Hər il may ayının 10-da xalqımız çox böyük məhəbbətlə ulu öndərimiz, dünyanın ən tanınmış, nüfuzlu siyasətçilərindən biri olmuş  Heydər Əliyevin dünyaya gəldiyi günü bir bayram kimi qeyd edir. May ayının 10-u yaz fəslinin ən gözəl günlərindən biridir. Allah bu dahi insanı ən gözəl günlərin birində yer üzünə gətirib. Həmin vaxt Naxçıvanda təbiətin dil açıb danışdığı, qızılgüllərin ətrinin yüzlərcə çiçəklərin ətrinə qarışdığı, günəşin incə şəfəqlərinin körpə, yaşıl budaqları nəvazişlə oxşadığı, əsən asta mehlərin ətrafdakı dağların xeyir-duasını yaydığı bir vaxtdır. Yer üzünün belə gözəl vaxtında dünyaya göz açan körpələr dünyanın doğmalığını daha çox hiss edirlər. Allah xalqımızın belə böyük bir tarixi şəxsiyyətini də həmin gün bizə bəxş eləyib.

Bunu hər kəs təsdiq edir ki, Heydər Əliyev kimi nəhəng insanlar yer üzünə neçə yüz ildə bir gəlir. Onlar öz xarakterləri, istedadları, davranışları, əməlləri ilə hamıdan seçilirlər. Yaşlı insanların şahidlik etdiyi kimi, bu dahi insan hələ ilk uşaqlıq illərindən öz fərasəti, zəkası, çalışqanlığı, cəsarəti ilə fərqli bir uşaq olub. Hamının diqqətini cəlb eləyib. O elə bütün ömür boyu da öz fenomenial qabiliyyəti, böyük əməlləri ilə hamıdan seçilib. Yer üzünün hər tərəfində tanınan bir insan olub. Onun barədə fikir söyləmək üçün bir məqalə yox, minlərlə məqalələr, kitablar, filmlər bəs etməz. Onu tanıyanların, yaxından görənlərin hamısının bu fövqalədə insan haqda deməyə xeyli sözü var. O, nəhəng, ucalardan uca bir dağdır. Onun haqda danışanlar bu dağda öz gözünə görünən az bir şeylərdən danışırlar.

Öz doğulduğu günü tarixdə şöhrətləndirmək, insanlara sevdirmək, bayrama çevirmək hər adama qismət olmur. 1923-cü ilin 10 may günündə tarixdə minlərlə hadisələr olub. Amma məhz ulu öndərimizin yer üzünə gəlməsi həmin günü bu qədər şöhrətləndirib. Həmin gün, özündən sonra bütün tarix boyu gələcək 10 may günlərini də xeyli şərəfləndirib, işıqlandırıb, milyonlarla insanın səbirsizliklə gözlədiyi günə çevirib.

Ulu öndərimizin yer üzünə gəldiyi dövr həm bütün dünya, həm də Azərbaycan üçün olduqca ağır, çətin, gərgin, eyni zamanda hər kəsdən ayıqlıq, bacarıq, qabiliyyət tələb edən bir dövr olub. Azərbaycanda da öz mövqelərini bərkitməyə başlayan Şura hökuməti Naxçıvanda da öz dəsti-xəttini yaradırdı. Bir tərəfdə iqtisadi çətinlik, aclıq, insanların güzəranının ağırlığı, digər tərəfdə isə sovet ideologiyasının bütün insanlara sabah haqda verdiyi ümid. Bu ümid içində uşaqlara verilən diqqət.  O zaman Naxçıvanda xüsusi bir tarixi şərait formalaşmışdı. Böyük Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, onlarca başqa Naxçıvan ziyalılarının, savadlı din xadimlərinin, müdrik insanların təsiri altında formalaşan bu mühit balaca Heydərin daxili potensialının açılmasında, formalaşmasında əlahiddə bir rol oynadı.

Yaşlı adamların xatirələrindən məlum olur ki, ulu öndərimiz həm orta məktəbdə oxuduğu illərdə, həm də əmək fəaliyyətinə başladığı ilk illərdə Naxçıvanda öz xarakteri, çevikliyi, iradəsi, zəkası, qəddi-qamətli yaraşığı ilə hamıdan seçilib. Elə o vaxtdan ictimai həyatda mühüm rol oynamağa başlayıb. 18 yaşından Naxçıvan Muxtar Respublikasında, Daxili İşlər Komissarlığında əmək fəaliyyətinə başlayıb. 21 yaşında təhlükəsizlik orqanlarına  keçib. Nümunəvi fəaliyyəti ilə diqqəti cəlb edib və  Leninqradda(indiki Sank-Peterburq) və Moskva şəhərində təhlükəsizlik sahəsində xüsusi ali təhsil almışdır. Daha sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 25 il təhlükəsizlik orqanlarında çalışdığı zaman böyük həyat təcrübəsi toplamış, bu orqanlarda milli kadrların yetişməsinə xüsusi diqqət vermişdir. 1967-ci ildə o vaxtki milli kadrlara qarşı sovet ənənələrini qıraraq, öz qabiliyyəti hesabına Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gəlmişdir. Həmin il o həm də general-mayor rütbəsi almışdır. Onun bu Komitənin sədri vəzifəsində çalışması bütün sahələrdə milli kadrlarımızın yetişməsində, onlara qarşı olan sovet rejiminin bir çox məhdudiyyətlərin ortadan götürülməsində mühüm rol oynamışdır. Müstəqillik illərimizdə bir çox yazıçılarımız, alimlərimiz, müxtəlif sahələrin təmsilçisi olan ziyalılarımız bunu etiraf etmişlər.

1969-cu ilin 16 iyul tarixi xalqımız üçün olduqca mühüm bir tarixdir. Həmin gün öz fəaliyyəti ilə artıq həm ölkədə, həm də bütün SSRİ miqyasında diqqəti cəlb edən 46 yaşlı Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin  birinci katibi seçilmişdir. Bununla da, xalqımızın həyatında böyük dəyişikliklər başlamışdır. Fəaliyyətə başladığı ilk günlərdən hamı ölkədə mühüm, müsbət dəyişikliklər getdiyinin şahidi olmuşdur. Böyük quruculuq işləri gedən Azərbaycanın nüfuzu bütün SSRİ-də yüksəlməyə başlamışdır. Ümumittifaq büdcəsindən Azərbaycanın inkişafı ilə bağlı ayırmalar artmağa başlamışdır. Azərbaycanın yazıçıları, alimləri, incəsənət xadimləri, əmək qəhrəmanları SSRİ-nin ən nüfuzlu fəxri adlarını, mükafatlarını almağa başlamışlar. O zaman ulu öndərin diqqət verdiyi ən mühüm məsələlərdən biri hər sahədə milli kadrların yetişməsi məsələsi idi. Buna görə də hər il Azərbaycandan Moskvaya, Leninqrada, Kiyevə SSRİ-nin ən qabaqcıl ali məktəbinə təhsil almağa gedənlərin sayı artırdı. Ölkədə milli hərbi məktəblər yaradılırdı. Gənc kadrların yetişməsinə ciddi diqqət verilirdi. Azərbaycanı hər bir sahədəki inkişaf göstəriciləri SSRİ-də ən ön sıralarda olurdu. Azərbaycan hər il, o vaxt üçün çox mühüm, qabaqcıllığın göstəricisi olan SSRİ-nin keçici qızıl bayrağını alırdı. Hələ o dövrdə, Azərbaycanın rəhbəri olsa da, SSRİ-nin həyatında mühüm rol oynayırdı. Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. 1982-ci ildə isə Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci vəzifəsinə təyin olundu. SSRİ-də bir çox mühüm sahələrin idarə edilməsinə rəhbərlik etməyə başladı. Bütün dünya siyasətçiləri, bütün ölkələrin əhalisi onu daha yaxından tanımağa başladı. O, öz parlaq fəaliyyəti ilə SSRİ-də ən nüfuzlu bir siyasi xadimə çevrildi. Onun bu fəaliyyəti eyni zamanda dünyanın bütün müsəlman, türk ölkələri, xalqları tərəfindən də izlənilirdi. Ona SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində öz təmsilçiləri kimi baxırdılar.

1985-ci ildə M. Qorboçovun SSRİ-nin rəhbəri olması ilə ölkədə ciddi dəyişikliklər  baş verməyə başladı. Tezliklə Qorbaçovun türk xalqlarına qarşı mənfur siyasəti özünü göstərməyə başladı. Özbəkistanda, Qazaxıstanda, Azərbaycanda bu siyasət özünü daha çox göstərməyə başladı. 1987-ci ildə belə bir siyasətə etiraz olaraq Heydər Əliyev öz ərizəsi ilə Siyasi Büronun üzvlüyündən və  Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. O, bu vəzifələrdən istefa versə də, qəlbi hər an öz doğma ölkəsinin, doğma xalqının yanında idi.

1990-cı il Bakıda 20 Yanvar qırğınından sonra xalqımız onu daha yaxından tanıdı. O, öz həyatı üçün böyük təhlükə olmasına baxmayaraq, Moskvada, Azərbaycan Respublikasının nümayəndəliyində xalqımızın nümayəndələri ilə görüşdü və baş verənləri kəskin tənqid edərək bəyanat verdi. Etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralaını tərk etdi. Doğulduğu Naxçıvan şəhərinə qayıtdı. Bir müddət sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri oldu. 1993-cü ildə isə  ölkəmizin taleyi təhlükə içinə düşdüyü vaxt, xalqın tələbi ilə Bakıya qayıtdı və Milli Məclisin sədri seçildi. Daha sonra isə ölkəmizin Prezidenti seçildi. Bu xalqımızın tarixində çox mühüm bir hadisə oldu, ölkəmizin dağılmaq təhlükəsi sovuşdu. Bütün dünyada nüfuzlu bir siyasətçi, dövlət xadimi olaraq ölkəmizi xilas edərək böyük quruculuq işlərinə başladı. Beynəlxalq siyasi və iqtisadi əlaqələrimiz sürətlə inkişaf etdi. Ölkə ağır iqtisadi və siyasi böhrandan çıxmağa başladı.   1994-cü ildə ölkəmizin gələcəyi üçün çox mühüm olan, dünyanın 11 ən iri neft şirkətləri ilə Əsrin Müqaviləsi bağlandı. Ulu öndər düşmənlər tərəfindən işğal olunmuş Qarabağ torpaqlarını xilas etmək üçün böyük fəaliyyəti sürətlə genişlənməyə başladı. 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın qəbulu ölkənin inkişafı üçün mühüm şərait yaratdı.

Dahi rəhbərin siyasəti ilə qurulan möhkəmlənən dövlətimizin bünövrəsi xeyli möhkəmləndi. Dövlətimiz ciddi inkişaf, tərəqqi yoluna düşdü. Qarabağ torpaqlarının əlimizdən alınmasının qarşısını almaq üçün çox ciddi sipər yaradıldı. Ulu öndər 2003-cü ildə gözlərini əbədi olaraq yumsa da, onun qurduğu dövlətin möhkəm özülləri sonrakı inkişafımız üçün də ciddi zəmin yaratdı. Onun müəyyənləşdirdiyi siyasət hesabına 2003-cü ildən sonra da hərtərəfli inkişafımız təmin olundu. Layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev bu siyasəti daha da inkişaf etdirdi.

Məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət ölkəmizdə böyük quruculuq işlərinin getməsini sürətləndirdi, beynəlxalq aləmdə əlaqələrimizi xeyli gücləndirdi və nüfuzumuzu artırdı. Məhz bu siyasətin hesabına da biz işğal olunmuş torpaqlarımızı geri aldıq. Təsadüfi deyil ki, sevimli prezidentimiz 44 günlük  müqəddəs müharibəmizin sonunda, Şuşa şəhəri alınanda ulu öndərimizin məzarı önünə gedib ona raport verdi.

Məhz bu siyasətin hesabına indi ölkəmizdə böyük islahatlar getməkdə, xalqımız öz gələcəyinə daha inamla addımlamaqdadır.

Allah ulu öndərimizə rəhmət eləsin!

 

İsrayıl İSGƏNDƏROV, 

ADPU nəzdində ADPK-nın direktoru, dosent

 

Bənzər yazılar