«İstiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim iiçün fəlah və nicat ümidi qalmaz. Hökumət bıınu bilir…»

Nəsib bəy Yusifbəyli, IV hökumət kabinetinin proqramından

Bu gün yaranmasından 103 il keçən Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddətdə xalqın təhsili sahəsində həyata keçirdiyi misilsiz işlərə müxtəsər halda bu yazımızda nəzər salmaq və bu böyük irsdən az da olsa, bəhrələnmək istərdik.

Azərbaycan Milli Şuranın Tiflisdə toplanmış 1918-ci ilin 28 may tarixli iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalq maarifinin, elm və mədəniyyətin inkişafını dövlət quruculuğunun təməl prinsiplərindən saymaqla, xalq maarifinin məzmun və struktur cəhətdən müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etdi.

Təhsilə, maarifə belə münasibətin nəticəsi idi ki, hələ Tiflisdə yaranan ilk Müvəqqəti hökumət kabinetinin (28.05.1918-17.06.1918) tərkibindəki 9 nazirlikdən biri Xalq Maarif Nazirliyi ( XMN ) idi. Nazirlik yarandığı ilk gündən AXC-in təhsil siyasətinin əsas istiqamətlərindən olan təhsil müəssisələrinin milliləşdirilməsi məsələsini ön plana çəkdi, ümumi icbari təhsil layihələri hazırladı, kəndlərdə, şəhərlərdə yeni məktəblər açmağa qərar verdi.

AXC II hökumətinin kabinetinin Azərbaycan xalqına ünvanlanmış 17 iyun 1918-ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyata keçirəcəyi tədbirlərdən biri də xalq maarifi, təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında tədrisin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır.

AXC hökuməti öz fəaliyyətinin Gəncə dövründə (17.06.1918 – 17.09.1918) təhsil müəssisələrinin, dövlət orqanlarının milliləşdirilməsi sahəsində müvafiq hökumət tədbirlərinin həyata keçirilməsinin hüquqi bazasını yaratmaq məqsədilə «Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında» 27 iyun 1918-ci il tarixli qərar qəbul etdi [1, 5].

İstər Azərbaycan türkcəsinin dövlət dili elan olunması, istərsə də məktəb və maarif ocaqlarının milliləşdirilməsi ideyası təsadüfi deyildi. Nəzərə alınsa ki, bu proses AXC hökumətinin ən ağır, əslində, «olum, ya ölüm» dilemması qarşısında qaldığı bir tarixi şəraitdə, ölkənin paytaxtı Bakı uğrunda ölüm-dirim müharibəsi getdiyi bir zamanda həyata keçirilməyə başlanmışdı, onda Milli hökumətin həmin tədbirlərə nə qədər böyük əhəmiyyət verdiyini başa düşmək olar. Dövrün reallığı belə idi ki, təhsil sisteminin milliləşdirilməsi, təhsilin ana dilində aparılması uğrunda yarım əsrlik milli mücadilənin o zamankı təmsilçilərinin – hökumətə rəhbərlik edən maarifçi ziyalıların əlinə tarixi fürsət düşmüşdü. Onlar bu fürsətdən yararlanmağı özlərinin və müstəqil dövlətin ən ali vəzifələrindən biri sayırdılar.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər qısa bir vaxt ərzində öz nəticəsini verdi. 1919-cu ilin əvvəllərində respublika ərazisində 23 dövlət orta təhsil müəssisəsi var idi ki, onlardan da 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realnı məktəb, 3-ü müəllimlər seminariyası, 3-ü «Müqəddəs Nina» qız məktəbi, 1-i politexnik və 1-i

kommersiya məktəbi idi. Həmin dövrdə Azərbaycan ərazisində 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 1914-cü ildə yaradılmış Balaxanı realnı qız məktəbinin bazasında oğlanlarla qızların birgə təhsil aldığı gimnaziya yaradıldı. 11 avqust 1919-cu ildə Bakıdakı «Müqəddəs Nina» qız məktəbi Azərbaycan I Milli Qadın Gimnaziyasına, Gəncə və Nuxadakı məktəblər isə uyğun olaraq, Gəncə və Nuxa qadın gimnaziyalarına çevrildi.

Orta təhsilin milliləşməsi də təhsil siyasətinin əsas istiqaməti kimi ilk dəfə məhz Cümhuriyyət dövründə həyata keçirildi. Cümhuriyyətə qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. AXC 28 avqust 1918-ci il tarixli qərar ilə bütün məktəblərdə təlimin Azərbaycan dilində aparılmasını qanuniləşdirdi. Bu işdə Abdulla Şaiqin təşəbbüsü ilə 49 sinifdə Bakı I realnı məktəbinin nəzdində Azərbaycan dili öyrədilən üç aylıq kurs açıldı. Kursu bitirənlər üçün həmin məktəbdə təlim Azərbaycan dilində həyata keçirilən bir sinif (III sinif) açıldı. Həmin sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Azərbaycanda milli kadrların yetişdirilməsində sonralar «Abdulla Şaiq adına nümunə məktəbi» kimi şöhrət qazanmış bu milliləşdirilmiş məktəbin böyük rolu olmuşdur.

Ölkədə peşəkar müəllim kadrlarının azlığı məsələsinin tezliklə həlli üçün hökumət yeni müəllimlər seminariyaları yaratmaq, hazırlıq kursları təşkil etmək və s. istiqamətlərdə iş aparırdı. Türkiyədən dəvət olunmuş 50 nəfər müəllim ölkədə xalq maarifinin yenidən təşkilində səylə çalışır, dərsliklər, tədris vəsaitləri hazırlayır, milliləşdirilmiş məktəblərdə dərs deyirdilər.

Gəncədə maarifçi-xeyriyyəçi Ələkbər bəy Rəfibəyli Türkiyədən müasir təlim verəcək müəllimlərin gətirilməsinə, Gəncəli gənclərin xaricdə təhsil almalarına xeyli səy göstərmişdir.

Qısa bir vaxtda iki məktəb istisna olmaqla bütün orta təhsil müəssisələri milliləşdirilmişdi. Milliləşdirilmiş məktəblərdə «Rus taıixi»nin yerinə «Ümumi türk tarixi», rus məktəblərində isə həftədə 3-4 saat Azərbaycan dilinin tədrisi nəzərdə tutulurdu. Eyni zamanda milliyyəti, dini və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər təhsil hüququ verilirdi [1, 4].

Belə ki, AXC-in IV hökumət kabinetinin Parlamentə təqdim etdiyi Hökumət Proqramında deyilirdi ki, təhsilin milli müstəqilliyin möhkəmləndirilməsində müstəsna rolu nəzərə alınaraq, ümumi icbari təhsil haqqında qanun layihəsi hazırlanmalı və ümumi təhsil müəssisələri şəbəkəsi daha da genişləndirilməlidir. Bu məqsədlə hökumət, ilk növbədə təhsilin məzmunu sahəsində islahatlar aparmaq, yeni dərsliklər hazırlamaq məqsədilə komissiyalar yaradılacağını xüsusi vurğulayırdı. Görülən tədbirlər nəticəsində orta təhsil müəssisələrində oxuyan azərbaycanlıların sayı artdı.

AXC-in təhsil sahəsindəki tədbirlərindən biri də müasir tipli məktəbəqədər tərbiyə müəssisələrinin ilk nümunəsini yaratması oldu. Belə ki, Parlamentin 1 mart 1919-cu il tarixli qərarı ilə Bakıda I Milli Qadın Gimnaziyası nəzdində 1 sentyabr 1919-cu ildə uşaq bağçası təsis olunmuşdu. Beləliklə, Azərbaycanda dövlət təminatında olan Avropa modelli ilk uşaq bağçası təsis edildi. Həmin uşaq bağçası Q.Avropada məktəbəqədər tərbiyənin nəzəriyyəçisi, görkəmli alman pedaqoqu F.Frebelin sistemi əsasında qurulmuşdu. Bu təhsil-tərbiyə ocağının yaradılması göstərir ki, Milli hökumətimizin təhsil quruculuğunda və təlim siyasətində təhsildə fasiləsizlik prinsipi əsas kriteriyalardan biri idi [2].

