Konstitusiya hüquqnormaları öz ifadəsini müxtəlif formalarda tapır. Bu mənbələr həm yazılı, həm də yazılmamış xarakter daşıya bilər, onlar normativ-hüquqi aktlardan, hüququn ümumi prinsiplərindən, təbii hüquqdan, adətlərdən, məhkəmə presedentlərindən və bəzi beynəlxalq-hüquqi aktlardan ibarətdir. Onların məntiqi ardıcıllığından əmələ gələn iyerarxik sistem müxtəlif mənbələrin hüquqi qüvvəsinin dərəcəsi və prioriteti baxımından nisbətini təmin edir ki, bu da hüquq tətbiqi üçün zəruridir.

Konstitusiya hüququnun mənbələri (konstitusiya, qanun, fərman və digər normativ hüquqi aktlar), demək olar ki, konstitusiya hüququnun bütün institutları üçün xarakterikdir.

Konstitusiya hüququnun mənbələri mahiyyət etibarilə, bəzi aktların digərlərinə nisbətən daha yüksək hüquqi qüvvəli akt  rolunu oynaması ilə sistem təşkil edir (məsələn, qanuna və ya prezidentin fərmanına nisbətən Konstitusiya, prezidentin fərmanına və hökumətin qərarına nisbətən qanun). Bu və ya digər münasibətləri tənzimləyən hüquq normasının hansı formada həyata keçirilməsi önəmlidir, bunun üçün ciddi nəzarət olmalıdır. Məsələn, hökumətin qərarı və ya hətta qanunla icra hakimiyyətinin əsas səlahiyyətləri genişləndirilə bilməz (bunun üçün başqa qayda konstitusiyalarda müəyyən edilmədiyi halda bu mövcud normanı qəbul edən subyekt tərəfindən qaydalara uyğun olaraq Konstitusiyaya əlavələr, dəyişikliklər və düzəlişlər edilə bilər). Başqa bir misal. Azərbaycan Respublikasının Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir(23-cü maddənin üçüncü hissəsi) onlara əlavə və dəyişikliklərdə onların qəbul edildiyi qaydada edilir. Hüquqi göstərişlərin rəsmiləşdirilməsi qaydasına riayət olunması  konstitusiya qanunçuluğu üçün vacib şərtdir.

Konstitusiya hüququnun mənbələri iki əsas sahəni təşkil edir: təbii hüquq və pozitiv hüquq.

Hüquq yalnız onun yazılı hissəsi, pozitiv hüquqla məhdudlaşdırıla bilməz. Bu, insan hüquq və azadlıqlarının mühafizə mexanizmini özündə əks etdirən konstitusiya hüquq normaları üçün xüsusilə vacibdir. Pozitiv hüquqi tənzimləmədən əlavə, hüququn mahiyyətini təşkil edən azadlıq və ədalət haqqında ümumbəşəri təsəvvürlər mövcuddur. Bu təsəvvürlər  əbədi dəyərlərə istinad edir və hər hansı bir hüquq sisteminin demokratikliyi üçün əsas meyar rolunu oynayır.

Təbii hüquq bəşəriyyət tərəfindən tarixən hər insana doğulduğu andan etibarən xas olduğu tanınan hüquq və azadlıqları ehtiva edir. Bu hüquq və azadlıqlar dövlətin iradəsindən asılı deyildir, dövlət bu ilkin əxlaqi və ağlabatan imperativləri tanımaq, onlara hörmət etmək və təmin etmək məcburiyyətindədir.

Təbii hüququn insana xas olan azadlıq vəziyyəti və müəyyən ayrılmaz hüquqlar kimi dərki hələ antik dövründə formalaşmışdır. Bu ideya Aristotel və digər böyük mütəfəkkirlər tərəfindən inkişaf etdirilmişdir. Pozitiv hüququn (mülki hüquq) inkişaf etdiyi Roma hüququ da təbii hüququ tanıyırdı. Məsələn, Siseron birbaşa təbii hüquqa zidd olan qanunun tanına bilinməyəcəyini söyləyirdi.

Təbii hüquq 17-18-ci əsrlərdə Avropa və Amerikada baş verən demokratik inqilabların əsas məqsədlərini müəyyənləşdirdi və inkişaf etmiş ölkələrdə dövlətin mövqeyini təyin edən hüquqi dövlət konsepsiyasının əsasını təşkil etdi. Marksizm yalnız dövlət tərəfindən yaradılan qanunun mövcudluğunu qəbul edərək, təbii hüququ qətiyyətlə rədd edirdi.

