Bu ölkədə ikili təhsil qazanan azərbaycanlı yeniyetmə: “Məktəbi evə götürmürük, dərsi məktəbdə öyrənirik”
Mektebgushesi.az “Kaspi” qəzetinə istinadən xəbər verir ki, 5-ci sinfə qədər Azərbaycanda təhsil alıb. 6-cı sinfə başlayanda ailəsi Finlandiyaya köçüb. O da təhsilini bu ölkədə davam etdirməli olub. Bu il 9-cu sinfi əla qiymətlərlə bitirib, göstəricilərinə görə 100 şagirdin içərisindən ilk onluqda yer alıb və yüksək balla ikili təhsil hüququ qazanıb. Yəni növbəti 3 ildə həm liseydə, həm də kollecdə təhsil alacaq. Söhbət Finlandiyanın paytaxtı Helsinkidə yaşayan azərbaycanlı gənc Elgün Malikovdan gedir.
Elgünün bu nailiyyətini eşidib onunla və valideynləri ilə söhbətləşmək qərarına gəldik.
İlk olaraq bildirək ki, Elgün 2004-cü il avqustun 31-də Şabran rayonunda anadan olub. Yəni 17 yaşı var. Finlandiyaya köçəndə 2 sinif aşağıdan başlayıb. Fin dilini daha da mükəmməlləşdirmək üçün bu cür seçim edilib.
Elgün Finlandiyaya köçəndə düşünürmüş ki, fərqli ölkəyə gedir, məktəbə, dərslərə uyğunlaşmaq çətin gələcək, ancaq elə olmur: “Əvvəlcə ilk 6 ay dil kursuna getdik. Ordakıların hamısı fərqli ölkələrdən gələnlər idi. İstər-istəməz bu da motivasiya verirdi. Sinifdə heç kim fin dilini bilmir, hamı eyni yerdən başlayır. Həm də müəllimlər daim yanımızda idi, həvəsdən düşməyə imkan vermirdilər, dəstək olurdular”.
“Hansısa şagird digərinə gülürsə…”
Elgün Finlandiyanın təhsil sistemində bəyəndiyi nüanslardan da danışdı: “Azərbaycanda dərs danışan zaman lövhə qarşısına çıxırdıq. Bu, həyəcanlı proses idi. Burda heç bir müəllimin lövhəyə çıxıb dərs danışmaq kimi qaydası yoxdur. Nəyisə bilməmək ayıb deyil. Müəllimlər səhv edən şagirdin yanında olurlar. Ümumiyyətlə, müəllimlər diqqət edirlər ki, kimsə səhv edəndə başqa uşaqlar ona gülməsin. Hansısa şagird digərinə gülürsə, müəllim qışqırmır, onu acılamır, sadəcə izah edir ki, gülməyin faydası yoxdur. Deyir ki, o, sizin dostunuzdur, bilmirsə, öyrədin”.
Elgün bildirdi ki, Finlandiyada olduğu müddətdə məktəbə getməklə bağlı motivasiyasının düşdüyü zamanlar olmayıb: “Heç vaxt motivasiyam düşmürdü ki, sinifdəkilərdən dili az bilirəm, dərsə getməyim və s. O qədər yanımızda olurlar, pozitiv enerji verirlər ki, adam hər gün məktəbə getmək istəyir”.
Məktəbdə keçirilən vaxt müddətinə gəlincə, Elgün bunları söylədi: “Gün ərzində məktəbdə 6-8 saat vaxt keçiririk. Əvvəllər bir dərs müddəti 45 dəqiqə idi, sonra 90 dəqiqə etdilər. Çünki bəzi fənlərdə dərs yarımçıq qalırdı. Bir gündə 3-4 dərs olur. Dərs arası tənəffüs isə 30 dəqiqə olurdu. Pandemiya dövründə dərsdə maskada olurduq deyə tənəffüs müddətini uzadıb 45 dəqiqə etdilər. Bəzən dərsi 10-15 dəqiqə tez bitirirlər, çıxıb bayırda oyun oynayırıq”.
“Utancaqlıq özü gedir”
Elgünün anası Nuranə Məlikovanın sözlərinə görə, ev tapşırığının olmaması uşaqları yormamaq cəhətdən çox yaxşıdır: “Azərbaycanda sistem elədir ki, müəllimlər istər-istəməz evə tapşırıq verirlər. Elgün Azərbaycanda oxuduğu müddətdə ev tapşırıqları çox olurdu. Məktəbdən yorğun gəlsə də, evdə də ev tapşırıqlarını etməli idi. Amma burda məktəbdən evə rahat gəlir, sərbəst olur”.