Cümhuriyyət bu dövrdə təhsildən yayınmış «küçə uşaqları»-nın taleyinə də biganə qalmamış, 1919-cu ilin avqustunda Bakıda həmin uşaqlar üçün dövlət hesabına «Uşaq evi» və «Uşaqlara yardım bürosu» təşkil etmişdi.

Gənc Azərbaycan dövlətinin xidmət sahələrinin ahəngdar işini təşkil etmək üçün, ilk növbədə dəmir yolu, bank, poçt və teleqraf xidməti üzrə milli kadrlar hazırlayan kurslar açmaq nəzərdə tutulmuşdu. 1919-cu ildə hökumət 3 şöbədən ibarət Şərqşünaslıq kursu açmışdı. Həmçinin bu dövrdə kənd təsərrüfatında, sənayedə ixtisaslı mütəxəssislərin, fəhlə kadrlarının, texniki profilli ustaların hazırlanması məqsədilə müvafiq kurslar fəaliyyət göstərirdi [1].

Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək üçün hökumət Azərbaycan müəllimlərinin növbəti – III qurultayını çağırmaq barədə qərar qəbul etmişdi. Qurultayın XMN-ə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradıldı.

Təəssüf ki, komissiya öz işini başa çatdırana kimi Milli hökumət devrildi. Amma buna qədər komissiya həmin məsələlər üzrə müəyyən işlər görə bildi. Belə ki, bu komissiyanın təşəbbüsü və rəhbərliyi ilə müəllim seminariyaları, xalq maarif inspektorları, ali və ibtidai məktəb müdirlərinin 1919-cu ilin dekabrında Bakıda keçirilmiş 15 günlük müşavirəsində bir çox məsələlər geniş müzakirə olunaraq müəyyən təkliflər hazırlandı:

– məktəbyaşlı uşaqları məktəbə cəlb etmək məqsədilə ibtidai təhsilin pulsuz olması qərara alındı;

– müəllimlərin yay aylarında maaşlarının verilməsi, büdcədən məktəblilərə dərman və tədris vəsaitləri üçün pul buraxılması, gimnastika və nəğmə fənləri üzrə istedadlı şagirdlərin üzə çıxarılması, həmin fənləri yüksək səviyyədə tədris edən müəllimlərin mükafatlandırılması, müəllimlərin təqaüdə çıxdıqda nə qədər təqaüd alması müzakirə edildi;

– pedaqoji kursların açılması, müsəlman xalqlarının coğrafiya və tarix xəritələrinin toplanması, pedaqoji muzeylərin açılması məsələləri müzakirə olundu;

– Müşavirənin qərarına əsaslanan nazirlik kəndlərdə hər qəzanın inspeksiyası və yerli müəllimlərin köməyi ilə kəndli oxu dərnəklərinin yaradılmasını təklif etdi. Cümə günü ibtidai xalq məktəbləri müəllimlərinin kənd sakinləri ilə oxu və müsahibə günü kimi müəyyənləşdirildi. Gimnastika fənni səmərəli tədris olunacağı halda gənc Vətənimizin qorunmasına və ordumuzun yaradılmasına əvəzsiz kömək kimi qiymətləndirildi.

– Sinifdənxaric oxu məsələsində hər bir məktəbdə elmin müxtəlif sahələri üzrə türk dilində ədəbiyyat toplayıb kitabxana açmaq qərara alındı.

– uşaq bağçalarının qadınların azadlığında və ictimai həyatda iştirak etməsində rolunu xüsusi qeyd olunurdu, bağçalarının həm dövlət, həm də şəxsi adamlar tərəfindən açılması alqışlandı və s.

– Müşavirənin qərarları, zəngin elmi – pedaqoji fikirlərini XMN müxtəlif əmr, sərəncam, göstəriş formasında reallaşdırdı, proqram, dərslik, metodik vəsait kimi çapını təmin etdi və məktəblərin istifadəsinə verdi.

– müəllimlərin maddi-məişət və başqa qayğılarını öyrənmək və əmək haqlarını artırmaq üçün komissiya yaradıldı.

