Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 25 il keçir. Konstitusiyanın əhəmiyyəti onda təsbit edilmiş müddəaların mahiyyəti ilə müəyyən olunur. Xalqın iradəsi ilə qəbul edilmiş konstitusiya müasir hüquq sistemi qurmağımıza, mədəni xalqlar ailəsinin tamhüquqlu üzvü olmağımıza imkan yaradır. Konstitusiyanın müddəalarının təcrübədə həyata keçirilməsi, onun normalarının dərki böyük səy tələb edir.

Konstitusiya hüququ sahəsi üzrə formalaşmış doktirina dövlətin, cəmiyyətin və insanın inkişafının təməl əsaslarını özündə əks etdirir. Mütəxəssis olmayanlar üçün Konstitusiya bəyannamələr və xoş istəklər toplusu kimi görünə bilər. Amma əlbəttə, bu belə deyil. Konstitusiya birbaşa ali hüquqi qüvvəyə malik olan aktdır. O, yalnız dövlət hakimiyyətinin mexanizmini və hüquq sisteminin əsaslarını müəyyənləşdirmir, eyni zamanda dövlətin cəmiyyətin və hər bir fərdin həyatına müdaxiləsinin sərhədlərini özündə təsbit edir, şəxsiyyətin hüquq və azadlığını elan edir və təmin edir.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyası ölkəmizin tarixində birbaşa ali hüquqi qüvvəyə malik ilk Əsas Qanun oldu. Demokratik Konstitusiyalar insanların və bütövlükdə ölkənin qlobal iqtisadi və mədəni məkana cəlb olunması yolundakı maneələri aradan qaldırır. Vətəndaşlara xarici ölkələrə sərbəst səyahət etmək, dövlətimizin sərhədlərindən kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, mədəni həyatda iştirak etmək üçün geniş imkanlar verir. Məhz Konstitusiya özündə insanların imkanlarının geniş hüquqi təminatlar sistemini təsbit edir.

Eyni zamanda, Konstitusiyada hər bir vətəndaşın öz məsuliyyətini dərk etməsi və onun inkişafı üçün münbit şərait yaradır. Əsas Qanun vətəndaşları dövlət asılılığından azad edərək, sosial ələbaxımlığın qarşısını almağa zəmin yaradır. Qanunla müəyyən edilmiş tələbləri ödəyən hər bir

vətəndaş yerli özünüidarəetmə orqanlarından başlayaraq ali dövlət hakimiyyəti orqanlarına qədər mühüm vəzifələrdə çalışa blərlər.

Konstitusiyamız siyasi partiyaların sərbəst yaradılması, azad seçkilərin keçirilməsi, siyasi baxışlarını həyata keçirmək istəyən hər kəsə həmfikirlərini toplayaraq təklif olunan siyasi partiyanın proqramın düzgünlüyünə inandırmağa nail olmaq üçün imkanlar yaratmaqla bərabər, bu fikirlərin ekstremist və destruktiv xarakter daşımamasını tələb edir.

Sonrakı mərhələlərdə edilmiş dəyişiklik və əlavələrlə birlikdə 1995-ci il Konstitusiyası insan və vətəndaş hüquqları və azadlıqlarının inkişafı konteksinə əsaslanır. Əsas Qanunun 12-ci maddəsində təsbit edilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.

Məhz əsas hüquqlara, azadlıqlara və vəzifələrə həsr olunmuş bölmə Konstitusiyanın bütünlüklə sistemini və onun normalarının məntiqi uyğunluğunu müəyyənləşdirir. Əsas Qanun azadlıq və məsuliyyət arasında balans yaratmağa çalışır. İnsan hüquqlarını özündə təsbit və onların müdafiə üsullarını əks edən Azərbaycan Respublikası Konstitusiyası bu hüquqların qorunmasının sərhədlərini müəyyən edərkən cəmiyyətimizin ənənəvi dəyərləri ilə aşkar ziddiyyət təşkil edən“hüquqları” tanımır. Beləliklə, insan hüquqlarına digər dövlətlərin konstitusiyalarında fərqli yanaşmalar mövcuddur ki, bu da yeni məzmun kəsb edir və insan hüquqları anlayışına özünəməxsus, orjinal və qeyri-standart mövqeylər nümayiş etdirir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev Əsas Qanunu məhz bu ideyalar əsasında formalaşdırmışdır. Ulu Öndərin iradəsi, geniş dünyagörüşü, dərin bilikləri və intuisiyası Azərbaycan konstitusionalizmi tarixində yeni tarixi mərhələnin başlanmasına, ölkəmizin həyatında yeni səhifənin açılmasına təkan vermişdir.