Elgün utancaqlığın getməsinin səbəblərindən özü də danışdı: “Mən bunu təhsillə yox, sosiallaşma ilə əlaqələndirirəm. Burda hamı pozitiv insandır, neqativ adam tapmaq çətindir. Bu da ünsiyyəti rahatlaşdırır. İstər-istəməz çevrən böyüyür, insanlara alışırsan, sosiallaşırsan, daha çox insanla tanış olursan və belə-belə utancaqlıq özü gedir”
Elçin bəy deyir ki, Finlandiyada bəzən müəllimlər uşaqlara valideynlərin göstərdiklərindən daha çox diqqət və qayğı göstərirlər: “Müəllim hansısa şagirdin bir balaca stressi olduğunu bilsə, bütün işlərini atıb onunla maraqlanır. Valideynlə əlaqə saxlayır, səbəbini tapmaq, həll etmək üçün çalışır. Təkcə təhsilə deyil, uşaqların həm fiziki, həm psixoloji məsələləri ilə bağlı ən xırda nüanslara belə diqqət edirlər”.
Elçin bəy deyir ki, müəllimlər hər uşağa istədiyi formada dərs keçirlər: “Uşaqlara ilin sonunda sual verirlər ki, “növbəti sinfə keçirsən, builki dərsliklə, dərslə bağlı nə deyə bilərsən? Dərslikdə nəyi görmək istəyirsən? Dərsi necə qursaq, sənə daha rahat olar? Sənə daha çox zaman ayırmağa ehtiyac varmı?” Uşağın dediyi hər sözü kompüterə yazırlar və ona əsasən dərsi qururlar. Sinifdə 14-15 şagird var, onların hamısının istəyinə uyğun dərs qururlar, müəllimə, sistemə görə yox”.
Elçin bəy deyir ki, Finlandiya təhsil sisteminin ən böyük üstünlüyü həm də valideynlərin maddiyyatı düşünmək dərdinin olmamasıdır: “Maddiyyat söhbəti yoxdur. Valideyn oturub düşünmür ki, oğlumun biliyi var, amma onun universitetə qəbul olması üçün pul lazımdır. Hazırlığa getməli, təhsil haqqı ödəməlidir və s. O anlam burda yoxdur. Hətta qanuna görə, kollecə, liseyə qəbul olanda, uşağın ləvazimatlarını da dövlət verir”.
“Universitetdə mənə asan olacaq”
Elgün memarlıq və dizayn üzrə təhsil alacaq. Bu seçimi necə etməsinə gəlincə, deyir ki, hələ uşaqlıqdan özünü bu sahədə görür: “Gözümü bağlayanda xəyalımda nəsə qururam. Keçən dəfə tənəffüsdə ağlıma gəldi ki, Helsinkidə liman kimi bir yer var, orda gül formasında bir bina inşa etmək olar. Şüşə formasında, şəhər mənzərəsini tam görürsən. Bu, sadəcə bir güldən ağlıma gəldi. Belə ideyalarım çox olur. Özümü bu sahədə görürəm. Düşünürəm ki, belə bir ölkədəyəm, şansım var, onu istifadə edim”.
Elgün qeyd etdi ki, məktəbdə də ona ixtisas seçimi ilə bağlı daim məlumat veriblər: “Burda bir müəllim var, həyatı öyrədir, iş seçimi ilə bağlı məlumat verir və s. 7-ci sinifdən başlayaraq ixtisaslarla bağlı şagirdlərlə söhbət aparır, onlar haqqında və maaşları barədə ilkin məlumat verir, özün də araşdırırsan. 9-cu sinfə başlayanda deyirlər ki, bu sinfi ciddi qəbul etmək lazımdır. Eyni zamanda artıq ixtisas seçimi ilə bağlı dəqiq bir fikrə gəlməyin vaxtıdır”.
Elgünün nəticəsi yüksəkdir, özünü gördüyü, sevdiyi sahənin ardınca gedir və yaşadığı ölkədə də şansı böyükdür. Ümid edirik ki, bütün bunlar bir yerdə onun gələcəkdə karyerasında uğurlu şəxslərdən olmasına yardım edəcək.