Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir.

Prezident Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir.

Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.

Ali Baş Komandanın apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusunun içərisindədir.

Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu cari il sentyabrın 27-dən başlayan və 44 gün davam edən döyüşlərdə şanlı zəfər qazanaraq 30 ilə yaxın müddətdə torpaqlarımızın 20%-ni işğalda saxlayan mənfur düşmənin – Ermənistanın ordusunu darmadağın edərək təslim olmağa məcbur etdi. Ali Baş Komandanımızın 17 il ərzində çoxşaxəli daxili və xarici siyasətinin sayəsində əldə edilən uğurlara söykənən və onun rəhbərliyi altında qüdrətli bir orduya çevrilən vətənpərvər, cəsarətli əsgər və zabitlərdən ibarət Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca

Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsini, o cümlədən, 5 şəhərini, bu sırada noyabrın 8-də Qarabağın ürəyi, Azərbaycanın qeyrət simvolu olan Şuşa şəhərini düşmən işğalından döyüşərək azad etdi. Qüdrətli Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyərək təslim olan Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da məğlubiyyətini etiraf edərək məlum bəyanata imza atdı.

Uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bir sıra dünya dövlətləri Ali Baş Komandanımızın diplomatik uğurlarının, hərtərəfli düşünülmüş siyasətinin sayəsində haqq mübarizəsini aparan Azərbaycan ordusunun rəşadətli əsgərlərinin misilsiz döyüşkənliklə həyata keçirdikləri hərbi əməliyyatları sadəcə kənardan izləmək məcburiyyətində qaldılar.

Cənab Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir.

Doğru seçilən siyasət Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasına yol açıb. Bu gün Azərbaycan dünyada mövcud olan bütün obyektiv çətinliklərə baxmayaraq sürətlə və davamlı şəkildə inkişaf edən bir ölkədir. Bu inkişafın memarı isə dövlətin rəhbəri İlham Əliyevdir.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, qüdrətlənməsi uğrunda apardığı daxili və xarici siyasət, ordunun qüdrətli bir qüvvəyə çevrilməsi üçün fəaliyyəti, öz torpağına, xalqına məhəbbəti, ərazilərimizin erməni işğalından azad olunması naminə apardığı mübarizə daim təbliğ edilir.

Biz Azərbaycanın bu şərəfli tarixini yazan Azərbaycan Respublikasının Prezidentinə, rəşadətli əsgər və zabitlərimizə möhtəşəm qələbə sevincini bizə yaşatdıqlarına görə öz dərin təşəkkürümüzü bildirir və torpaqlarımızın azadlığı uğrudan canından keçən şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyirik.

Azərbaycan ordusuna pərəstiş və dərin məhəbbətlə, şəhidlərimizin ruhuna hörmət və ehtiramla, daha böyük zəfərlərə inamla, sabaha ümidlə…

Eşq olsun Ali Baş Komandana!

Yaşasın Azərbaycan ordusu!

Eşq olun Azərbaycan xalqına!

Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

İndi isə düşmən Ali Baş Komandanımızın rəhbərliyi altında azad olunan hər bir qarış torpağa, onun and içib alnına qoyduğu bayrağımıza baş əyir.

Səmanə Cavadova,

BDU-nun Kimya fakültəsinin tələbəsi

Bənzər yazılar