Hesab edirəm ki, yay məktəbinin təşkili ilə bağlı keçirilməli olan sorğunun nəticələrindən asılı olmayaraq belə məktəbin təşkili nəinki lazımdır, hətta vacibdir. Ekspertin söslərinə görə  uzun müddətli pandemiya belə bir addımın atılmasını xüsusilə aktuallaşdırıb. Məktəbin ödənişsiz və könüllü əsasda təşkil olunması isə yəqin ki, çoxlarının ürəyincə olacaq. Kim istəməz ki, belə bir imkanın yaradılmasından lazımınca yararlanmasın və ya kim istəyər ki, pandemiyanın fəsadları üzündən bilik və bacarıqlarında yaranan boşluqları bərpa bərpa etmək fürsətini əldən versin.

Pandemiyanı bir kənara qoyub, həyat normal axarına düşsə belə, yay məktəblərinin daha geniş spektrdə əhatə olunması barədə düşünməli, bir vaxtlar, o qədər də uzaq olmayan keçmişdə fəaliyyət göstərən və pioner düşərgələri adlandırılan məktəblilərin yay toplantılarının yeni formatda təşkili ilə bağlı əməli işlər görməliyik.

Məktəbin vəzifəsi öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət deyil.  İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var.  Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu kimi düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır.

Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratlarını yoldaşları ilə bölüşürdülər, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Çünki, istirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri sosiallaşma ilə yanaşı, yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdən biridir.

Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı bu təşəbbüsü, yaxın gələcəkdə bu istiqamətdə işlərin daha geniş miqyasda və daha əhatəli formatda davamı və inkişaf etdirilməsi üçün, zəmin yaradar, stimul ola bilər.

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini

Bənzər yazılar