İnsan hüquq və azadlıqlarına dair ümumi prinsiplər və normalar Konstitusiyanın ən çox tətbiq olunan hissəsinə çevrilmişdir. Dövlət orqanları sistemi, onların arasındakı səlahiyyət bölgüsü haqqında konstitusion müddəalar qəti və birmənalı şəkildə dərk olunaraq sabit və səmərəli şəkildə fəaliyyət göstərir, bu da Konstitusiya normalarının uğurlu təcəssümünə zəmin yaradır.

Konstitusiya müasir hüquqi tənzimləmənin təməlidir. 1995-ci il Konstitusiyası zamanın sınağından uğurla çıxmışdır, son 25 ildə Əsas Qanuna təkmilləşdirici bəzi dəyişiklik və əlavələr edilməsi buna sübutdur. Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, son iyirmi beş il ərzində Konstitusiyanın müddəalarının həyata keçirilməsi prosesi uğurla davam etmişdir. Subyektlərin bərabərliyi, müqavilə azadlığı və sahibkarlıq fəaliyyəti prinsiplərinə əsaslanan Konstitusiyada təsbit olunmuş mülki hüquq normaları əsasında yeni mülki qanunvericilik formalaşdırılmışdır. Vətəndaşlar qarşısında sosial öhdəlikləri yerinə yetirmək imkanı verən müasir büdcə sistemi yaradılmışdır.Cinayət qanunvericiliyimiz beynəlxalq standartlara uyğunlaşdırılmışdır.Əməl cinayət kimi tövsif olunarkən və cəza təyin edilərkən təqsirsizlik prezumpsiyası və hüquqi müəyyənlik prinsiplərinin reallaşdırılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının bütün qanunvericiliyi son 25 ildə Konstitusiyanın müddəaları əsasında tamamilə yenilənmişdir. Hüquqi bazanın yenilənməsi, ölkədəki bütün idarəetmə səviyyələrində minlərlə normativ aktın dəyişdirilməsi ilə bağlı böyük işlər həyata keçirilmişdir.Eyni zamanda, Konstitusiyanın təməl dayaqları dəyişməz qalaraq qorunub saxlanılmışdır ki, bu da onun yaratdığı hüquqi tənzimləmə sisteminin səmərəliliyini, Əsas Qanunun zəngin potensialını, onun təməl prinsiplərinin çevik icra mexanizmi ilə vəhdət təşkil etdiyini nümayiş etdirir.

Konstitusion normalarının həyata keçirilməsi onun prinsiplərinin çoxsaylı qanunvericilik aktlarının və qanun qüvvəli aktların normaları ilə təmin edilməsini şərtləndirir. Bu prinsiplərin inzibati və məhkəmə təcrübəsində həyata keçirilməsi, onların təfsirinə və tətbiqinə ümumi

yanaşmaların işlənib hazırlanmasıtələb olunur. Eyni zamanda başlıca vəzifəsi Konstitusiyamızın əsas müddəalarının həyata keçirilməsi üzərində işi davam etdirmək olacaq yeni nəsil hüquqşünasların yetişdirilməsinə imkan yaradan konstitusion-hüquqi doktrinanın işlənib hazırlanması zəruridir.

Son 25 ildə bu istiqamətdə böyük yol qət edilsə də, hələ görüləsi işlər çoxdur. Bu gün ölkəmizdə dövlət aparatı 25 il əvvəlkindən fərqli tərzdə işləyir. Bu, xeyli dərəcədə gələcək illər üçün hüquq və dövlət sisteminin inkişaf vektorunu müəyyən etmiş konstitusiya normaları sayəsində mümkün olmuşdur.

Unutmamalıyıq ki, 25 il əvvəl Əsas Qanunun milyonlarla vətəndaşın səsi ilə xalqın iradəsini ifadə etməsi yolu ilə qəbul edilməsi ona nə ölkə daxilində, nə də xaricində heç kim tərəfindən mübahisələndirilməsi mümkün olmayan xüsusi legitimlik qazandırmışdır. Azərbaycan Konstitusiyasının legitimliyi və ümummilli xarakteri müasir idarəetmə modelinin, müxtəlif hakimiyyət qolları arasındakı münasibətlər sisteminin ahəngdar şəkildə formalaşmasını təmin etmişdir.

