Pedaqoji elmin müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan- p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim 40 ildir ki, ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. İlham müəllimin atası professor Bəşir Əhmədov respublikanın görkəmli pedaqoqu, pedaqogika və azərbaycan dilinin tədrisi metodikası üzrə öz sözünü demiş tanınmış alim olmuşdur.

İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Dəfələrlə ADPU rektorunun əmri ilə təşəkkürnamə və mükafatla təltif edilmişdir. İlham müəllimin elmi-metodik fəaliyyətinə nəzər yetirdikdə görürük ki, o, təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf problemlərinə dair, respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən artıq elmi-metodik məqalə dərc etdirmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxstan, Moldova, Gürcüstan və Özbəkstanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. 2010-2017- cü illərdə müxtəlif vaxtda Anadolu Universiteti, RF “Müasir Humanitar Universiteti” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olmuşdur. Respublika Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” jurnalının və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının Redaksiya Şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, elmi katibi, 5 il ADPU elmi-metodik şurasının üzvü kimi

ictimai işlərdə fəal iştirak etmişdir. 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur. Son 10 ildə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial yönümlü layihələrində, həmçinin təhsil və İKT yönümlü, universitetdaxili layihələrdə menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir.

İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından biri olmuş, bu sahədə ölkədə ilk məqalələrin müəllifi olmuşadur. Belə ki, 1985-ci ildə təhsilin informatlaşmasına dair respublikada ilk məqalənisini “Azərbaycan məktəbi” jurnalında dərc etdirmişdir (pedaqoji mətbuatımızda ilk dəfə distant təhsil haqqında məlumat vermişdir), sonralar təhsilin informatlaşdırılması mövzusunda onlarca innovativ məzmunlu məqalələr yazmış və layihələr icra etmişdir.

Distant təhsilə dair ölkəmizdə ilk Beynəlxalq konfrans 2001-ci ildə keçirilmişdir. İlham müəllim bu konfransda məruzə etmiş və bu mövzuda ilk məqaləsini dərc etdirmişdir. İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” sənədini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərdə müsahibələr vermişdir. Təəssüf ki, təhsil məmurları uzun müddət onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu təkliflərə vaxtında reaksiya verilməmişdir. Bu gün distant təhsillə əlaqəli ölkədə yaranmış vəziyyət onun nə qədər haqlı olduğunu bir daha təsdiq etdi.

İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant təhsil və rəqəmsal təhsil, ali məktəb problemlərinə həsr edilmiş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif saytlarda dərc edilmiş, TV-lərə seriya müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli maraqlı ideya və təkliflər yer alır.

İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları ölkəmizdə və T.C.-də böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və

T.C. universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” kimi tezisi bu yaxınlarda Bakıda səfərdə olan T.C. milli təhsil naziri Ziya Selcuqun ölkəmizdə baş tutan görüşlərində də qeyd edilmişdi.

İlham müəllimin bu ay 65 yaşı tamam olur, onu bu münasibətlə təbrik edir, gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər, can sağlığı və uzun ömür arzu edirəm.

Prof. Şahlar Əsgərov,

əməkdar elm xadimi

Bənzər yazılar