Dünya durduqca Azərbaycan da yaşayacaq. Çünki Heydər Əliyev siyasi kursunun İlham Əliyev kimi uğurlu, layiqli davamçısı və eyni zamanda əbədiyaşar dövlət xadiminə hər zaman sadiq xalqı var. Azərbaycanın haqq səsini yer kürəsinə dünyanın müxtəlif dillərində çatdıra biləcək müasir lideri var. Cənab İlham Əliyevin rəhbərlik etdiyi, günü-gündən inkişaf edib düşmənə göz dağı olan müstəqil Azərbaycan var. Bu fikirlər “HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER” adlı essemdəndir. Bir daha təkrar etməyi özümə mənəvi borc bildim. Çünki hər bir azərbaycanlının sevimli rəhbəri olan, dövlətinə və xalqına şərəflə xidmət etmək missiyasını çiyinləri üzərində yüksəklərə qaldıran İlham Əliyev həm Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirir, həm də azərbaycançılıq idealogiyasını yaşadır. Və ən başlıcası, Qarabağ problemi Cənab Prezidentimiz İlham Əliyevin siyasi xəttinin əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin: “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” fikirlərini reallığa çevirmək isə Ali Baş Komandanımızın qarşısında duran ən ümdə məsələdir.

İlham Əliyev şəxsiyyəti qloballaşan dünyanın nəbzini tuta bilməklə yanaşı, həm də uzaqgörən rəhbər kimi sübut etdi ki, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox uğura imza atmaq olar.

“Bizim sözümüz imzamız qədər keçərlidir” deyən, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev məqsədyönlü və yorulmaz fəaliyyəti nəticəsində hər dəfə gördüyü işlərlə sübut edirdi ki, “qondarma Dağlıq Qarabağ” problemi beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda sülh və yaxud müharibə yolu ilə öz həllini tapacaqdı.

Özünü xalqın birinci xidmətçisi hesab edən sadə, təvazökar, səmimi lider dəfələrlə doğum gününü xalqın həssas təbəqələri ilə birlikdə qeyd etmişdir. Düz 9 il bundan öncə, yəni 2011-ci ildə dövlət başçısı 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirdi. Məcburi köçkünlərlə görüşüb ad gününü Şuşada qeyd etmək arzusunda olduğunu bildirdi. Hər dəfə doğum gününü əsgərlərlə, qaçqın və köçkünlərlə, şəhid ailələrilə, fiziki qüsurlu şəxslərlə keçirən İlham Əliyevin xalqını canı qədər sevdiyinin şahidi olduq. Gördüyü işlərlə hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi.

Hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayan İlham Əliyev onlarla hər görüşündə doğma dədə-baba torpaqlarına tezliklə dönəcəklərini dilə gətirib. Bu arada 2018-ci ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının yenidən Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı Qarabağla bağlı: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur” fikirlərini xatırlayıram.

Geniş dünyagörüşünə, yüksək biliyə və mədəniyyətə malik olan İlham Əliyev müasir rəhbər və güclü siyasətçi kimi hər zaman erməni işğalçılarının təcavüzkar mövqeyini beynəlxalq aləmdə ifşa etmiş, xalqının haqq səsini yüksək tribunalardan dünyaya çatdırmışdır. Dahilərdən biri, Mark Avreli yazırdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər. Həqiqətən də xalqın gücü və qüdrəti onun rəhbərinin bütün fəaliyyəti dövründə özünü göstərirdi.

“Xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir” deyən İlham Əliyev hər zaman xalqa arxalandı, həmişə xalqına arxa durdu.

2020-ci il 27 sentyabr tarixində Azərbaycan yenidən Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldı. Dahi rəhbərin, güclü ordunun, yumruq tək birləşən xalqın gücünə düşmən 44 gün tab gətirə bildi. Düşmənin sonrakı aqibəti isə bütün dünya ictimaiyyətinə məlumdur.

Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə etinasızlıq göstərib. Məhz bu illərin əvəzini də ordumuz yağı düşməndən 27 sentyabrdan başlayan haqq savaşında aldı. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bərabər, həm də tarixi ədalət bərpa olundu. Tarixi ədalətin, beynəlxalq hüququn Azərbaycan tərəfində olması, üstəlik də şanlı ordumuzun yenilməzliyi və xalqın mənəvi səfərbərliyi düşmənə ağır məğlubiyyətdən, rüsvayçı kapitulyasiyadan başqa bir şans vermədi.

Xalqımızın, torpağımızın 30 ildə başına gətirilən müsibətləri Azərbaycan ordusu 44 gündə düşmənin burnundan gətirdi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Tam qələbəmizə açılan yol isə 8 noyabr tarixindən keçdi. 1905, 1920 və 1992-ci ildə düşmən tərəfindən yandırılan, viran qoyulan müqəddəs Şuşa şəhəri Azərbaycan əsgərinin əlbəyaxa döyüşü, qılınc və qalxanı ilə azad olundu. Tarixi Şuşanın tarixini qoruyan Ali Baş Komandanımız xalqa: “Şuşa azaddır!” xəbərini çatdırmaqla bu xalqı bir daha dirçəltdi. Xalqın Şuşa əzəmətini özünə qaytardı. Bu 44 gün ərzində xalq Ali Baş Komandanın zəfər xəbərləri ilə nəfəs aldı, sevinc göz yaşları axıtdı. Xalq bir daha böyüdü, bir daha yenidən dirçəldi.

Bundan sonra Azərbaycan xalqı 8 noyabr tarixini həm Şuşanın azadlığı, həm də “Zəfər Günü” kimi qeyd edəcək. Azərbaycanımızın hər bir qarış torpağında dalğalanan milli kimliyimizin simvolu olan ay-ulduzlu müqəddəs hilalımız bundan sonra “Bayraq Günü”ndə daha vüqarla dalğalanacaq. Bütün bu uğurlara görə torpaqlarımızın azadlığını, bütövlüyünü təmin edən: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” deyən Ali Baş Komandanımıza borcluyuq. Dahi rəhbər Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə bərabər həm də dəfələrlə qeyd etdiyi: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır” sözünün imzası qədər keçərli olduğunu bütün dünyaya sübut etmiş oldu.

Xalq həqiqətən də çox xoşbəxtdir ki, tarixin zəfərli günlərinə şahidlik edir. Bu məqamda Ali Baş Komandanımızın: “Prezident o vaxt sevinir ki, onun xalqı sevinir” fikirləri yada düşür. Bu günlər həqiqətən də həm xalqın, həm də Cənab Prezidentimizin sevincli, xoşbəxt günləridir. Bu sevinci bizlərə yaşadan qətiyyətli Ali Baş Komandanımıza, qüdrətli ordumuza təşəkkür edirik. Xoşbəxtliyimiz əbədi olsun!

 

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar