Fatimə xanım Quliyeva kitabımın çapına maddi dəstək verməklə məni mənəvi əzabdan da xilas etmiş oldu”

Gənc yazar Emin Eyyuboğlunun faciələrlə dolu həyat yolu və lap bu bahar günləri kimi yeni-yeni pöhrələnən yaradıcılığı ilə tanış etmək istəyirəm sizləri. Təsadüfi tanışlığımız gələcəkdə ona böyük ümidlər bəsləməyimə əsas verir. Qarşımda gələcəyin maraqlı bir imzası, maraqlı bir yazarının işartılarını görürəm. Təki bundan sonrakı həyat yolu da, yaradıcılıq yolu da uğurlarla müşayiət olunsun…

…Gənc yazar Emin Eyyuboğlu 1999-cu ildə Bakı şəhərinin Maştağa qəsəbəsində doğulub. Körpə yaşlarında atasını, 6 yaşında isə anasını itirib. İkisi də faciəli şəkildə. Neftçi atası dənizdə boğulub, anasını isə qətlə yetiriblər. Ömrünün ilk illərini belə faciəli – dramatik yaşayan Eminin sonrakı taleyi əvvəlcə paytaxtın Sabunçu qəsəbəsində, sonradan “Kubinka” deyilən ərazisində məskunlaşan xalasının himayəsinə və paralel olaraq Maştağadakı internat məktəbinə bağlanıb. İnternatda 9-cu sinfi bitirdikdən sonra isə 18 saylı Bakı peşə liseyində “reklam işinin təşkili” üzrə təhsilini davam etdirib.

Emin deyir peşə liseyində oxuduğu zaman onun kitab oxumağa marağı çox artıb: Birdən-birə hiss edir ki, onun qiraət tələbatını ödəmək təkcə Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmır, o, daha irəliyə can ataraq dünya səviyyəli klassikanı oxumağa başlayır. Qəribədir ki, bütün bunları ondan tələb edən və ya tövsiyyə edən bir kimsəsi olmayıb. Yalnız daxili istəyi Emini ədəbiyyatla, həmçinin tarixlə maraqlanmağa sövq edib. O, Viktor Hüqonu, Fyodr Dostoyevskini və digərlərinin əsərlərini dönə-dönə mütaliə edir.

…və beləliklə Eminin özündə ədəbi yaradıcılığa meyl güclənir. Emin daxilində yaradıcılıq potensialını hiss etdikcə hekayələr yazmaqla qələmini sınayır. Dediyinə görə, hekayələri yazdığı zamanlarda bütün düşüncəsi ilə yalnız qarşısındakı yazının məntiqinə, üslubuna, məzmun və formasına diqqət kəsildiyindən əksərən durğu işarələrini belə yerinə qoymağı unudaraq ancaq irəliyə – təfərrüata doğru can atır. Yəqin ona görə tamamilə kökləndiyi mövzunu sona çatdıra bilməyəcəyindən, nəyisə unudacağından, “ipləri qıracağından” eytiyatlanaraq dayanmadan əlindəki işi sona çatdırmaq istəyir. Amma ürəyinin hökmü ilə yazılarını sonucuna yetirir.

Emin bu minvalla artıq “Səndən sonra”, “Gözəl gözlüm”, “Tilsimlənmiş Şahzadə”, “Ana sevgisi” və s. adlı otuz dörd hekayənin, “İki aşiq” adlı tarixi mövzuda bir romanın müəllifidir. Romanda Roma imperiyası və imperiyanın qurucusu Yuli Sezarın şəxsi keyfiyyətlərindən bəhs edilir. Eminin “İki aşiq” adlı ilk kitabı da elə bir neçə hekayəsi və hələlik yeganə romanından ibarətdir. Bötövlükdə əsərlərinin mövzusunu əsasən tarixi və romantik mövzular təşkil edir. “İki aşiq”də müəllifin təxəyyülündə yaranan başqa bir kral obrazı da var. Emin bu kralın bütün səltənətinin fonunda sonda öz ailəsini seçdiyini ön plana gətirməklə ailə dəyərlərinin hər şeydən yüksəkdə olduğu qənaətini oxucularla bölüşür.

