Dövlət başçısı Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib

“Biz Şuşanı alacağıq…”

1992-ci ilin əvvəllərində erməni polkovnik Arkadi İvanoviç Ter-Tadevosyan Rusiyanın populyar “Sobesednik” (“Həmsöhbət”) həftəliyinə müsahibə vermişdi. İki rus müxbirin hazırladığı o cəfəng yazı Azərbaycan xalqına qarşı nifrət hissləri aşılayırdı. Mən həmin müsahibəyə redaktoru olduğum “Mübarizə” qəzetinin 22 fevral 1992-ci il tarixli nömrəsində cavab yazmışdım.

Tiflisdə doğulan, Bakıda Ali Ümumqoşun Komandirlər Məktəbində hərbi təhsil alan erməni faşisti açıq-aydın bizi hədələyirdi: “Biz Şuşanı alacağıq…”

Əfqanıstan müharibəsində “Dağ tülküsü” ləğəbi ilə tanınan, sonralar Qarabağ müharibəsində “Komandos”a dönən qaniçən Arkadi Ter-Tadevosyanın müsahibəsindən çevirdiyim və qəzetdə dərc etdiyim həmin yazının bir abzasını burada olduğu kimi verirəm:

“Dağınıq dəstələri… biz indi ordu strukturlarında birləşdiririk. Bütün döyüşçülər könüllülərdir. Hətta məktəbliləri də qəbul edirik. Düzdür, hələlik onlar əməliyyatlarda iştirak etmirlər. Kim bilir, həyatımda ikinci dəfə üz-üzə gəldiyim bu mənasız müharibə necə başa çatacaq. Mən Əfqanıstanda olmuşam. Kimin necə vuruşduğunu öz gözlərimlə görmüşəm. Bəziləri ipə-sapa yatmayan azğın təkəbbürlərin qurbanı olurdu, bəziləri isə qarət edilmiş qızılla, valyuta ilə ciblərini doldururdu… Planlarımız haqqında, aydındır ki, heç nə deməyəcəm. Amma biz Şuşanı alacağıq. Hərbçi olsam belə, hətta mən də o tərəfdən müntəzəm eşidilən top gurultusuna daha dözə bilmirəm. Şəhərin (Şuşanın – Red.) yerləşdiyi mövqe hərbi əhəmiyyətə malik əlverişli yer olduğuna görə paytaxtımıza (Xankəndiyə – Red.) uçan “Alazan” raketləri məhz oradan atılır, şəhər məhz oradan demək olar ki, fasiləsiz olaraq avtomat-pulemyot atəşinə tutulur…”

Bir daha xatırladıram: həmin müsahibə Sovet İttifaqının hər yerinə kütləvi tirajla yayılan, hətta xarici ölkələrdə belə oxunan məşhur rusdilli nəşrin 1992-ci il 6-cı nömrəsində verilmişdi…

Mənim “Biz Şuşanı alacağıq…” adlı cavab yazım isə “Mübarizə” qəzetinin 22 fevral 1992-ci il tarixli nömrəsində çap olunub… Amma o zamankı Azərbaycan rəhbərliyi bu cür harayları, bu mövzuda taleyeklü xəbərdarlıqları nəzərə almaq iqtidarında deyildi…

Elə həmin “Mübarizə” qəzetinin ilk səhifəsində”ənənəvi olaraq “Redaktor: sözün kəsəsi” rubrikasında dərc etdirdiyim “Qeyrət” adlı yanğılı yazım isə bu cümlələrlə başlayırdı:

“Qarabağ od içindədir…

Təkcə Qarabağmı?..

Azərbaycan qan ağlayır…

Yanan təkcə kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz deyil, abidələrimiz, yaddaşımız, tariximizdir…

Hər gün qarış-qarış, addım-addım düşmənlərə təslim edilən, murdar erməni tapdağından zillət çəkən torpaqlarımızın iniltisi yalnız başsızlarımızın qulağına çatmır, qardaş!..”

