüdrətini bir daha bütün dünyaya sübut etdi və onun nüfuzunu daha da gücləndirdi.

İstəklərimizə nail olmayanadək dayanmayacağımızı dost və düşmənə nümayiş etdirdik.

Cənab Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan hər bir qüvvəyə, masada da, cəbhədə də öz qüdrətli cavabını verdi.

Biz əminik ki, istər qazi, istər şəhid ailələrinə birbaşa İlham Əliyev və xanımı Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva öz dəstəyini əsirgəməyəcək. Hər bir ziyan çəkmiş ailəyə maddi və mənəvi olaraq dəstək olacaq.

Azərbaycan xalqı bu günədək torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş əsgərlər, onların ailələri, torpaqlarından didərgin düşmüş minlərlə azərbaycanlı və bu zaman həyatını itirmiş bütün insanlar adından Cənab Ali Baş Komandana təşəkkür edir. Ruhlarımızı dirçəldənlərin, ruhları şad oldu.

Bu dövrdə Azərbaycan xalqının bir devizi var idi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün”.

İlham Əliyev Azərbaycan tarixinin ən şanlı zəfərinin banisi kimi böyükdən kiçiyə milyonların qəlbində taxt qurmuş bir qəhrəmandır. İllər ərzində apardığı uğurlu xarici

siyasəti, qətiyyətli addımları, möhkəm iradəsi nəinki düşməni, hətta onun havadarlarını belə susmağa məcbur edib.

Azərbaycan xalqının 27 illik susqunluğunu onun haqq səsi ilə dünya ictimaiyyətinə çatdı. İndi düşmən anlayır ki, ədalətin səsi yüksəlir, susmaq növbəsi onlardadır.

Liderimizin siyasi arenada danılmaz gücü, uzaqgörən siyasəti, hazırcavablığı hər bir fərdimizin qəlbini fərəh, mənfur düşməni isə qorxu ilə doldurur.

Artıq hamıya məlumdur ki, bizim prezidentimiz yüksək idarəçilik və diplomatiya qabiliyyətinə, səmimi, savadlı, zəngin dünyagörüşünə, həmçinin bütün dünyada böyük nüfuza malik bir dövlət başçısıdır.

Ulu öndərimizin davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Artıq bir çox dövlətlər Azərbaycanla Cənubi Qafqazda məsləhətləşmələr aparacaq. Bu nəticələr neçə illik təcrübənin, savadın nəticəsidir

Əldə edilən uğurlar və qazanılan Böyük Qələbə, yaradılan güclü iqtisadiyyat, müdrik diplomatiya, qüdrətli və cəsarətli şəxsiyyətin sayəsində mümkün olmuşdur.

Prezidentin çıxışlarını dinləyərkən uşaqdan-böyüyə hər birimiz gələcəyə inamla baxırıq. Cənab Prezident var gücünü xalqımızın və torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsinə sərf edir. Onun siyasəti Azərbaycan Respublikasının tərəqqisinə və rifahına xidmət edir.

Atılan addımlar bunu göstərir ki, bundan sonra Azərbaycanı gözəl günlər gözləyir, tariximizin intibah dövrünü yaşayırıq. Artıq Azərbaycan daim inkişaf və tərəqqi ilə daha da güclənəcək. Xalqın hakimiyyətə inamı, sarsılmaz güvəni bu gücü daha da möhkəmləndirəcək.

Bu çiçəkli günlərin şahidi olan gənclər bütün dünyada Azərbaycan həqiqətlərini möhkəmləndirəcək, inkişafımıza dəstək olmaq, vətənimizə layiqli vətəndaş olmaq üçün daim çalışacağıq.

Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”.

Qarabağ Azərbaycandır!

Gülavaz Babazadə

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi

Bənzər yazılar