Son zamanlar ali təhsil müəssisələri haqqında elə cəfəngiyyatlar yazılır ki,adamı dəhşət bürüyür. Axı biz həmişə belə müəssisələrə məbəd, gələcəyin kadr bazası, sivil inkişafa gedən yol kimi baxmışıq. Elə isə nədir bu saytları dəli-divanə edən və ya öz kökünə balta çalmağa məcbur edən?

Mən də söz adamıyam və ixtisasca da jurnalistəm. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1984-cü ildə bitirmişəm. Elə bu üzdən də günün xəbərlərini peşə vərdişi olaraq multi-media vasitələrində gözdən keçirirəm. Amma nə gizlədim, hər dəfə də əksər ikrah doğuran xəbərləri görəndə özümə söz verirəm ki, bir daha bu tip cızma-qaralara baxmayacam. Yəni, heç kim inciməsin, bu gün söz bazarında o qədər naşı adamlar və ya dəllallar var ki, onların xəbərlərini oxumaqdansa oxumamaq yaxşıdır. İndi demək olar ki, sosial, mədəni, siyasi, və sair xəbərlərdən çox böhtan, şantaj, qarşıdakına hörmətsizlik və təhqir tipli xəbərlər gündəmə gəlir və şəbəkə şəkilində bir neçə sayt bir-birinə istinadən onu yayır və ya paylaşır. Məqsəd isə tam aydındır. Kirli niyyət, reketçilik, daha asan və sadə yolla rüşvət əldə etmək. Belə olmasaydı hər hansı bir ziyalıya atılan çamuru, xarakter və mənşəcə bir-birinə bənzəyən, və ya təkrarı olan saytlar onu yaymazlar.

Konktet olaraq bir neçə misal çəkmək istəyirəm və hesab edirəm ki, yerinə düşər. Gəncədə 3 ali təhsil müəssisəsi var və hər birinin rektoru da elm aləmində özünəməxsus nüfuz sahibidir. Onlar rektordan əvvəl, professordur, dəyərli ixtiralar sahibidir, elmi arşdırmalarına və dərsliklərinə görə tanınan şxslərdir. Yəni, Azərbaycan elminin inkişafında xidmətləri faktdır, danılmazdır və çox sayda məzunun formalaşmasını təmin ediblər. O məzunların əksəriyyəti ən ali vəzifələrə belə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi; “neft kapitalı insan kapitalına çevrilməlidir” tövsiyyəsinə bu insanlar kifayət qədər töhfə verir. Artıq xeyli vaxtdır Azərbaycan Dövlət Aqrar Universitetindən, Gəncə Dövlət Universitetindən və Azərbaycan Texnologiya Universitetindən saytlar ağlına gələni yazır. Guya “şok ittiham” tapılıb və dünyanı lərzəyə salacaq “sensaiya” baş verib.

Universitetlər “dağılır”, “korrupsiya” mənbəyinə çevrilib, tələblər “soyulur” və sair. Ən çox da bəzi saytlar özünü çox bilən göstərir,  böhtanı bir-birinə ötürmklə çirkin məqsədlərinə doğru yol alırar. Arxasınca isə daha eybəcər cəfəngiyyat başlayır. Yəqin ekspertlər də təsdiq edər ki, heç bir məna kəsb etməyən xəbərin ictimailləşməsinə cəhd və onun bir-birinə ötürülməsi hansı əmələ istiqamətdir. Bu cür cəfəng xəbərlər artıq cəmiyyətin sağlam insanlarını bezdirib. Yazılar səhifədə görünən kimi həyasızcasına zənglər edilir və heç kimdən çəkinmədən yüksək məbləğdə rüşvət tələb edilir. Bunlara isə heç kim rüşvətxor demir. Balam, dərdiniz nədir ki, bir-birinizdən köçürə-köçürə, bir-birinizə ötürə-ötürə özünüz cəhənnəmə, mətbu sözün gücünü, dəyərini gözdən salırsınız.

Dözülməyən daha bir hal da baş alıb gedir indiki üzdən iraq saytlarda. Ağına, bozuna baxmadan ziyalıya, məmura, eləcə də sıravi işçilərə məişət pozğunu kimi yanaşırlar. Vallahi bunun üstündə adamın diri-diri dərisini soyarlar. Adları hallanan qızların və gəlinlərin sahibləri sabah həmin saytların əməkdaşlarını divara dirəyib haqq-hesab çəkərlər. Mən hələ qanunun hökmünü demirəm.

Ən acınacqlısı da budur ki, şantaj dolu xəbərlərin əksəriyyəti elə təhsil müəssisənin içindən ötürülür. Hətta təhsil müəssisələrində elə adamlar da var ki, yalan xəbərlər ötürmək, ara qarışdırmaq onların xobbisinə çevrilib. Bir qisim adamlarin isə görülən işləri, yaradılan şəffaflığı gözü götürmür, xainliyini və xəbisliyini gizlədə bilmir, saytların şərtlərinə uyaraq çirkinliklərini anonim şəkildə yaymağa çalışırlar.

Bir suala da indiyədək cavab tapa bilmirəm. Qanunla belə tənzimlənib ki, çap mətbuatın maliyyə dövriyyəsi abunə yolu ilə yaranır. Multi-media isə ya təsisçi, ya da reklamlar vasitəsilə maddi bazasını yaradır və fəaliyyət göstərir. Gəlin görək, cəmiiyətin inkişafını həmişə qara rəngdə görən bu saytlar haradan maliyələşir, arxasında kimlər var, sosial ödəmləri və vergiləri yerinə yetirirlərmi, neçə nəfər əməkdaşı var, onlara aylıq maaş verilirmi? Bu cür suallar çoxdur. İndi əksər saytlar bircə nəfərlə və ya bircə kompyuterlə idarə olunur. Qramatik qaydalar, üslub, orfoqrafiya isə qətiyyən gözlənilmir.

Mən bildiyim və nəhəng söz adamlarından öyrəndiyim, 5 il təhsil aldığım jurnalistika isə belə deyil. Jurnalist ona verilən məlumatı dəqiqləşdirmək borcundadır və bunu nəyin bahasına olur-olsun etməlidir. Əgər bunu etmirsə birinci o özü qaydanı pozur, cinayətə doğru yolunu başlayır. İndi sadə bir forma tapılıb. Ağzına gələni yazandan sonra deyirlər ki, qarşı tərəfin də mövqeyini verməyə hazırıq. Axı sən, ay xəbər müəllifi, birtərəfli mövqe tutdun və artıq ictimaiyyətə dəqiqləşməyən, böhtan dolu məlumat ötürdün. Əslində bu özbaşnalıqlar həm də qanunda oan boşluqlardan yaranır. Əgər hər yoldan ötən bir sayt, qəzet, jurnal yaradıb kim gəldi böhtan selində boğmağa çalışırsa, deməli, hardasa nəzarət unudulub, özbaşınalıq genişlənib, qanundan çəkinmə, qorxma qalmayıb. Bu çox pis haldır. Mütləq həmin boşluq aradan qaldırılmalıdır.

Soz bazarında söz oynatmaq, dəyərli oxucuya dəyərli söz söyləmək müqəddəs işdir. Sözün qədrini bilən və yaşadanlar hər zaman sevilib. Söz bazarında dəllalıq isə 40 gün çəkib. Sonu acı nəticələr yaradıb. Yaxşı olar dəllalıqdan əl çəkib dəyəri və kökü olan söz oynadın.

Qalib Rəhimli

 

Bənzər yazılar