Çatmadı da… Nəticə isə çox acınacaqlı, daha doğrusu, fəlakətli oldu…

Bu hay-haraydan heç üç ay keçmədi, 8 may 1992-ci ildə Şuşa işğal olundu…

Şuşanı ələ keçirəndən sonra verdiyi müsahibədə polkovnik Arkadi Ter-Tadevosyan lovğa-lovğa deyirdi:

“Şuşanın coğrafi mövqeyi, relyefi, yerləşdiyi məkan o qədər mürəkkəbdir ki, həmin ərazidə hərbi əməliyyatlar keçirmək bir çox hallarda mümkünsüzdür. Amma biz bunu bacardıq… Biz mümkün olmayan bir məsələni mümkün etdik, biz Şuşanı aldıq…”

Bu isə Britaniyalı jurnalist, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın illər keçəndən sonra – 2003-cü ildə Nyu Yorkda nəşr etdirdiyi “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazdıqlarındandır:

“1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatına amansız zərbə oldu. Bir bakılı intelligent mənə dedi: “Bu xəbər bizə çatanda mən və mənim bir çox dostum sadəcə, hönkür-hönkür ağladıq”…

 

“Hanı millətin yiyəsi?..”

 

Mən isə 9 may 1992-ci ildə “Mübarizə” qəzetinin ön səhifəsində qara çərçivə içərisində ürəkağrısı ilə oxucularımıza və bütövlükdə xalqımıza “Hanı millətin yiyəsi?” sualını ünvanladım:

“Aman dağlar, yaman yerdə axşamladıq… Qəm ələndi başımıza, kədər çıxdı qarşımıza…

“Birlik! Birlik!” – deyə-deyə parçalandıq, paralandıq, qəlbimizdən, könlümüzdən yaralandıq…”

Aman dağlar, ya biryolluq çalxalanmaq, ya biryolluq adımızı tarixin qan yaddaşından silmək gərək… Ya biryolluq durulaşmaq, zirvələşmək, ya biryolluq ölmək gərək!..”

Yazımın sonunda sızlaya-sızlaya qələmə aldıqlarıma poetik çıxış yolu arayırdım:

 

Arzudu, amaldı, saf məhəbbətdi,

Təmiz bir ürəyə yerləşə bilər.

Taleyi fırlanıb çətinə düşsə,

Bir əldə yumruq tək birləşə bilər, –

Vallah, bu millətin yiyəsi yoxdu…

 

Lap sonda isə “Qəfildən səs” ümidinə köklənirdim:

 

– Millətin yiyəsi var!..

– Varmı?

– Bəli!..

– Varsa, qoy bir addım çıxsın irəli!..

 

Axır ki o gün yetişdi: Vətənə, bayrağa, millətə yiyə dura biləcək lider gəldi: mənfur sovet rejiminin təqibindən yaxa qurtaran Heydər Əliyevin əvvəlcə Naxçıvana, oradan Bakıya gəlməsi xeyli yubansa da, xalqın istəyinin, xalqın tələbinin qarşısında heç nə duruş gətirə bilmədi. Xalq 1993-cü ilin iyununda Azərbaycanın rəhbəri kimi alqışladığı müdrik rəhbərinə inandı. Xalq – iqtidar birliyi yarandı. Ölkədə işığa doğru dönüş başladı. Elm, təhsil, mədəniyyət, xalq təsərrüfatı – bütün sahələr dirçəliş yoluna qədəm qoydu… Ən əsası ölkədə nizami ordu quruculuğu ciddi vüsət aldı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam etdirildi…

O vaxtlar Heydər Əliyev inamla deyirdi:

“Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin dayağıdır”.

Ulu öndərin bu sözlərinə də diqqət yetirin:

“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!”