– həmçinin məktəblərdə şagirdlərə müxtəlif peşələr – cildçilik, çəkməçilik, zənbil və corab toxumaq, dulusçuluq öyrətmək məsələsi də müzakirə edilmişdi.

Çox təəssüf ki, sonralar, sovet hakimiyyəti illərində müəllimlərin AXC dövründə keçirilən III qurultayının (I-1906, II-1907, Ш-1919) üzərindən sükutla keçilmiş və bu qurultaylar hesaba alınmamışdır [1].

AXC hökumətinin maarif müəssisələrinin milliləşdirilməsi sahəsində ilk tədbirlərindən biri, heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun1918-ci il tarixli qərarı oldu. Nəhayət, Qazax seminariyası 1918-ci il noyabrın 10-da təntənəli şəkildə açıldı. Təntənəli iclası giriş nitqilə İ.Ə.Qayıbzadə açaraq, Cümhuriyyəti möhkəmlətmək üçün biliyə yiyələnməyin vacib olduğunu söyləmişdi.

Seminariyaya rəhbərlik edən xalqımızın dahi oğlu Firidun bəy Köçərli məqalələrində müəllim hazırlığı məsələlərinə toxunaraq yazırdı ki, müəllim orta əsrlərdəki kimi ancaq dərs deyən məhdud adam olmayıb, ictimai xadim olmalıdır. O, müəllimi təşəbbüskar, yenilik uğrunda mübarizə aparan, qazandığı nailiyyətlərlə kifayətlənməyən, təlim-tərbiyənin yeni üsul və vasitələrini axtaran adam kimi təsəvvür edirdi.

F. Köçərli Qazax seminariyasının pedaqoji şurasının I iclasında Qori seminariyasının nizamnaməsini əsas götürərək şagird və müəllimlər üçün Cümhuriyyətin milli maraqlarına müvafiq təlimat hazırladı.

AXC-in maarif naziri H. Şahtaxtinski Seminariyada təhsilin məzmununu yeni dövrün tələblərinə müvafiq qurmaq üçün Firidun bəyə təlimat göndərmişdi. Buna əsaslanan F.Köçərli «Azərbaycan tarixi» kursunun 11 bəndlik proqramını tərtib edib, tarix dərslərini bu əsasla keçməyi təklif edir. Proqramın Vətən tarixinə aid 11-ci bəndinə verilən izah və tələb pedaqoji baxımdan çox maraqlıdır: “Doğma diyarı öyrənərkən əsas gücü elmi ekskursiyalara vermək lazımdır ki, uşaqlar tarixin keçmiş yerləri ilə, yəni təpə, yarğan, qədim tikililər, qədim hasarlarla tanış olsunlar və onlarda keçmişimizə, milli mədəniyyətimizə məhəbbət hissi oyansın.”

O, seminariya müəllimlərinin köməyi ilə yaşlılar üçün savad kursları açdı, yetimlər evi təsis etdi, qaçqınlara yardım fonduna da yaxından kömək etdi [1].

Ölkənin idarə olunmasını təmin edəcək ali təhsilli mütəxəssislərin hazırlanması AXC hökumətinin ən çox əhəmiyyət verdiyi sahələrdən biri idi. Bu vəzifənin icra edilməsi istiqamətlərindən biri azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrin tanınmış ali məktəblərinə təhsil almağa göndərilməsi idi. Elə o vaxtdan təhsil tariximizdə azərbaycanlıların xaricdə dövlət səviyyəsində təhsil almasının təməli qoyuldu.

Bu məqsədlə Parlament xüsusi komissiya təşkil etmişdi. Komissiyanın gərgin əməyi və ciddi axtarışları ilə xaricə ali təhsil almağa göndəriləcək 100 tələbə seçildi, onların yol xərcləri və təqaüdlərinin həcmi müəyyənləşdirildi. Seçilən gənclərdən 10-nun İngiltərəyə, 23-nün İtaliyaya, 45-nin Fransaya, 9-nun Türkiyəyə, 13-nün də Rusiyaya göndərilməsi qərara alınmışdı. Dövlət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrdən başqa, komissiya 31 əlavə abituriyent də seçmişdi ki, onların öz hesabına, yaxud mesenatların maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali məktəblərində təhsil alması nəzərdə tutulmuşdu.

