Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, haqqında ya çox az söz açılıb, ya da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verənlər də məhz  həmin hadisələrdəndir…

Müsahibim, araşdırmacı-jurnalist, Başlıbel sakini, “Qanlı Kaha” əsərinin müəllifi Elxan Salahovdur.

Elxan müəllim, əvvəlcə Sizi Kəlbəcərin, xüsusilə Başlıbelin işğaldan azad olması münasibətilə təbrik edirəm! Gəlin elə burdan başlayaq: Başlıbeldə keçirdiyiniz uşaqlıq illərinizi necə xatırlayırsınız?

– Təbrikə görə çox sağolun! Başlıbel, Kəlbəcər rayonunun ən ucqar və ən böyük kəndidir və həm ərazisinə, həm əhalisinə, həm də sosial-iqtisadi, mədəni inkişafına görə, rayonun ən büyük yaşayış məntəqələrindən biri sayılır.

Başlıbeldə, o dövrlərdə 480 yerlik orta məktəb, çörək bişirmə və qənnadı fabriki, 45 yerlik uşaq baxçası, 18 yerlik həkim ambulatoriyası var idi. Burada 1993-cü ildə aprelin 1-nə qədər 2000-dən çox əhali yaşayıb. Rayon mərkəzindən 65 km məsafədə olan bu kənd, Dəlidağın ətəyində yerləşirdi. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı kəndin 76 sakini, əsasən, qoca, uşaq, qadın və yataq xəstələri evlərini tərk edə bilməmiş və işğalçı qüvvənin mühasirəsində qaldı. Aprelin 2-si həmin insanlardan bir neçəsi mühasirədən çıxaraq kəndi tərk edib Murov istiqamətində yola düşsələrdə onların hamsı yolda ya öldürülmüş, yada ki, girov götürülmüşdür. 62 kənd sakini mühasirədən çıxa bilməmişdir. Onlar kənddən 3 km aralıda yerləşən, Dəlidağın ətəyində, “Portdağ” adlanan ərazidə kahalara sığınmışlar. 1993-cü il aprelin 18-də kəndə qarətə gələn ermənilər onların sığındığı kahalarin yerlərini müəyyənləşdirmiş və ora silahlı hücum ediblər.

Həmin hadisə zamanı təkcə bir neçə saat ərzində 12 nəfər qətlə yetirilmiş, 14 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlər arasında qadın və uşaqlar daha çox idi.  Bundan bir neçə gün əvvəl isə kənddə yataq xəstələri olan 3 nəfər öldürülmüşdü.  Aprelin 18-nə qədər ümumilikdə Başlıbel kəndində mühasirədə qalmış kənd sakinlərindən 18 nəfər öldürülmüş, 14 nəfər isə girov götürülmüşdür. 18 apreldəki  qətliam zamanı bir neçə kənd sakini kahalardan qaçıb canını qurtarıb və yenidən dağlara çəkilərək gizli şəkildə kahalarda yaşamağa davam etmişdilər. Onlar yalnız 113 gün sonra dağlarla, meşələrlə qaçacaq mühasirədən canlarını qurtara bilmişdilər. Yalnız 1 nəfər, İkinci Dünya müharibəsi əlili, 75 yaşlı (rəsmi sənədə əsasən) Ələsgər Kazımov sığınacaqda qalıb və “mən ömürümün son aylarını öz yurdumda, öz kəndində yaşamaq istəyirəm”, – deyə mühasirədən çıxmaq istəməməşdir. Bu dəhşətli hadisələrin şahidi olmuş 29 nəfər 113 günlük mühasirədən sonra, yenidən 1993-cü il iyul ayının 22-də Daşkəsən istiqamətindən hərəkət edərək  mühasirədən çıxa bilmişdir və onların demək olar ki, əksəriyyəti hazırda yaşayırlar.

Bildiyim qədər o zaman Kəlbəcərdə və Başlıbeldə özünü müdafiə batalyonları var idi bəs necə oldu ki, bu qətliam baş verdi və kənd asanlıqla işğal olundu?

