Nadir İsrafilov: Ümid edirik ki, bu Fond tələbələrimizin sosial müdafiəsi baxımından gözləntilərimizə cavab verəcək

Arzularımız içində mühüm yer tutan ali təhsil almaq, həm də gələcəyimiz üçün çox önəmli rol oynayır. Bəzən maddi səbəblərdən həm şagirdin, həm də valideynlərin bu istəyi ürəyində qalır. Azərbaycanda təhsil haqlarının  orta hesabla, təxminən, 1000-3000 manat arasında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin çətinliyi daha aydın olur.

Tələbə Kredit Fondu xarici ölkələrin təcrübəsində

Bu məsələnin həlli yollarından biri də tələbə kreditlərinin tətbiqi idi ki, bu sistem  artıq dünyanın bir çox ölkəsində mövcuddur. Xarici ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var.

Valideyn və tələbə olmaq istəyənlərə müjdə

Azərbaycanda tələbələrin bir hissəsi dövlət sifarişi hesabına, bir hissəsi öz hesabına oxuyur. Bu baxımdan,  əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə  iyunun 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Təhsil Tələbə Krediti Fondu öz hesabına təhsil alan tələbələri əhatə edəcək.

Qeyd edək ki, tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

Bəs, bu fürsətdən yararlanmaq istəyənlər nələri bilməlidirlər?

Kreditlər tələbənin özünə deyil, təhsil müəssisəsinə ödəniləcək

İyunun 18-də təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, Təhsil Tələbə Krediti Fondundan özəl və dövlət ali məktəblərinin tələbələrinin kredit götürməsində heç bir fərq olmayacaq. Kredit verilərkən daha çox tələbənin əhatə olunması burada əsas şərtlərdəndir. Təhsil Tələbə Krediti Fondunun kreditləri verilərkən birinci – sosial həssas qrupdan olan tələbələrin ailələrinin gəlirləri, valideynlərin işsizliyi, maddi və sosial məsələlər nəzərə alınır. İkinci – standart qrupda isə ilk öncə kredit akademik nailiyyətləri olan tələbələrə veriləcək. Bu kreditlər hər tədris ili üçün ayrılıqda ödəniləcək. Təhsil Tələbə Krediti Fondunun kreditləri tələbənin özünə deyil, təhsil müəssisəsinə ödəniləcək.

Tələbə təhsilini bitirdikdən sonra 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər

Nazir qeyd edib ki, təhsil krediti istehlak kreditlərindən fərqli olacaq. Əgər istehlak kreditində faizlər iki rəqəmli olursa, burada faiz dərəcəsi sıfra yaxın, yəni, çox cüzi və simvolik olacaq. Təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlığı deməkdir. Fond dövlət büdcəsindən müəyyənləşir, nizamnamə fondu 80 milyon manatdır. Gələcəkdə Fondun maliyyəsi digər mənbələrdən də artırıla bilər. Bu kredit kommersiya xarakteri daşımır. Tələbə təhsilini bitirdikdən sonra 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər.

Tələbələrin krediti qaytarmaq istəməməsinə gəlincə, nazir qeyd edib ki, burada nəzarət mexanizmləri də olacaq: “Vətəndaş krediti qaytararsa, başqa vətəndaşlar ondan yararlanacaq. Biz çalışacağıq ki, tələbələr sosial məsuliyyət hiss edərək onları qaytarsınlar”.

E.Əmrullayev, həmçinin bildirib ki, tələbə hansısa səbəbdən krediti ödəyə bilmirsə, ona müəyyən müddət möhlət hüququ verilə bilər: “Kreditin verilməsi ilə bağlı Himayəçilər Şurası tərəfindən yuxarı hədd müəyyən olunacaq. Təhsil haqqının ən çox hansı faizi maliyyələşə bilərsə, həmin hissə ödənilə bilər. Sosial həssas əhali qrupu üçün bu, 100 faizdir. Standart qrupda isə yuxarı hədd vəziyyətdən asılı olaraq dəyişəcək”.

Fondunun kreditlərindən xaricdə təhsil almaq istəyən tələbələr yararlana bilməyəcəklər

Emin Əmrullayev vurğulayıb ki, Təhsil Tələbə Krediti Fondunun kreditlərindən xaricdə təhsil almaq istəyən tələbələr yararlana bilməyəcəklər. Bu kreditlər Azərbaycan universitetləri üçün nəzərdə tutulub. Fondun kreditləri Azərbaycanda təhsil alan əcnəbi tələbələrə də şamil edilməyəcək.

Təhsilin inkişafı dövlətimiz üçün prioritetdir

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədinə xidmət etməklə yanaşı, həm də təhsilin dövlətimiz üçün prioritet sahə olduğunun bir daha nümayişinin bariz nümunəsidir.

Ekspert əlavə edib ki, bu kredit sosial baxımdan həssas ailədən olan tələbələrlə yanaşı, həm də uğur göstəricisi yüksək olan tələbələrə də çox böyük dəstək olacaq: “Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılması, Fondun fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyətinin həyata keçirməsi aşkarlıq və şəffaflığın təmin olunmasına təminat verən amillərdən biri olacaq.”

N.İsrafilov vurğulayıb ki, tələbə kreditinin məcburi deyil, könüllü olması,  kreditləri tələbə təhsilni baş vurduqdan sonra qaytara bilməsi, Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi, Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi və bunun məhz Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi,  Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etmək və digər məsələlərin tapşırılması, dövlət tərəfindən təhsil sistemimizə olan inamı bir daha artırır.

Həmsöhbətimiz qeyd edib ki, ümid və arzu edək ki, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması üçün tədbirlər görülməsi, Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi, fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi,  fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxılması və qanunla müəyyən edilmiş tədbirlər görülməsi,  Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək kimi hüquq və vəzifələrin həyata keçirilməsi təhsilimiz və tələbələrimizin sosial müdafiəsi baxımından gözləntilərimizə yeni impuls verəcək.

Yaqut Ağaşahqızı

Bənzər yazılar