Bəli, bu gün xalqımız əminliklə deyə bilər ki, 1993-cü ildən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli səhifələrindən biri Azərbaycan Ordusunun yenidən qurulması ilə bağlıdır…

 

“Dağlarda toy” əməliyyatı – “Dağlarda vay” fəlakəti

 

Hələ 28 fevral 1992-ci ildə – Xocalı soyqırımından iki gün sonra erməni quldur qüvvələrinin komandanı polkovnik Arkadi Ter-Tadevosyan öz müavini “Syamo” ləqəbli Samvel Babayanla birlikdə Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat planı hazırlayıb Ermənistanın müdafiə naziri Vazgen Sərkisyana təqdim etmişdilər. Bu ağlasığmaz işğal planının həyata keçiriləcəyi təqdirdə 33 yaşlı nazir Vazgenə Şuşa dağlarında toy çaldırmağa qərar vermişdilər. Ona görə də Şuşanın işğalı ilə nəticələnmiş əməliyyatın şərti kod adı “Dağlarda toy” idi. Xatırladaq ki, Vazgen Sərkisyan 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində terror aktı nəticəsində qətlə yetirilən zaman da subay idi.

Unutmayaq: murdar hərbçi Arkadi Ter-Tadevosyan 1990-cı illərdə – Sovet İttifaqı dağılan ərəfələrdə Dağlıq Qarabağ ərazisini Azərbaycandan qoparmağa çalışan silahlı dəstəyə başçılıq edib, Ermənistanın Azərbaycanla sərhəd olan kəndlərində xalqımıza qarşı təxribatlar törədib. “Sasunlu David” quldur dəstəsinə hər cür kömək göstərib.

Ordu komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum əmrini 4 may 1992-ci ildə imzalasa da, əslində ermənilər aprel ayının 27-dən Şuşanı atəş hədəfinə almışdılar.

Şuşanın işğalından sonra hər üç quldur ənam aldı – 25 may 1992-ci ildə Arkadi Ter-Tadevosyana general-mayor rütbəsi, onun sağ əli olan Vazgen Sərkisyana isə 1996-cı ildə general-leytenant rütbəsi verildi. Müdafiə naziri Vazgen Sərkisyan isə daha sonra Ermənistanın baş naziri oldu…

 

1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınan erməni vandalı Arkadi Ter-Tadevosyan 31 mart 2021-ci ildə İrəvanda cəhənnəmə vasil oldu…

Vaxtilə “Biz Şuşanı alacağıq” – deyən, çirkli niyyətini həyata keçirən qaniçən erməni müzəffər Azərbaycan Ordusunun Şuşanı azadlığa qovuşdurduğunu görə bildi. Erməni işğalının puçluğuna şahid oldu. Bakıda kəsdiyi halal çörəyə haram qatan “Dağ tülküsü”nün gözü ovuldu…

Maraqlı bir fakt. 2020-ci ilin avqustunda, yəni Tovuz hadisələrindən sonra Ermənistan ordusunun general-mayoru Arkadi Ter-Tadevosyan yeni açıqlama vermişdi. Erməni mediasının yaydığı məlumata görə, general Tovuz istiqamətində iyulda baş verən döyüşlərin payızda Qarabağda təkrarlana biləcəyini söyləmişdi. Onun fikrincə, əməliyyatlar yenidən başlasa, Ermənistan ordusu üçün çətin olacaq:

“Düşünürəm ki, hər şey Rusiyanın özünü necə aparmasından asılı olacaq. Pis olan odur ki, biz çətin vəziyyətə düşəndə başqalarını ittiham edirik, ruslar bunu etmədi, onu etmədi və s. Amma biz özümüz də səhv edirik və bu barədə susuruq. Bəli, Rusiya var və get-gedə biz ondan uzaqlaşırıq. Qarabağda növbəti hərbi addımlar oktyabr-noyabr aylarında atıla bilər. Əməliyyat başlasa, bizim üçün çətin olacaq”.