– Dediyim kimi, Başlıbel, rayon mərkəzindən 65-68 km məsafədə yerləşirdi.  Laçın istiqamətində. Yeni Başlıbel kəndi cəbhə xəttindən çox uzaqda idi. Aprel ayının 1-nə qədər kənddə heç bir müharibə əlaməti hiss olunmayıb, heç bir atəş sesi eşidilməyib. Yalnız sərhəd zastavalarında xidmət edən Başlıbeldən olan könüllulər mart ayında kəndə gələrək kəndin “üzükqaşi” kimi mühasirəyə alındığını, tezliklə işğal olunacağını demişdilər. Çünki həmin əsgərlər Ağdərə rayonu istiqamətində yerləşən Ağdaban kəndinin ermənilərin nəzarətində olduğunu bildirmişdirlər, hansı ki, həmin əsgərlər kəndin müdafiəsində dayanırdılar. Amma mart ayının 27-də Ağdaban işğal olunan zaman Başlıbel könüllülərindən ibarət bir qrup kəndə gələrək vəziyyəti kənd camahatına söyləmişdi. Kənd camaatı, ağsaqqallar, ziyalılar, kəndin bu cür asanlıqla işğal olunacağına inanmırdılar. Bunun bir neçə səbəbi var idi. Bilirsiz, 90-ci illərin əvvəllərində ermənilər yalnız dağlıq Qarabağ ərazisinə iddia edirdilər, yəni onların ərazi iddiaları Dağlıq Qarabağ inzibati ərazi vahidinə idi.  Kəlbəcər Dağlıq Qarabağın ətrafında yerləşən və işğal olunmuş 7 rayondan biridir. Ona görədə Başlıbellilər kəndin işğal olunacağına inanmırdılar, həm də biz elə bilirdik ki, ermənilər Azərbaycan-Ermənistan sərhədindən hücum edəcəklər. Amma ermənilər məhz Qarabağ ərazisindən – Ağdərə rayonu istiqamətindən Kəlbəcərə hücum etdilər. Demək olar ki, sərhəd zastavalarında ciddi döyüş əməliyyatları aparılmamışdı. Buna görə də, Başlıbellilər kəndin işğal olunmasından gec xəbər tutdu və mühasirəyə düşmə səbəblərindən biri də məhz bu oldu.

113 gün kahalarda mühasirədə qalmaq, bu, olduqca dəhşətli haldır, amma bunu kənd sakinləri bacarıb. Maraqlıdır onlar bu qədər müddətdə necə qidalanıb, nə yeyib, nə içiblər?

– Bəli, necə ki, müasir silahlarla təmin olunmuş Ermənistan silahlı qüvvələrinin qarşısında əliyalın durmaq qəhramanlıqdırsa, 113 gün kaha şəraitində yaşamaq və o insanları qıda ilə təmin etmək bir o  qədər qəhrəmanlıqdır. O insanlar, əsasən də gənclər, növbə ilə gecələr, gizli şəkildə kəndə gəlirdilər və yeyə bilinəcək nə tapırdılarsa götürüb kənddən 7-8 km məsafədə yerləşən sığınacaqlara aparırdılar. Ən çox da kartof və un. Əsas qida bunlar idi. 113 gün ərzində ac susuz qaldıqları günlər də olub.

Onlar dağlarda bitən bitkiləri və meyvələri yeməklə özlərini həyatda birtəhər saxlaya biliblər. Kənd sakinləri öz evlərinə “oğurluğa” gəliblər, amma bir çox hallarda geri  boş dönüblər. Onaların silahlı ermənilərlə də qarşılaşdığı hallar olub. Ermənilər onları əsir götürmək istəyib, amma həmin insanlar kahada qalan yoldaşlarının yerini bildirməmək üçün kaha istiqamətinə deyil, əks istiqamətə qaçıblar. Bu da kaha “əhalisinin” əsir və ya həlak olmasının qarşısını alıb. 113 gün onlar ərzaq ehtiyaclarını bele ödəyirmişlər. Elə hallar da olub ki, digər kəndlərə ərzaq üçün gediblər.

Nə dərəcədə doğrudur bilmirəm, amma belə deyənlər də var ki, kənd sakinləri  mühasirədə qalan zaman ermənilərin qaçırdığı sürüdən, ayrılan inəyin südü ilə də qidalanıblar. Doğrudanmı belə olub?

– Bəli, elə bir hadisə baş verib. Ermənilər kənd əhalisinin mal-qarasını qarət edib apararkən kahadakılar bunu müşahidə edirmişlər. Bu zaman inəklərdən birinin yorulub yerə yatdığın görüblər. Ermənilər nə qədər etsələrdə inəyi ayağa qaldıra bilməyiblər. Ona görə də onlar inəyi orda qoyub sürünü götürüb getmişdilər. Ermənilər ordan uzaqlaşandan sonra mühasirədə qalan kənd sakinlərinin bir neçəsi inəyi sığınacağa gətirmiş və əlləri ilə ot yığıb inəyə qulluq edirmişdilər. O inəkdə gündə təxminən 2-2.5 litr süd verirmiş və o südün hesabına mühasirədə olan körpə uşaqlar, qocalar, xüsusilə, 75 yaşlı Ələsgər baba sağ qalıb.

