Azərbaycanda təhsil sferasını araşdırarkən məlum olur ki, çox vaxt gənclərin əksəriyyəti ilkin bakalavr təhsilindən sonra magistr pilləsini xarici ölkələrdə və əsasən də Türkiyədə oxumağa üstünlük verirlər.

Burasa sual yaranır: bəs, görəsən onları belə qərara gəlməyə vadar edən nədir amillər nələrdən ibarətdir?

Əlbəttə ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhsilin inkişafına, keyfiyyətinin artırılmasına diqqət var. Ancaq təhsilimizdə diqqətdən kənarda qalan və gənclərimizin başqa ölkələrdə təhsil almasına səbəb olan boşluqlarda az deyil.

Elə bu boşluqlardan biri də təhsilin magistr pilləsinə qəbulun həyata keçirilməsi ilə bağlıdır.

Bu il magistraturaya qəbul prosesinin iki dəfə həyata keçirilməsi sevindirici hal olsa da, bu qəbulların ödənişli olması və əsasən də birinci qəbulun ödənişli olması xeyli tələbəni bu imtahanda iştirak etməkdən məhrum etdi.

Azərbaycan Konstitusiyasına diqqət yetirsək hər bir gəncin sərbəst təhsil almaq hüququna malik olduğunu görərik. Ancaq magistr pilləsində təhsil almaq istəyən yüzlərlə tələbə var ki, sırf qeydiyyat üçün nəzərdə tutulan 50 manat məbləğə görə  öz təhsil arzularını qatlayıb kirayə, yemək, kitab, geyim xərcləri ilə birgə pul qablarında gizlətməyə məcbur olur. Başqa sözlə desək, magistr olmaq istəyən yüzlərlə gənc, 50 manata görə bu arzusunu qəlbində dəfn edir.

Məlumdur ki, “Tələbə” adı gələndə hər kəsin beynində dərhal belə bir fikir yaranır: demək onun maddi dəstəyə ehtiyacı var. Bu fikir təhsilin magistratura pilləsinə qəbul olmaq istəyənlərlə bağlı hökm verən insanların beynində yer almırsa, onda heç olmasa birinci magistratura imtahanına qəbul dövlət hesabına təşkil olunmalıdır. Bu, yüzlərlə tələbəmizin xaricdə yox, məhz öz yurdumuzda qalıb təhsil almasına şərait yaratmış olardı. Eyni zamanda, magistratura arzusu ilə yaşayan bir çox istedadlı tələbələr maddi sıxıntı baxımından gözdən iraq könüldən uzaq qalmazdı…

Hələ qarşıdakı günlərdə (bəzi ixtisaslarda) keçirilməsi nəzərdə tutulan qabiliyyət imtahanlarının da ödənişli təşkil olunması birinci “yükün” altından çıxan tələbələri ikinci dəfə də xərcə salacaq… Bu xərcə düşmək istəməyib öz amalından dönən tələbələrin sayı isə hər il təəssüf ki, kifayət qədər olur.

Əgər biz də ölkə olaraq həm öz tələbələrimizi, həm də xarici tələbələri qazanmaq istəyiriksə və bu günün kasıbı olub gələcəyin isə zəngin mənəviyyatlı, savadlı insanı ola biləcək vətəndaşlar yetişdirmək istəyiriksə, o zaman bu sahədə bəzi güzəştlərə getməyi bacarmalıyıq.

Gəlin gənclərimizin Konstitusiyada da nəzərdə tutulduğu kimi sərbəst təhsil almaq hüququna süni maneələr yaratmayaq, əksinə onları həvəsləndirəcək layihələr təşkil edərək təhsilə cəlb etməyə çalışaq. Qoy, bundan sonra təhsil hər bir Azərbaycan vətəndaşı üçün sözün əsl mənasında əlçatan olsun!

Nurlan Şirəliyev, BSU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

 

Bənzər yazılar