Dərc olunub: 04.11.2021

 

XIX əsrin ikinci yarısına qədər Azərbaycanda tədris müəssisələri mollaxana və mədrəsələrdən ibarət idi. Mollaxanalar ibtidai, mədrəsələr isə ali ruhani məktəbi sayılırdı, başqa sözlə desək, mollaxana aşağı, mədrəsə isə yuxarı dərəcəli hesab olunurdu. Mollaxana mədrəsəyə girmək üçün bir növ hazırlıq rolunu oynayırdı. Həmin təhsil ocaqları, əsasən, məscidin nəzdində olurdu və onda asılı şəkildə fəaliyyət göstərirdi. Burada müəllimlər, bir qayda olaraq, mollalardan ibarət idi. Sonralar bəzi savadlı şəxslər də xüsusi məktəb açırdılar. Mollaxanadan fərqli olaraq, mədrəsədə təhsil pulsuz idi. Mədrəsə açmaq məscid binası tikmək, yol, körpü salmaq kimi savab iş hesab olunur və şəxsi adamların vəsaiti hesabına təsis edilirdi.

Bu fikirlər Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Şuşada dini və şəxsi məktəblər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XIX əsrin 30-cu illərində Şuşada olan altı mollaxana və bir mədrəsədə 143 nəfər oxuyurdu. 1859-cu ildə 10 məscid məktəbi – mollaxana fəaliyyət göstərirdi və cəmi 280 şagirdi vardı. 1863-cü ilin məlumatına görə, Şuşa şəhərində Merdinli məhəlləsində 1892-ci ildə açılmış məktəbdə bir müəllim, 30 şagird; Xocamircanlı məhəlləsində 1844-cü ildə açılmış məktəbdə bir müəllim, 27 şagird; Hamamqabağı məhəlləsində 1838-ci ildə açılmış məktəbdə bir müəllim, 32 şagird; Hacı Yusifli məhəlləsində 1844-cü ildə açılmış məktəbdə bir müəllim, 26 şagird; Çuxur məhəllədə 1841-ci ildə açılmış məktəbdə bir müəllim, 37 şagird; İbrahimxəlil xan məscidi nəzdində 1803-cü ildə açılmış məktəbdə 2 müəllim, 45 şagird; Gövhər ağa məscidi nəzdində 1850-ci ildə açılmış məktəbdə 2 müəllim, 30 şagird; Culfalar məscidində 1855-ci ildə açılmış məktəbdə bir müəllim, 33 şagird; Qurdlar məhəlləsində 1855-ci ildə açılmış məktəbdə bir müəllim və 31 şagird olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Şuşada ilk mollaxana-məktəbi 1771-ci ildə Molla Pənah Vaqif açmışdır. O, saraya cəlb olunandan sonra oğlu Əli ağa bu işi davam etdirmişdir. 1897-ci ildən sonra Şuşada İrandan gəlmiş müdərris-mollalar və yerli ziyalılar tərəfindən mədrəsələr açılmışdı.

Şəhərdəki ailə məktəbləri XVIII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərib. Bu məktəblər rəsmi və qeyri-rəsmi məktəblərdən fərqlənirdi və şərti olaraq belə adlanırdı. Bu, o dövrdə təhsil sisteminin tərkib hissəsi olan bu məktəblərdə, yəni ailədə ata-ana, yaxud ailənin hər hansı bir savadlı üzvünün yanında fərdi təhsil almaq yolu idi. Bir sıra mütərəqqi şəxslər, təhsilli adamlar öz uşaqlarına və qohumlarına məhz evdə savad öyrətməklə məşğul olurdular. Ayrı-ayrı şair, yazıçı və sənət adamlarının tərcümeyi-hallarına nəzər salarkən bu cəhəti aydın görmək olar. Şuşada Ağabəyim ağaya, Gövhər ağaya, Xurşudbanu bəyimə, onun övladlarına, Qasım bəy Zakirin qız nəvələrinə və başqalarına evdə savad öyrətmişlər. Məhz bu ailə məktəbinin təsiri və köməyi ilə onlar dövrünün ən savadlı və mədəni şəxsiyyətlərindən olmuşlar.

Şuşada Gövhər ağanın adını daşıyan məscidin nəzdində açılan tədris ocağı Gövhəriyyə məktəbi adlanırdı. 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məscidini- Gövhər ağa məscidini əsaslı surətdə bərpa etdirəndən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdır. Burada oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Məktəb el arasında “Gövhəriyyə məktəbi” adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsinin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1920-ci ilə qədər fəaliyyət göstərmişdir.

Şuşada ibtidai təhsil verən ana dilli məktəbi “Səfərəli bəyin məktəbi” 1883-cü ildə görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən açılıb. Yay tətili zamanı Şuşada istirahət edən Zaqafqazıya (Qori) Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin ibtidai məktəb müəllimi Səfərəli bəy Vəlibəyov müvəqqəti olsa da, məktəb açaraq uşaqlara savad öyrədirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan iyirmi beş şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. Səfərəli bəy Vəlibəyov şagirdlərə yalnız savad öyrətməklə kifayətlənmir, eyni zamanda, yerli məktəbdarlara səs üsulunun üstünlüyünü izah edir, bu üsulla dərs deməyin əhəmiyyətini əyani şəkildə göstərirdi.