Emini Bakının Masazır qəsəbəsində kimsəsiz uşaq kimi mənzillə təmin edib dövlətimiz. O, bu qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkür etdiyini söyləyir. Bütün başına gələnlərə rəğmən bu günkü güzəranına görə içində bir şükranlıq hissi də var. Ona arxa çıxan dövlətimizə və dövlət başçısına minnətdarlığını da qeyd edir.

…Zaman keçdikcə müəyyən qədər əsərlər yazan Eminin yaradıcılığını oxuculara tanıtmaq, bunun üçün kitab çap etmək istəyi yaranır. Amma kimə müraciət etsin?! Ona daim yaxınlığı ilə seçilən, mütaliə üçün kitabları tapmasında, yazılarının tarixi faktlarla zənginləşməsində yardımçı olan liseyin tarix müəllimi Kamran müəllim bununla bağlı Facebook sosial şəbəkəsində Eminin elan verməsini məsləhət görür. Elana ilk reaksiya verənsə Bakı Biznes və Kooperasiya kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə xanım Quliyeva olur. Fatimə xanım Eminin dramatik, faciələrlə dolu taleyi, acınacaqlı həyat yolu və təbii ki, işıqlı fikirlərindən ibarət yaradıcılığı ilə tanış olduqdan sonra onun kitabının çap olunmasına dəstək vermək qənaətinə gəlir. Bunun üçün əvvəlcə hələ əlyazmalar şəklində olan kitabın – yazıların məzmunu ilə maraqlanır və onun daxilindəki işığı, az yaşı olmasına baxmayaraq dəyərli fikirlərini görüb, bu yazıların çap edilməsinə dəstək verəcəyini bildirir. Belə bir istedadlı soydaşımızın həm yaradıcılığa həvəsləndirilməsi, həm də özünü doğma Vətənində tək-tənha hiss etməməsi üçün ona dəstək olur və beləliklə Emin Eyyuboğlunun ilk kitabı – “İki aşiq” çap üzü görür. Buna görə sonsuz minnətdarlıq hissini dilə gətirən müəllif onu da söyləyir ki, Fatimə xanım hətta onun qeyd etdiyimiz kimi bəzi yerləri nöqtə-vergülsüz ərsəyə gələn yazılarının redaktə işlərini də kollecin dil-ədəbiyyat müəlliməsi Ruhəngiz xanım Yusifovaya həvalə etməklə ona daha bir dəstəyini ifadə etmiş olub. Nəticədə kifayət qədər cilalanmış bir ədəbi nümunə işıq üzü görür və beləliklə Eminin oxucularla ilk görüşü stimullaşdırılır.

Emin deyir ki, kitabın çap olunması üçün bir çox yerlərə müraciət edibmiş. Bir nəticə görməyəndə onu özü vəsait toplayıb çap etdirmək də istəyib. Lakin nə müraciət etdiyi yerlərdən bir xəbər çıxmayıb, nə də təbii ki, özü bu qədər vəsaiti toplayıb kitabı çap etdirə bilmirmiş. Bunu isə özünə dərd edirmiş. Fatimə xanım ona maddi dəstək verməklə yanaşı, onu çəkdiyi bu mənəvi əzabdan da xilas etmiş olub. Həmçinin bildirib ki, məqsədi təkcə Eminin kitabını çap etmək deyil, eyni zamanda onun geniş ictimaiyyətə tanınmasına nail olmaqdır ki, bu istedadlı gənc özünü kimsəsiz hiss etməsin, yaradıcılığını davam etdirsin və hər hansı bir sahədə faydalı işlərlə məşğul olaraq maddi sıxıntılardan da xilas olsun.

Nəzirməmməd Zöhrablı

Bənzər yazılar