Vətən! Bu kəlmə təmiz ürəklər qədər saf, pak, müqəddəsdir. Bu söz ana südü kimi şirin, ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.

Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodqalarından qopub?! Doğulub boya-başa çatdığımız torpaq, doğma yurd, od-ocaq yeri barədə deyilən “vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss edib, ona da ana dedik- Ana Vətən! Odlar yurdu! Odlar ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!

El bilir ki, sən mənimsən

Yurdum, yuvam, məskənimsən

Anam doğma vətənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi, sözü qalan “ Qoca Şərqin qapısı”, Nizamilər, Füzulilər, Nəsimilər, Vurğunlar, Sabirlər, Üzeyirlər yetişdirən ana torpaq, sən nə qədər müqəddəs, ülvi, doğmasan.

1918-ci ilin bir yaz günündə Azərbaycan torpağında istiqlal günəşi parladı- 28 May günəşi. Həmin günəş Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Müstəqil dövlətimizin ilk hökumətini qurmaq Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci ilin iyun ayında Azərbaycan hökuməti Tiflisdən Gəncəyə, sentyabrın 15-də isə Bakıya köçdü. Təəssüf ki, Azərbaycan üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Rusiya imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edilərək “Qırmızı imperiya”ya ilhaq olunmasına səbəb oldu.

70 il imperiya əsarətində qaldıq. Böyük qardaş dediyimiz Rusiya sərvətlərimizə sahib, canımıza qənim çıxdı.

Əzildik, lakin şükürlər olsun ki, üzülmədik. 70 ildən sonra, nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağı başımız üzərinə qaldırdıq.

Bu istiqlal və azadlıq bizə heç də ucuz başa gəlmədi. 20 Yanvar… Qarabağ… Xocalı… Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli qızlarımızı itirdik. Neçə-neçə vətən övladı azadlığımızın şəhidi oldu, ölümü ilə ölümsüzlük qazandı. Doğma diyarımızın beşdən bir hissəsini Rusiyanın üstümüzə qısqırdığı erməni tapdağına verdik. Bir milyon soydaşımız yurdundan qovulub didərgin salındı.

1988-ci ildə xalq öz ərazisinin bütövlüyü uğrunda mübarizəyə qalxdı. Erməni siyasətçiləri min cür hoqqabazlıqla çalışırdılar ki, Qarabağı Ermənistana birləşdirsinlər. Sonra isə zor gücü ilə bir sıra şəhər və kəndlərimiz viran edildi.

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən bu müdhiş gecədə Sovet tankları şəhərə daxil olaraq yüzlərlə dinc əhalini güllə-baran etdi.

20 Yanvar şəhidlərinin dəfn mərasiminə milyona yaxın insan gəldi. Azadlıq meydanında çəkilmiş mərasimin kadrlarına baxdıqda, insanın ruhu riqqətə gəlir.

Bu, o illər idi ki, xalq qətiyyətlə öz müstəqilliyini tələb edirdi. Bakı qaynayırdı- mitinqlər, meydanlarda ocaqlar. Düşmən isə öz növbəsində torpaqları işğal etməkdə davam edirdi. Qəhrəman oğul və qızlarımız vətənimizi qorumaq uğruna canlarını fəda etdilər. Salatın Əsgərova, Yuriy Kovalev, Məzahir Ələkbərov, Çingiz Mustafayev və minlərlə digər həmvətənlərimiz torpaqlarımızın müdafiəsi yolunda şəhid oldular.

1993-cü ildə Heydər Əliyev ardı-arası kəsilməyən mitinqlərə son qoydu, 1994-cü ildə isə Qarabağda müharibəni müvəqqəti olaraq dayandırdı. Yavaş-yavaş ölkədəki vəziyyət normal hal almağa başladı. Heydər Əliyev mövcud siyasi vəziyyətin və iqtisadiyyatın stabilləşməsi üçün böyük zəhmətlərə qatlaşdı. Xaricə çoxlu səfərlər edən Heydər Əliyev Qarabağın işğalı barədə dünya ictimaiyyətinə həqiqəti çatdırdı. BMT-nin illik iclasında çıxış edən prezident, Qarabağ müharibəsinin dəhşətli nəticələri barədə məruzə etdi.

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olub. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldi. 1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycanın sayca üçüncü prezidenti seçildi.

Həqiqətən bu, Azərbaycan tarixinin böyük bir dövrüdür. Avtoritet, müdrik və uğurlu siyasətçi olan Heydər Əliyev 34 il məmləkətimizə rəhbərlik edib.

H. Əliyev fantastik zəhmətkeşliyə malik şəxs idi. Onun iş günü 11-12 saat davam edirdi. O, gözəl natiq idi və heç bir çətinlik çəkmədən, əvvəlcədən hazırlaşmadan hər hansı mövzu barəsində saatlarla danışa bilərdi.

İkinci dəfə hakimiyyətə gəldikdən sonra o, Azərbaycanın müstəqilliyi üçün çoxlu işlər gördü. Vətəndaş müharibəsinə sürüklənmiş ölkəni xilas edən Heydər Əliyev məmləkətə tarixi perspektiv bəxş etdi.

1993-cü ildə siyasi böhran yarandığı vaxt, ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə alan bir şəxs tapılmadı. Bu ağır işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev gələ bilərdi və gəldi də. Məhz buna görə də, onu dünyanın ən böyük siyasi xadimlərindən saymaq olar.

Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə sözün müstəqil mənasında əsl azərbaycanlı idi. Onun həyatsevərliyinin, bitib-tükənməyən həvəsinin təməlində Ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Həyatı və fəaliyyəti boyu xalqını arxa sanan və özü də xalqa dayaq duran şəxsiyyət idi.

2003-cü ildə H. Əliyev gözlərini əbədi yumdu. Azərbaycan böyük, igid, mərd oğlunu itirdi. O zaman birinci sinifdə oxuyurdum və bu hadisədən dərin kədər hissi yaşadım. Hislərimə şərik olan anam Heydər Əliyev haqqında şeir yazdı və onun doğum günündə, məktəbimizdə keçirilən tədbirdə həmin şeiri səsləndirdim:

Heydər baba, sən getdinsə, adın qaldı

dilimizdə.

Ruhun gəzib dolaşacaq obamızda,

elimizdə.

Unutmarıq heç bir zaman, məhəbbətlə

qalacaqsan qəlbimizdə

Nə qədər ki, Azərbaycan

Nə qədər ki, bu millət var!

Sən də varsan, Heydər baba!

Azərbaycan yaşadıqca, yaşayacaq

Heydər baba!

Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki onun xalqı illərlə gedən haqq mübarizəsində zəfər qazandı. Ata vəsiyyətini yerinə yetirən Cənab Prezident İlham Əliyev doğma yurd həsrətinə son qoydu.

Bütün dünya xalqları bilsin ki, Xətainin, Cavanşirin, Babəkin, Heydər Əliyevin və bütün azərbaycanlıların vətəni olan Azərbaycan öz xalqına məxsusdur!

Ey Vətən, sən bizimsən!

 

Leyla İlqar

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Bənzər yazılar