Dövrümüzdə təbii hüquq hər yerdə tanınmış, ümumbəşəri ideallar aydın  hüquqi forma kəsb etmişdir. Buna görə də təbii azadlığa, ədalətə, bir sıra hüquqların ayrılmazlığına istinadlar  bu və ya digər insan əməllərinin təminatları və ya əsaslandırılması kimi vacib görünməyə bilər. Məsələn, Azərbaycan Respublikasının qüvvədə olan  Konstitusiyasında bütün əsas təbii hüquqlar (yaşamaq, şəxsin toxunulmazlıq, mülkiyyət, fikir və söz azadlığı və s.) dəqiq təsbitini tapmışdır. Bu, pozitiv qanunun getdikcə təbii hüquqla birləşdiyini göstərir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır(24-cü maddənin 2-ci hissəsi). Hüquq və azadlıqlara analoji konseptual yanaşma bir çox ölkənin konstitusiyasında əsas götürülür.

Təbii hüquqlar insan hüquqlarının qorunması mexanizimində öz rolunu vəəhəmiyyətini saxlayır. İnsanlar öz fəaliyyətləri ilə yeni ictimai  problemlərə yol açırlar ki, onların hüquqi həlli çoxsaylı hüquq normasının qəbul edilməsi zərurəti ilə əlaqədar bəzən insanın konstitusion azadlığının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu səbəbdən heç vaxt məqsədəuyğunluğa qurban verilməyəcək müəyyən minimum toxunulmaz insan hüquqlarının mövcudluğu zəruridir. Təbii hüquq pozitiv qanunun tətbiqi prosesində “görünmədən” mövcud olaraq,  vətəndaşların, qanunvericilərin, məmurların, hakimlərin hüquqi şüurunun təməli kimi qalmalıdır.Bu gün təbii hüquq, parlament, prezident, icra və məhkəmə hakimiyyətləri və yerli özünüidarəetmə üçün ali imperativ kimi qəbul edilməlidir. Müəyyən insan hüquq və azadlıqlarının ayrılmazlığının preventiv təsiri azad vətəndaş cəmiyyətinin mövcudluğu üçün təminatdır.

Pozitiv hüququn prioritetinə, hüququn tamamilə “normativist” şərhinə çağırışlarobyektiv surətdə insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi naminə hüququn demokratik islahatına mane olur.

Konstitusiya hüququnun mənbələri sırasında ən mühüm yeri konstitusiya tutur. O, konstitusiyalı demokratikhər birdövlətin əsas qanunudur.Konstitusiyalarda adət normalarının olması əsasında onlar yazılı formada mövcud olmaya da bilər (Böyük Britaniya). Konstitusiyaların formal mənada mövcud olması, onun digər aktlara nisbətən ali hüquqi qüvvəyə malik olmasını şərtləndirir. Demokratik və hüquqi dövlət qurmaq üçün başlıca məsələlərdən biri konstitusiya qurluşunun prinsiplərinin tam təsbit edildiyi Konstitusiyanın qəbul edilməsidir. Belə halda dövlət tam mənada hüquqa tabe olunmuş olur.

Konstitusiya özündə ən mühüm norma və prinsipləri müəyyənləşdirir, onların əsasında müxtəlif formalarda ətraflı hüquqi tənzimləmə yaradılmış olur. Konstitusiyaümümxalq səsverməsi yolu ilə qəbul edildiyi üçün birbaşa hüquqiqüvvəyə malikdir, yəni onun normalarınıntətbiqi üçün əsasən əlavə tənzimləyici akta ehtiyac olmur. Bir sıra ölkələrdə (xüsusən də Fransada) qəbul edilən üzvi qanunlar konstitusiyaya əlavə kimi çıxış edir. Bu hallaKonstitusiyanınmaddələrinin dəyişdirilməsinin xüsusi qaydası nəzərdə tutulur, bu da konstitusiyanın  adi qanunlarla müqayisədə müstəsnalığını göstərir.

Müstəqil dövlətimizin yeni əsas qanununun layihəsiUlu Öndər Heydər Əliyevin sədrliyi ilə formalaşdırılmış Konstitusiya komisiyası tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-də dərc edilərək qüvvəyə minmişdir. Cəmiyyətimizin sürətli inkişafının və sosial sifarişin tələblərinə uyğun olaraq 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsvermələrində (referendumlarda)  Konstitusiyamıza bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə əsasən Milli Məclis öz səlahiyyətlərini realizə edərkənkonstitusiyanınəsas mənbələrindən olan konstitusiya qanunları və qanunlar qəbul edir.Yalnız konstitusion-hüquqi məzmuna malik olan qanunlar(yəni dövlət, cəmiyyət, insan və vətəndaşın hüquq və azadlıqları, yerli özünüidarəetmə və yerli özünüidarəetmə ilə bağlı münasibətləritənzimləyən qanunlar) konstitusiya hüququnun mənbəyi qismində çıxış edir.  Aydındır ki, parlamentlər digər hüquq sahələrinin mənbəyi olan bir çox başqa qanunlar da qəbul edir. Cəmiyyətdə bir çox vacib məsələlərə dair münasibətlərin tənzimlənməsinin sadələşdirilməsi üçün bəzən adi qanunlarının qəbul edilməsinə daha səmərəli olur.