Konstitusiyanın qəbul edilməsinin ən mühüm nəticəsi bütün dövlət və ictimai həyatın qanuni, konstitusion müstəviyə qayıtması, siyasi problemlərin həlli yolları kimi zorakılıq və qarşıdurmanın rədd edilməsi olmuşdur. Əsas Qanunun qəbul edilməsi sayəsində ölkəmizdə siyasi sabitlik dövrü başlanmış, siyasi mübarizə küçələrdən parlamentə keçərək öz formasını dəyişdirmişdir. Konstitusion inkişaf yolu bizə həqiqətən suveren və müstəqil dövlət qurmağa, müasir demokratik ölkələr ailəsinə daxil olmağa imkan yaratmışdır. Azərbaycan beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmağa nail olmuşdur. Ölkəmiz digər dövlətlərlə birlikdə beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, xalqların əməkdaşlığı və beynəlxalq terrorizmə qarşı mübarizə prinsiplərini ardıcıl olaraq müdafiə edir.

Bu gün Azərbaycan konstitusionalizminin inkişafı hansı istiqamətlərdə proqnozlaşdırıla bilər? Bu sualı cavablandırmaq üçün Konstitusiyanın

mətninə müraciət edək. Konstitusiyanın 71-ci maddəsinin birinci hissəsində göstərilir: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.”

Son 25 il ərzində səlahiyyətləri qanunla dəqiq şəkildə müəyyənləşdirilmiş dövlət orqanları sistemi formalaşmışdır. Eyni zamanda, ölkənin inkişafının ümumi vəzifələrini həll etmək üçün onların fəaliyyətinin lazımi koordinasiyası təmin edilir. Müasir məhkəmə sisteminin yaradılması üçün çox iş görülmüşdür, prosessual məcəllələr və məhkəmə sistemi ilə bağlı digər qanunvericilik aktları qəbul edilmişdir, məhkəmələr ixtisaslı kadrlarla təmin olunmuşdur, son illərdə məhkəmələrin layiqli maliyyə təminatı üçün böyük addımlar atılmışdır.

Növbəti mərhələ bütün dövlət orqanlarının müasir hüquqi, sosial və demokratik dövlət quruculuğu prinsiplərinin, konstitusion quruluşun əsaslarının bütünlüklə reallaşdırılmasına istiqamətləndirilməsinin təmin olunmasını tələb edir. Konstitusiyanın müddəalarına əsasən, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhz dövlət hakimiyyət orqanları təmin etməlidir. Onlar yalnız insan hüquqlarının və azadlıqlarının tanınmasına və qorunmasına görə deyil, həm də inkişaf etdirilməsinə görə məsuliyyət daşıyırlar. Bu baxımdan növbəti mərhələdə insan azadlığının inkişafına, vətəndaşların təşəbbüskarlığının təşviqinə keçid tələb olunur. Bu şəraitdə Konstitusiyanın əsas götürdüyü demokratik, hüquqi və dünyəvi dövlət ideallarının təcəssümü istiqamətində irəliləməyə imkan verəcək proseslərin başlıca təminatçılarından biri kimi məhkəmələrin üzərinə böyük məsuliyyət düşür. Bəşəriyyət tarixində məhz məhkəmə hakimiyyətinin gücləndirilməsi bütövlükdə insan hüquqlarının inkişafına səbəb olmuşdur. Səmərəli və müstəqil ədalət mühakiməsi insanların pozulmuş hüquqlarının təmininin ədalətli təntənəsinə və onların Konstitusiyaya inamını gücləndirir.

Eyni zamanda unutmamalıyıq ki, insan hüquqları sahəsində ədalət mühakiməsi mühüm bir vəzifənin həllinə – azadlıqların qorunmasına, vətəndaşların hüquqlarını məhdudlaşdırmağa yönələn qanunsuz cəhdlərin

qarşısının alınmasına yönəlmişdir. Konstitusiyanın qəbulundan sonra keçən illər ərzində ölkəmizin məhkəmə sistemi Əsas Qanunun ona həvalə etdiyi missiyanı müstəqil şəkildə həyata keçirmək qabiliyyətini əyani şəkildə nümayiş etdirmişdir.

Konstitusiyanın normalarının aliliyinin və digər aktların ona uyğunluğu xüsusi məhkəmənin – Konstitusiya Məhkəməsinin qərarları ilə təmin edilir. Belə bir qurumun fəaliyyəti sayəsində Konstitusiyanın müddəalarının sabitliyinə və real tətbiqinə şərait yaranır, konstitusion müddəalar konkret praktik məzmun kəsb edir.

Biz Konstitusiyanı qorumalıyıq, çünki Əsas Qanunun müddəaları bizə gələcəyə inamla və ümidlə baxmağa imkan yaradır.

 

Şükürov Nəsib

Hüquq üzrə fəlsəfə doktoru

Bakı Dövldət Universitetinin dosenti

Konstitusiya hüququ üzrə ekspert.

Bənzər yazılar