– Bəs mühasirədən necə çıxıblar?

– Müasirəndən çıxış belə olub ki, bizim qonşu Şahkərəm kəndində də 6 nəfər var idi, onlar da öz kəndlərinin ərazisində kahalara sığınmışdılar. Onlardan İsmayıl kişi Başlıbeldə mühasirədə qalanlardan biri, Qədim kişi ilə qohum idi. Onlar bir birilərini axtarıb tapmışdılar. Deməli, İyun ayında İsmayıl kişi yanındakı iki nəfəri göndərir Başlıbelə ki, gedin Başlıbeldə qalan ağsaqqallarla görüşün və onlara bildirin ki, artıq meşələr yaşıllaşıb, dağlarda qar əriyib, Tərtər çayının səviyyəsi aşağı düşüb, əvvəlki kimi sel yoxdu. Ona görə də biz gizlin yollarla mühasirədən çıxmaq istəyirik. Əgər icazə verirsizsə Qədim kişi də bizimlə getsin. Onlar icazə verir və belə bir şey deyirlər ki, siz əgər Daşkəsəndən aşıb oradan Xanlar rayonuna (indiki Göygöl rayonu) çata bilsəniz, bizə parol verin,  biz başa düşək ki, siz sag-samat gedib çıxmısız.

– Maraqlıdır, parolu necə veriblər və ya parol nə idi?

– Deməli, mühasirədə qalanlardan birinin qardaşı, Seyfəli Əzizov Daşkəsən rayonunda işləyirmiş. Belə bir parol fikirləşiblər ki, biz ora sağ çatsaq, radio vasitəsi ilə deyərik ki, Elşad və İsmət Əzizovla görüşmək istəyənlər Xanlar rayonundakı Kəlbəcər qərargahına gəlsinlər. Bax belə bir cümlə ilə elan verilir. O elanı mühasirədə qalanlar iyul ayının 12-də eşidirlər. Və bir neçə gün sonra onlar da Daşkəsən istiqamətində dağlarla hərəkət edərək mühasirədən çıxmışlar.

Belə bir reallıq var ki, yetişən gənclik ya Başlıbel faciəsi haqqında  çox az məlumata sahibdi, yada heç bir məlumatı yoxdur. Sizcə biz hansı formada təbliğat aparılmalıyıq ki, müasir gənclik Başlıbel faciəsindən xəbərdar olsun?

– Başlıbel faciəsindən bəhs edən “Qanlı Kaha” kitabı hansı ki, sənədli publisistik povestidir. Mühasirədə qalanların gündəlik həyatından bəhs edir. Onlar hansı çətinliklərlə hansı problemlərlə qarşılaşıblarsa bir gündəlik kimi hər biri kitabda öz əksini tapıb. Həmçinin kitabda harda yaşayıblar, ermənilərlə necə rastlaşdılar, hansı döyüş əməliyyatları oldu, necə qaçıb gizlənmələri, aprelin 18-i ermənilərin necə hücum etməsi, kimlər necə şəhid oldu, sağ qalanlar hara qaçıb gizləndi və.s. kimi vacib məqamlar qeyd olunub. Yəni, birinci təbliğat bu kitabdır. Kitab çap olunandan sonra Bakı şəhərində 3, Sumqayıt şəhərində iki və Ağcabədi rayonlarında məcburi köçkünlərin yaşadıqları “Taxta Körpü” adlı yerdə bir dəfə təqdimatı keçirilib. Həmin kitablar pulsuz olaraq hərbi hissələrə verilib və  bununla bağlı bir neçə dəfə görüşlər keçirilib. Televiziyalarda diskussiyalar aparılıb, Başlıbel faciəsinə və Qanlı Kaha kitabının təqdimatına aid xüsusi verlişlər hazırlanıb. Yıni geniş auditoriya çatdırılıb və nəhayət gənclərin bu sahədə maariflənməsi üçün bir neçə gün öncə sizin təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş (red. Azərbaycan Gənclik Platforması, Başlıbel faciəsi haqqında online tədbir) online görüşlər, müzakirələr, dinləmələr və.s. Başlıbel faciəsinin tanınmasında mühüm bir addim olar. Yəqin ki, pandemiya bitdikdən sonra bu cür görüşlər əyani və geniş auditoriya qarşısında olacaq.