Həmin 100 tələbənin xərci üçün hökumət dövlət xəzinəsindən 7 milyon manat ayırmışdı. Avropaya göndərilənlərin hər biri üçün 1000 frank yolxərci, hər ay isə 400

frank təqaüd, Rusiyaya göndərilənlər üçün isə 3 min rubl yolxərci və hər ay bir o qədər təqaüd nəzərdə tutulmuşdu. Dövlət hesabına oxuyan tələbələr təhsilini başa vurduqdan sonra hökumətin göndərdiyi yerdə 4 il işləməli idilər.

Amma bu zəkalı gənclərin heç də hamısı nəzərdə tutulduğu kimi təhsil ala bilmədi. Çünki İngiltərə azərbaycanlı tələbələri qəbul etmədi. İtaliyada təhsil almalı olan 23 nəfərdən yalnız 6-sı həmin ölkədə qaldı. Fransada təhsil alması düşünülən 45 nəfərin hamısı orada yerləşə bilmədi. Siyahıda olmasa da, məhz Almaniya tələbələrimizin yaşaması və təhsil alması üçün ən münasib ölkə oldu.

Azərbaycanın təhsil tarixi üçün əhəmiyyətini nəzərə alaraq Milli hökumətin 1919/1920-ci tədris ilində Parlament komissiyası tərəfindən seçilərək xaricdə ali təhsil almağa göndərdiyi həmin tələbələrin oxumağa göndərildikləri ixtisasları burada verməyi məqsədəuyğun hesab edirik: Dağ – mədən ixtisası üzrə – 9 nəfər; Mexanika – 11 nəfər; Kimya – 3 nəfər; Elektromexanika – 8 nəfər; Yol nəqliyyatı – 6 nəfər; Gəmiqayırma – 4 nəfər; Memarlıq – 4 nəfər; Aviasiya – 1 nəfər; Kənd təsərüffatı – 11 nəfər; İncəsənət – 1 nəfər; Tibb – 8 nəfər; Maddi mədəniyyət – 7 nəfər; Fizika – riyaziyyat – 7 nəfər; Tarix – filalogiya – 5 nəfər; Hüquqşünaslıq – 7 nəfər; İqtisadiyyat – 5 nəfər; Etnoqrafiya – 3 nəfər.

Siyahıdakı 17 strateji ixtisasa və o ixtisaslar üzrə təhsil almağa göndərilən tələbələrin sayına baxınca, bu uzaqgörən siyasət bizə daha da aydın olur.

Lakin sonradan bolşevik hökumətinin məsuliyyətsizliyi üzündən sonsuz arzu-diləklərlə yaşayan bu cavanların ümidləri puç oldu. Min bir bəla ilə təhsilini başa vurub Vətənə xidmət üçün geri qayıdanların isə əksəri repressiya qurbanı oldu. Bu «yüzlər»in bircə «günahı» vardı: onları xaricə oxumağa Cümhuriyyət hökuməti göndərmişdi…[1, 3, 5]

AXC hökuməti Bakı Dövlət Universiteti (BDU), Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Dövlət Konservatoriyasının açılması üçün müəyyən təşkilati işlər aparsa da, o dövrdə yaranmış tarixi-siyasi şərait yalnız BDU-ni təsis etməyə imkan verdi. Bununla belə, BDU AXC-in Azərbaycan xalqına bəxş etdiyi ən ümdə nemətdir. Bir maraqlı nüansı da deyək ki, əslində, dilimizdə «universitet» termini BDU-un yaranması ilə vətəndaşlıq hüququ qazanıb.

Milli hökumətin Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi ilə bağlı cəhdləri səmərə vermədiyinə görə də hökumətin razılığı ilə V. İ.Razumovski Azərbaycanda müstəqil universitet təşkil etmək üçün Bakıya dəvət olundu. V. İ.Razumovski 1919-cu il, aprelin sonunda Bakıya gəldi. AXC hökumətinin 25 iyun 1919-cu il tarixli qərarı ilə Universitet Komissiyasının işini lazımi səviyyədə təşkil etmək məqsədilə XMN-ə 1 milyon rubl vəsait də ayrılmışdı.