Şuşada üçüncü dərəcəli xüsusi oğlan məktəbi olan Şuşa rus-Azərbaycan məktəbi 1893-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu Camal bəy Fətəlibəyov tərəfindən açılmışdı. Xalq arasında bəzən o, yaradıcısının adı ilə “Camal bəyin məktəbi” adlandırılırdı. Zadəgan Adıgözəlovların evində (ildə 60 manat kirayə haqqı verməklə) yerləşirdi. Məktəb təhsil haqqından toplanan vəsaitlə idarə olunurdu. Ən çox şagirdi olan təhsil müəssisələrindən sayılırdı. 1893-cü ildə 25, 1895-ci ildə 60, 1896-cı ildə 80 şagirdi vardı. İldə hər şagirddən 6-12 manat təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad edilirdi. Onlardan 12-si pulsuz oxuyurdu. Təlim dini üsulla aparılırdı. Məktəbin tədris planına ana dili, rus dili, hesab, rəsmxətt, nəğmə dərsləri daxil idi. İki sinifdən ibarət olan bu məktəbdə şagirdlər iki il ərzində Azərbaycan və rus dillərində mükəmməl savad alırdılar. Mahiyyət etibarı ilə hazırlıq sinfi rolu oynayan bu təhsil müəssisəsi Zaqafqaziyanın xüsusi məktəblərinə aid ümumi qaydalara əsaslanırdı. Burada oxuyanlar şəhər və realnı məktəblərinə daxil olmaq hüququ qazanırdılar. Camal bəy Fətəlibəyov 1896-cı ildə Şuşa qəzasının başqa bir məktəbinə müdir göndərdildiyinə görə onun yerinə müəllim Səməd bəy Ağayev təyin edilmişdi.

Şuşa üçüncü dərəcəli xüsusi məktəbi rus-Azərbaycan məktəbləri tipində Şuşada yeni məktəb idi. 1895-ci il sentyabrın 19-da İrəvan Müəllimlər Seminariyasının məzunu Hüseyn bəy Rüstəmbəyov tərəfindən açılmışdı. Bu tədris ocağı cəmi bir il fəaliyyət göstərib. Hüseynəli bəy Rüstəmbəyovun Şamaxı qəzasının Lahıc kənd məktəbinə dəyişməsi ilə əlaqədar məktəb bağlanmışdı.

Şuşada Mir Möhsün Nəvvabın yeni üsullu ana dilli məktəbi XIX əsrin 90-cı illərində fəaliyyətə başlamışdır. Burda Azərbaycan dili, ədəbiyyat, fars dili və digər fənlər tədris edilir, dünyəvi elmlərdən məlumat verilirdi. Mir Möhsün Nəvvabın çox mühüm xidmətlərindən biri öz məktəbində tədris etmək üçün dərslik və dərs vəsaitləri “Kəşf-ül-həqiqə”, “Kifayət-ül ətval”, “Vüzüh-ül ərqan” və “Nəsihatnamə” adli dərslikləri tərtib etməsidir.

Şuşa müsəlman şiə məktəbi Azərbaycanda ilk müsəlman məktəblərindən biridir. 1840-cu il aprelin 23-də fəaliyyətə başlamışdır. Bu məktəbi açmaqla məqsəd şiə təriqətinə mənsub müsəlman uşaqlarına lazım olan həcmdə şəriət dərsi keçmək və rus dilində müfaviq bilik verməkdən ibarət idi. Təcrübə üçün iki il müddətinə açılmış bu tədris müəssisəsinin maliyyə vəsaiti, əsasən, yerli əhalidən toplanılan ianələrdən ibarət idi. Silki tərkibinə görə şagirdlərin əksəriyyətini bəy, xan və ruhani uşaqları təşkil edirdi. Məktəbin tədris planına şəriət, Azərbaycan dili, ərəb, fars və rus dilləri, hesab, coğrafiya, tarix, hüsnxətt və rus qanunşünaslığı fənləri daxil idi. Hüququ etibarı ilə qəza məktəblərinə yaxın və tip etibarı ilə yeganə olan məktəbdə şagirdlər yaş və bilik dərəcələrinə görə siniflərə bölünürdülər. Birinci sinifdə şagirdlər “Müsəlman kursu” üzrə ərəb əlifbasını öyrənir, Quran oxuyur, Azərbaycan dilinin qrammatikası ilə tanış olurdular. İkinci sinifdə əsas fənn fars dili idi. Burada başlıca olaraq Azərbaycan və Şərq klassiklərinin əsərləri tədris edilirdi. Üçüncü sinfin proqramı daha mürəkkəb idi. Burda ərəb dilinin qrammatikası ilə bərabər ərəb dilində olan kitablar əsasında məntiq, ritorika, şəriət qanunları, Quranın təfsiri, kosmoqrafiya və metafizika öyrədirdilər. Az müddət içərisində Şuşa Müsəlman Şiə Məktəbi özünün uğurları ilə başqa məktəblərdən fərqlənməyə başladı.

Məktəbin ilk buraxılışı 1852-ci ildə olmuş, buranı altı nəfər – Əli Nəsirbəyov, İbrahim Əlibəyov, Kərim Cəfərbəyov, Mehdi Qurbanbəyov, Həsənəli Vəlibəyov və Nazim Naibov bitirmişdi. 1861-ci ildə fəaliyyətini dayandıran Şuşa Müsəlman Şiə Məktəbi Qarabağda xalq maarifinin inkişafında və yeni məktəblərin meydana gəlməsində mühüm rol oynamışdır.

Bənzər yazılar