Birinci Qarabağ müharibəsinin əsas qulduqrlarından olan peşəkar hərbçinin bu etirafı əslində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında zəifliyini, acizliyini, gücsüzlüyünü subuta yetirirdi.

Bu məqamda yanvarın 14-də Şuşa şəhərində möhtəşəm üçrəngli bayrağımızı ucaldan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısında çıxışı yada düşür:

“Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına

bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.

 

Şuşa işğalından Şuşa zəfərinə

 

Düz 28 il 5 ay kədərlə, nigarançılıqla ümidlə torpaqlarımızın erməni vəhşilərindən xilas ediləcəyi vaxtı, Zəfər gününü, Qələbə bayramını gözlədik…

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı başa çatdıra bilmədiyi böyük ideyaları, ülvi arzuları, nəhəng planları, miqyaslı işləri onun layiqli varisi İlham Əliyev qətiyyərtlə davam etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir.

Ötən müddət ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması sahələrində həyata keçirilən tədbirlər bunu bir daha təsdiq edir…

İllər öncə dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibətilə çıxışında deyirdi:

“Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir.

Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır”.

Ali Baş Komandanın dedikləri döyüş meydanında öz real təsdiqini tapdı:

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Qarabağda apardığı uğurlu əks hücum əməliyyatı nəticəsində özü haqqında uydurma mif yaratmış Ermənistan ordusu darmadağın edildi.

Erməni vandallarının işğalı altında inləyən torpaqlarımız Ali Baş Komandanımızın qətiyyəti, Silahlı Qüvvələrinin şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində 44 gün ərzində azadlığa qovuşdu.

2020-ci il noyabrın 8-də mətin əsgər və zabitlərimiz Şuşanı murdar yağının tapdağından qurtardı. Əfsanəvi Şuşa zəfəri dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Şuşanın işğaldan azad edildiyi gün – noyabrın 8-i Zəfər Gününə çevrildi.

Ali Baş Komandanımız xalqa müraciətində vüqarla, qürurla, iftixarla: “Əziz Şuşa, sən azadsan!” – söylədi.

Qəsbkar Ermənistan noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə təslim aktını imzalamağa məcbur oldu.

Dövlət başçısının vurğuladığı kimi, “düşmən bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik”.

Vaxtilə Ümummilli lider Heydər Əliyev deyirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

İllər ötür, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqa müraciətində belə bəyan edir:

“Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə

yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Şuşanın gözü yolda…

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Sərəncamda qeyd olunduğu kimi: “Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir”.

Əslində dövlət başçımız bu məsələni bir neçə dəfə vurğulayıb. Məsələn, o hələ 2021-ci il yanvarın 5-də mədəniyyət nazirini təyin edərkən deyir:

“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Artıq erməni işğalından azad edilmiş Şuşada bərpa və quruculuq işləri uğurla davam edir. Şuşaya əsl həyat qayıdır. Qafqazın mədəniyyət beşiyi olan Şuşa “Xarı bülbül” Muğam Festivalına, Molla Pənah Vaqif Poeziya günlərinə hazırlaşır.

İndi Türk mənəviyyatının incisi sayılan Şuşamız ali mənəvi haqqı olan ilk qonaqlarını – Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyir…

Bu müjdəni qardaş ölkələrin qardaş liderləri verib.

Bu yaxınlarda Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib:

“Türkiyə şirkətlərinin iştirakı ilə Şuşa şəhərinə avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında belə söyləyib:

“Ramazan ayından sonra qardaşımla (Prezident İlham Əliyev nəzərdə tutulur – red.) birgə Şuşanı ziyarət edəcəyik. Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram”.

Bu tarixi səfər böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarının daha bir əyani göstəricisi olacaq…

Yaddaşımda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindəki bu cümlələr səslənir:

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Knyaz ASLAN

Bakı Dövlət Universiteti

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri,

Birinci Qarabağ müharibəsi veteranı

Bənzər yazılar