Azərbaycan xalqı aborigen xalq olaraq tarixin minillik keçmişindən bu günə gəlib çıxan böyük dövlətçilik ənənəsinə malik qədim xalqdır.

1828-ci ildə Rusiya- Qacar müharibəsinin nəticəsi olaraq Azərbaycanın şimal hissəsi rus imperiyasına verildi. Həmin dövrdə “Türkmənçay” sülh müqaviləsinin tələblərinə görə Livanda, Suriyada, Osmanlıda, İranda yaşayan ermənilərin Azərbaycanın ən şəfalı yerlərinə – Qarabağa, Zəngəzura, Göyçəyə, İrəvana köçürülməsinə başlandı. Bunun da əsas məqsədi faktiki olaraq Osmanlı və Azərbaycan torpaqları arasındakı quru sərhədləri ayırmaq, Ermənistanı Rusiyanın əli ilə bu iki dövlətə qarşı istifadə etmək idi.

Zaman keçdikcə azərbaycanlılar ermənilərin vəhşiliyinə məruz qaldı və 1828-ci ildən bu yana başlayaraq on illikdən, beş illikdən bir ermənilər azərbaycanlıları soyqırımlara məruz qoyaraq yaşadığı tarixi torpaqlardan qovdular. Onların yaşadıqları kəndləri tarixdən sildilər. Azərbaycanlılar zaman-zaman daha dəhşətli müsibətlərə məruz qaldılar.

Nəhayət, 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika elan edən Azərbaycan xalqı 114 min kvadrat kilometr ərazi bütövlüyü ilə dövlət yaratdı. Qarabağda, Göyçədə, Naxçıvanda erməni işğalçılarının azərbaycanlılara etdikləri zülmlərə qarşı mübarizə apardılar. Çox təəssüflər olsun ki, dövlətimiz uzun ömür yaşamadı. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət yenidən rus imperiyasının SSRİ formasında tərkibinə qatıldı. Qısa müddətdən sonra ermənilər özlərinin tarixi ambissiyalarını yenə də davam etdirərək, Azərbaycanın tarixi torpaqlarının – Zəngəzur, Göyçə mahalının məcburi şəkildə əldə edilməsinə, xüsusilə Qazax mahalının böyük bir hissəsinin müxtəlif bəhanələrlə öz ərazilərinə qatması ilə 1918-ci  ildə 10 min kvadrat kilometr ərazisi olan Ermənistanı  artıq SSRİ-nin tərkibində 29 min kvadrat kilometr ərazisi olan Ermənistan kimi təqdim etdilər.

Saxta yollarla Ermənistan ərazisini genişləndirən ermənilər 1988-ci ildə bu ərazidə yaşayan azərbaycanlıları tarixi dədə-baba yurdlarından qovdular.

Bu proseslər sonrakı mərhələdə Azərbaycanın o dövrdəki səriştəsiz siyasi rəhbərlərin fəaliyyətsizliyi nəticəsində Dağlıq Qarabağda baş verdi. Burada yaşayan azərbaycanlılar da öz tarixi yurdlarından didərgin salındı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər misli görünməmiş faciə törətdilər. Bununla da, ermənilərin azərbaycanlılara qarşı vəhşilik siyasəti göstərdi ki, ermənilər bu torpaqların tarixi sahibi olan türkləri öz torpaqlarından didərgin salaraq, Azərbaycan torpaqlarını Böyük Ermənistan xülyası altında Ermənistan ərazisinə qataraq genişləndirmək istəyirdilər.

Nəhayət, 1994-cü il 12 may tarixində ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Bişkek protokolu imzalanaraq cəbhədə atəşkəs elan olundu. Buna baxmayaraq  ordu quruculuğu sahəsində də böyük işlər görüldü.

30 illik siyasi-diplomatik danışıqlar nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi gündəmin əsas müzakirə mövzusu oldu.

Lakin, ermənilər öz havadarlarının sayəsində Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq bu torpaqlardan geri çəkilmək istəmirdilər. 2003-cü ildən bu yana isə cənab Prezident İlham Əliyevin apardığı sülhməramlı diplomatik danışıqlar nəticəsində də ermənilər öz çirkin niyyətlərindən əl çəkməmişlər.

Böyük strateq, siyasi lider, hərbi sərkərdə, Ali Baş Komandan İlham Əliyev Ermənistanı bütün regional layihələrdən təcrid edərək iqtisadi məngənələr arasında sıxaraq, Ermənistanı Qarabağ danışıqlarında kompramisə getməyə məcbur edilməsi yönündə böyük işlər gördü. Bu cəhdlərə baxmayaraq, ermənilər yenə də öz məkirli siyasətindən əl çəkmədilər və Prezidentin onlara göstərdiyi doğru yoldan nəticə çıxarmadılar. Prezidentimiz dəfələrlə çıxışlarında qeyd edirdi ki, Azərbaycan xalqının səbri sonsuz deyil, bir gün bu xalqın səbr kasasının daşan vaxtı yetişəcək.

