90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi.

Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.

Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətindir. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.

Əksəriyyət yaxşı xatırlayır yəqin ki, o dövrün çörək növbələrini. İnsanlar gündəlik qida tələbatlarını ödəməkdə ciddi əziyyət çəkirdilər. Həmin günləri unutmaq özü böyük nankorluq olardı. Azərbaycan bu günkü inkişafa həmin ağır durumdan, acı günlərdən keçərək gəlib çatıb.

Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır.

Bu gün dünyada təxminən 3000-4000 arası xalq, 200-ə yaxın dövlət var. Bu gün biz xoşbəxtik ki, bizim müstəqil və güclü dövlətimiz var. Unutmamalıyıq ki, dünyada ciddi proseslər gedir. Hazırda üzərimizə düşən əlimizdəki əvəzsiz nemətlərin – müstəqilliyin, suverenliyin, istiqrarın və sabitliyin dəyərini bilməkdir. Hesab edirəm burada ən çox məsuliyyət payı həm də gənclərindir. Gələcəyin idarəçiləri onlardır. Ölkəmizin gələcəyi onlardan çox asılıdır.

Bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu məhz bu idi. Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək. Xalqımız Ulu Öndərin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq. Allah rəhmət eləsin. Dərin hörmət və ehtiramla yad edirik.

 

Bənzər yazılar