V.İ.Razumovskinin rəhbərliyi ilə çox qısa zamanda Bakı Universitetinin təsis olunması üçün tələb olunan üç qanun layihəsi hazırlanıb baxılmaq üçün hökumətə təqdim olundu. Hökumət özünün 7 iyul 1919-cu il tarixli «Bakı Dövlət Universitetinin təsis olunmasına dair qanun layihələrinin bəyənilməsi və Parlamentin müzakirəsinə verilməsi haqqında» tarixi qərarı ilə həmin hüquqi-normativ sənədləri Parlamentə təqdim etdi. Çox gərgin mübahisə və müzakirələrdən sonra Bakıda universitetin təsis edilməsi ilə bağlı qanun layihələri Parlamentin 21 avqust 1919-cu il tarixli 67-ci iclasının gündəliyinə salındı və çox çətinliklə də olsa, Cümhuriyyət fədailəri onun parlamentdə qəbul olunmasına nail oldular (1 sentyabr, 1919-cu il – Parlamentin 70-ci iclasında).

Universitet haqqında hər iki qanunda bu günümüz və tarixi keçmişimiz üçün əhəmiyyətli olan bir prinsipial məsələyə də toxunmaq lazımdır; hər iki sənəddə BDU-un statusu muxtariyyət səlahiyyətli elm-tədris müəssisəsi kimi müəyyənləşdirilmişdir ki, bu status AXC hökumətinin demokratik prinsiplərə nə qədər diqqət və hörmətlə yanaşdığını göstərir.

Hər iki cinsdən olan tam orta təhsilli şəxslər Universitetə qəbul edilirdilər. BDU-da 1919-cu il noyabrın 15-də sistematik dərslər başlanmışdır. Dərslərin başlanması mərasimində Parlamentin, hökumətin və ictimaiyyətin nümayəndələri, tanınmış ziyalılar iştirak etmiş, professorlar onların qarşısında tələbələrə giriş mühazirələri oxumuşlar.

BDU cəmi 44 nəfər akademik tərkiblə, o cümlədən 12 professor, 3 dosent və 1 privat dosentlə, iki fakültədə – tibb fakültəsinin üç kursunda, tarix-filologiya fakültəsinin I kursunda ( əslində, qanunda unibersitetin 4 fakültənin – tarix – filologiya, fizika – raiyaziyyat, hüquq və tibb – ibarət olması göstərilirdi, lakin digər fakültələri açmaq mümkün olmamışdı.) 877 tələbə və 217 azad dinləyici ilə dərslərə başladı.

Universitetin akademik tərkibində 9 nəfər azərbaycanlı müəllim var idi. Sonralar dünya şöhrətli cərrah olmuş akad. M.Topçubaşov və dos.M. Şahtaxtlı da bu tərkibə daxil idilər. Kadr çatışmazlığı üzündən M.Ə. Rəsulzadə və R. Kaplanov «Osmanlı ədəbiyyatı tarixi»ndən, nazir müavini H. Şahtaxtinski isə rus dili və ədəbiyyatından mühazirələr oxuyurdular.

Yeri gəlmişkən, bu gün üçün də əhəmiyyətli olan bir tarixi məqamı yada salmaq yerinə düşərdi: «Bakı Dövlət Universitetinin Nizamnaməsi»nə görə (48-ci maddə) gələcəkdə pulsuz təhsilə keçənədək ölkənin maliyyə vəziyyəti ilə bağlı müvəqqəti olaraq tələbələrdən müəyyən miqdar təhsil haqqı alınması nəzərdə tutulurdu. Universitet şurasına tələbələrin 10%-ni təhsil haqqından azad etmək səlahiyyəti verilirdi. Hökumət tezliklə Universitetin tamamilə dövlət təminatına keçməsinə, onun xoşbəxt gələcəyinə inanırdı [1, 3, 4].