Konstitusiya hüququnun mənbələrinin iyerarxiyasında konstitusiya qanunları daha yüksək yer tutur. Vətəndaşların hüquq və azadlıqlarına, dövlətin səlahiyyətlərinə aid ən vacib mövzularla bağlı konstitusiyanın özündə müəyyən edildiyi hallarda və qaydada konstitusiya qanunları qəbul edilə bilər. Konstitusiya qanunları iki məsələ ilə bağlı qəbul edilir. Birincisi konstitusiyanın özündə nəzərdə tutulmuş münasibətlərin yalnızkonstitusiya qanunlarının qəbulu edilməsi ilə tənzimlənməsi təsbit olunduğu halda, ikincisi isə konstitusiyanın 156 –cı madəsinə əsasən konstitusiyanın mətninə əlavələr edilməsi ilə bağlı olduqda. Konstitusiya qanunları Konstitusiyamızın ayrılmaz tərkib hissəsidir. Konstitusiya qanunlarının qəbulunun mürəkkəb prosedur qaydasının olması onun həll etdiyi məsələlərin mahiyyəti, mühümlüyü və vacibliyi ilə bağlıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir(148-ci maddənin 2-ci hissəsi). Konstitusiyamız müəyyən məqamlardabeynəlxalq hüququn daxili hüquqdan üstünlüyünü müəyyən edən normaları özündə ehtiva edir.Bu xüsusiyyət özünü Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində əks etdirmişdir. Belə ki, bu maddəyə əsasənAzərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.Bu qeyd olunandan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin konstitusiya hüququnun mənbələri sistemində yeri Konstitusiyanın 148-ci maddəsinin birinci hissəsində Referendumla qəbul edilmiş aktlardan sonradır.

Azərbaycan Respublikası Prezidentinin fərmanlarıAzərbaycan Respublikasının Konstitusiyasına, Referendumla qəbul edilmiş aktlara, qanunlarına zidd olmamalıdır. Prezidentin qəbul etdiyi aktlar normativ və qeyri-normativ ola bilər. Prezidentin normativ aktları onun konstitusiya səlahiyyətləri əsasında fərmanlar formasındaqəbul olunur.Prezidentin qeyri-normativ aktları müəyyən bir qanunun tətbiqiilə, fəaliyyət müddəti baxımından və şamil olunduqları şəxslərin dairəsinə görə məhdud xarakter daşıyır. Prezident öz səlahiyyətləri daxilində fərmanlar qəbul edir, bəzənoperativ tənzimləmə tələb edən məsələlər meydana  çıxdıqda, ayrı-ayrı məsələlərə dair müvafiq qanunlar qəbul edilib qüvvəyə minənə qədərolan müddətdə fərmanlarla o münasibətlər tənzimləmiş olur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərarlarınormativ əhəmiyyət daşımır və konstitusiya hüququnun mənbəyi qismində çıxış etmir. Yalnız müvafiq hüquq sahəsində münasibətləri tənzimləyən ümumməcburi normaları ehtiva edən aktlar belə mənbələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün aktları Azərbaycan Respublikasının Konstitusiyasına, Referendumla qəbul edilmiş aktlara, qanunlarına və Prezidentin fərmanlarına uyğun olmalıdır.Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri aktlar Nazirlər Kabinetinin aktlarına zidd olmamalıdır.

Konstitusiya hüququnun mənbələri sistemində Konstitusiya nəzarəti orqanlarının qəbul etdikləri qərarlarda mühüm yer tutur. Konstitusiya nəzarəti orqanları tərəfindən konstitusiyaya zidd hesab edilən hər hansı bir akt və ya onun ayrı-ayrı müddəaları hüququ qüvvəsini itirir. Konstitusiyaya uyğun olmayan beynəlxalq müqavilələr qüvvəyə minmir və tətbiq olunmur.

Ölkəmizdə məhkəmə presedenti konstitusiya hüququnun mənbələri sistemində qeyd olunmamışdır, bu presedentlər məhkəmə müdafiəsində mühüm rol oynadığı anqlo-sakson ölkələri (ABŞ, İngiltərə və s.) üçün xüsusiləxarakterikdir.

Bir sıra xarici dövlətlərin konstitusiya hüququnda adət və doktrinalar (görkəmli hüquqçu alimlərin fikirləri) konstitusiya hüququnun mənbələrindən biri olmaqla tədqiq olunur.Lakin ölkəmizdə adət və doktrinalarkonstitusiya hüququnun mənbələri sisteminə daxil edilmədiyi üçün bunların bizdə konustitusiya hüquq nəzəriyyəsindəvə praktikasındageniş araşdırılmasına zərurət görülməmişdir.

 

Nəsib Şükürov

Hüquq üzrə fəlsəfə doktoru

Bakı Dövldət Universitetinin dosenti

Konstitusiya hüququ üzrə ekspert.

Bənzər yazılar