– Bəli, mütləq.

– Ən mühüm məsələ isə Başlıbel faciəsindən bəhs edən filmin çəkilməsidir. Artıq bu barədə aidiatı dövlət orqanları tərəfindən müvafiq strukturlara tapşırıqlar göndərilib, müəyyən göstərişlər verilib. Bu istiqamətdə də işlər gedir. Təxminən payız aylarında “Qanlı Kaha” kitabının motivləri əsasında tam metrajlı sənədli bədii filmin təqdimatına şahidi ola biləcəksiz. Bundan sonra da dünya ictimaiyyətinə bu hadisəni çatdırmaq üçün filmlər süjetlər təqdimatlar hazırlamağı nəzərdə tuturuq.

Çox gözlə məqama toxunduz. İndiyədək bu qətliama hüquqi-siyasi qiymətin verilməsi üçün hansı işlər görülüb və ya görüləcək?

– Buna siyasi qiymətin verilməsi dövlətin görə biləcəyi bir işidir. Artıq bu istiqamətdə çox ciddi addımlar atılır. Kəlbəcər işğaldan azad olunandan sonra, ilk dəfə bu hadisənin il dönümünü Başlıbeldə qeyd etdik. Bu çox böyük bir fürsət idi. Bu təşəbbüslə mən çıxış etmişdim. Həm kənd sakini kimi, həm də “Qanlı Kaha” əsərinin müəllifi kimi. Aidiatı dövlət qurumlarının qarşısında məsələ qaldırmışdım ki, builki ildönümünün anım mərasimini kənd sakinləri və faciə qurbanlarının yaxınları ilə birlikdə Başlıbeldə keçirək. Bizim bu təşəbbüsmuz dəstəkləndi və aprelin 16-da  bir neçə nəfərlə bərabər Başlıbel kəndinə səfərimiz oldu. Biz getdik hadisənin baş verdiyi kahalara, ordakı maddi sübutlara baxış keçirdik, orda baş verən qətliamı özündə əks etdirən maddi sübutlar var. Kənddə faciə zamanı qətlə yetirilmiş insanların dəfn olunduğu kiçik məzarlığa da rast gıldik. Bunları öz gözümüzlə gördük və hamısı vidio çəkilişlər vasitəsilə sənədləşdirildi və bu faktlar geniş ictimaiyyətə təqdim olundu. Bundan sonra baş prokurorluq Başlıbel faciəsi ilə bağlı cinayət işinin qaldırıldığını elan etdi və prokurorluq əməkdaşları hadisə yerinə ezam olundu. Bizim gördüklərimizi onlar da gördü, qeydə alıb rəsmiləşdirdilər. Faciə qurbanlarının dəfn edildiyi məzarlıq açıldı. Onaların qalıqlarından DNT analizi götürüldü və hüquqi baxımdan sənədləşmə aparıldı. Güman edirik ki, sübut olunmuş faktlarla hadisəyə hüquqi qiymətin verilməsi və işğalçı Ermənistanin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılacaq.

– Son olaraq Kəlbəcərə, xüsusi ilə də Başlıbelə gedərkən hansı hissləri keçirirdiniz?

– Bir az qarışıq hisslərdi. Mənim uşaqlığım, gəncliyim o kənddə keçib. Hansı ki, bizim orda həyat izlərimiz var. Orda bizim dağılmış evlərimiz var, bizim üçün müqəddəs olan torpağımız var. Əlbəttə çox qarışıq hisslərdi. Həm sevindik ki, 28 ildən sonra nəhayət öz kəndimizə gəlib öz torpağımızı ziyarət edə bildik, amma eyni zamanda kədərləndik ki, kəndimiz tanınmaz haldadır heç bir ev, heç bir tikili normal halda deyil, yalnız daş divarlar qalıb. Doğmalarımızın uyduğu qəbirstanlıq vəhşicəsinə dağıdılıb. Belə şeyləri gördükdə isə kövrəlməmək mümkün deyil. Həm sevinc, həm kədər, həm ümid. Bütün bu hisləri yaşayırdım…

 

Məlik Məlikov, BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

 

Bənzər yazılar