XMN, bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək mütəxəssislər hazırlamaq üçün ali, orta və ibtidai məktəblər açır, kurslar təşkil edir, digər tərəfdən nəşriyyat – tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vəsaitləri hazırlayır və çap etdirirdi. Fənn komissiyalarının hazırladıqları bir sıra yeni dərsliklər hökumətin ayırdığı vəsait hesabına 1919-cu ildə nəşr edilib məktəblilərin istifadəsinə verildi. Dərsliklərin bir çoxu məhz həmin dövrdə yazılmışdı: “Türk əlifbası və ilk qiraət” 1918; “Türk qiraəti” 1918; “Yeni məktəb” 1918; “Rəhbəri-sərf” 1918; “Sərfı-türki” 1919; “Tarixi-təbii” 1919; “Ədəbiyyat dərsləri” 1919 və s [1].

Bundan əlavə, hökumət müəllimlərə metodiki köməklik göstərmək məqsədilə pedaqoji- metodiki jurnallar təsis etmiş, Türkiyədən müəyyən dərsliklərin alınmasına da vəsait ayırmışdı, lakin bunları reallaşdırmaq mümkün olmadı.

Ağır maliyyə vəziyyətinə baxmayaraq AXC höküməti nəinki təhsilə ayrılan vəsaiti azaltmış, əksinə, 1919-cu ildə müəllimlərin maaşlarını artırmışdı. Ölkədə xalq maarifinin inkişafma dair tədbirlər planına əsasən, təhsil almaq üçün maddi imkanı olmayan 650 şagirdə təqaüd təyin olunması, Bakıda qızlar üçün 25 nəfərlik pansionatın təşkili, XMN nəzdində pedaqoji və elmi-bədii jurnalların nəşr edilməsi, xaricdən gətirilən tədris-çap məhsullarının gömrük xərclərindən azad olunması və s. nəzərdə tutulmuşdu [4].

AXC həmçinin öz milli ordusunu yaratmaq istiqamətində qəti addımlar atırdı. İlk növbədə hərbi kadrlar hazırlayan məktəblərin açılması məsələsinə xüsusi diqqət yetirildi. Maliyyə çətinliklərinə baxmayaraq, Gəncədə hərbi məktəb açıldı. 1918-ci ilin noyabrında 200 nəfər həmin məktəbə göndərildi. Onlar sonralar Azərbaycan Milli Ordusunun yaradılmasında böyük xidmətlər göstərdilər. Cümhuriyyət dövründə istehkamçılar məktəbi, feldşer məktəbi açmaq haqqında da qərar verildi. Az sonra hərbi dəmiryolçular məktəbi açıldı.

Cümhuriyyətin ordusunu qurmaq üçün S. Mehmandarov və Ə. Şıxlinski gecə-gündüz çalışırdılar. Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək azərbaycanlı əsgərlərin «Qurani-Kərim»in altından keçməklə Vətənə sədaqət andı içmələrini vacib sayırdı. Nazir olduğu müddətdə o, milli marşların Azərbaycan dilində oxunmasını tələb etmiş, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləmişdi [1].

Yekun olaraq, sadəcə bugünkü müstəqil və müzəffər Azərbaycanı göstərmək kifayətdir. Ötən əsrin 90-cı illərində milli azadlıq mübarizəsinə qalxaraq müstəqilliyini, 2020-ci ilin 27 sentyabrında başalanan 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən müdrik və cəsur xalqımızın bu əzmi məhz 103 il öncə Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi bu milli maarif işinin və əsrin əvvəllərində olduğu kimi yenə də dahi liderlərinin – Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev dühasının olmasının labüd nəticələrindəndir.

 

Taleh MİRZƏYEV

ADPU, redaktor

Ədəbiyyat:

1. Mərdanov M. “Azərbaycan Təhsil Tarixi. I cild”. Bakı, «Təhsil», 2011, 296 s.” – s. 186-255;

2. M.Mərdanov, Ə.Quliyev. “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində”. Bakı, «Çaşıoğlu», 2003, s. 43

3. “Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)”, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Bakı, 2007, 881 s. – s. 677-700;

4. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild”, Lider nəşriyyat, Bakı, 2004, 440 s. – s. 78-84;

5. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild”, Lider nəşriyyat, Bakı, 2005, 472 s. – s. 11-13, 15-16;

6. internet mənbələri

Bənzər yazılar