Nəhayət, o an gəlib çatdı. 2020-ci il 27 sentyabr tarixində ermənilərin cəbhəboyu ərazilərdə Azərbaycan torpaqlarına növbəti hücum cəhdi baş verdi. Sərhəd boyu bölgələrdə ağır artilleriya atəşləri nəticəsində çoxsaylı insan tələfatı, kütləvi dağıntılar baş verdi. Buna müvafiq olaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan ordusuna əks hücüm əməliyyatı əmri verərək tarixi Azərbaycan torpaqlarının 30 illik işğaldan azad olunmasına şərait yaratdı.

44 gün ərzində davam edən Vətən müharibəsində xalqın Ali Baş Komandanın ətrafında sıx birləşərək, xalq-ordu-sərkərdə birliyi “Dəmir yumruq” şəklində ermənilərin başına endirildi. Tarixdə görünmədiyi bir formada düşmən ordusu darmadağın edildi. Mübariz Azərbaycan əsgəri qısa müddət ərzində düşməni pərən-pərən saldı. Onun hərbi birləşmələrini, zirehli texnikalarını, mühəndis-istehkam qurğularını darmadağın etdi. Düşmənin “Ohanyan səddi” adlandırdığı keçilməz səddini bir neçə günün içində müzəffər Azərbaycan orudusu sürətli əsk-hücüm zərbələri ilə düşmən qüvvələrini geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu dünya hərb praktikasında misli-bərabəri olmayan taktiki əməliyyatlar keçirərək Füzulini, Cəbrayılı, Suqovuşanı, Hadrutu, Zəngilanı, Qubadlını işğaldan azad etdi. Bununla da, Azərbaycan əsgəri Azərbaycanın sanki alnına basılmış məğlubiyyat damğasını silmiş oldu. Xalqımız böyük şərəf tarixini böyük qəhrəmanlıq nümunəsi kimi bütün dünyaya görk etdi. 8 noybr tarixində Azərbaycan əsgəri dünyada heç bir hərbi sərkərdənin təsəvvürünə gətirmədiyi bir işin öhdəsindən gələrək sərt, sıldırımlı qayalardan keçərək, yüngül silahlarla silahlanaraq mükəmməl istehkam mövqeləri qurmuş ermənilərin üzərinə hücm etdilər. Qısa müddət içərisində düşməni pərən-pərən salaraq, doğma Şuşanı işğaldan azad etdik. Düşmən acı məğlubiyyətinin daha ağır nəticələrini görməmək üçün təslim olmağa hazır olduğunu bildirdi və 10 noyabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyan kaputiliyasiya aktını imzaladı.

Cənab Prezidentin söylədiyi kimi artıq “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə yoxdur.

Bu qələbə sevincini bizə qəhrəman Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandanın hərbi sərkərdəliyi altında Müzəffər Azərbaycan Ordusu bəxş etdi. Bununla da, Azərbaycan əsgəri məğlubedilməzliyi ilə, cəsarəti ilə tarixi dastanlar yazmış oldu.

Azərbaycan orudusu canı, qanı bahasına azad etdiyi torpaqları bu gün də göz bəbəyi kimi qorumaqda davam edir.

Təbii ki müharibə itkilərsiz baş vermir. Bizim də hər birimizin böyük ürək ağrısı ilə, can yanğısı ilə hər zaman bundan sonra da yaşadığımız dövrlərdə, Azərbaycan var olduğu dövrdə şəhidlərimizin ruhunu həmişə ehtiramla yad edəcəyik.

Bu gün firavan həyatımıza görə şəhidlərimizə, qazilərimizə və əsgərlərimizə borcluyuq.

Ulu öndər Heydər Əliyevin başladığı işıqlı və uğurlu yolu Prezident İlham Əliyev davam etdirdi. Bu həm də ümummilli lider Heydər Əliyev idealoji məktəbinin məntiqi davamıdır. Güclü xalq olmaq üçün güclü liderin olması ən önəmli şərtlərdən birincisidir. Hər kəs güclü Ali Baş Komandanın qətiyyəti fövqündə özünü güclü hesab edir.

KƏTANƏ ALIYEVA

Həsənov adına Qazax rayonu I Şıxlı kənd tam orta məktəbinin müəllimi

Bənzər yazılar