AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin əməkdaşı Əjdər Babazadə tərəfindən tələbə və şagirdlər üçün keçirilən praktiki arxeoloji dərslər və seminarlar davam edir. Eksperimental arxeoloji dərslərin budəfəki iştirakçıları Sumqayıt Dünya məktəbinin şagirdləri olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, Əjdər Babazadə tarixəqədərki dövrlərin alət çantasında yer alan yonma daş alətlərinin texnologiyasını, təkamül keçmiş tipoloji modellərini eksperimental olaraq hazırlanmış nümunələr əsasında təqdim edib. Praktik dərs iki hissədə təşkil olunub. Birinci hissədə nəzəri qeydlər təqdim edilib. Tarixəqədərki dövrlə bağlı arxeoloji araşdırmalarla əldə edilən bilgilər əsasında dövrün paleocoğrafiyası – ekologiyası haqqında məlumat verilib. Bundan başqa, yerləşdiyimiz coğrafiyanın ilk hominin Paleolit məskənləri və yerləşmə səbəbləri, eyni zamanda, homininlərin ilk miqrasiyaları və insan təkamülünə gələn yolda nəzəriyyə və hipotezlər üzərində fərqli elmi paradiqmaları haqqında ümumi məlumat verilib. Yonma daş alətlərinin tək və ən güclü silah olaraq 3 milyon il ərzində homininlərin həyatda qalmasında mühüm roluna da toxunulub. Daş alətlərin təkcə qida əldə etmək üçün bir alət və ya ov etmək üçün bir silah olaraq görülməməsi adına “alət+əmək=beyinin inkişafı” kontekstində dəyərləndirilməsinin vacib olduğu vurğulanıb. Daş alətin ixtirası, istehsalı və inkişafı insan təkamülündə mühüm rol oynayan fəaliyyətlərdən biri kimi onun sosial-mədəni həyatda dəyişikliyin başlıca amil olması ilə bağlı bəzi hipotezlər də şagirdlərin nəzərinə çatdırılıb.

İkinci hissədə isə daş alətlərin hazırlanma texnologiyası praktiki olaraq göstərilib. Şagirdlər əvvəlcə istifadə olunan çay daşı (Azərbaycanın müxtəlif çay və dərə yataqlarından toplanmış), çaxmaqdaşı (chert, flint), bazalt, obsidian kimi xammal daşları ilə tanış olublar.

Daha sonra şagirdlər Aşel, Mustye, Neolit və s. mədəniyyətlərinə aid daş alətlərin tipoloji nümunələri ilə tanış olub və onların hazırlanmasına cəhd ediblər. Şagirdlər daş alətlərin hazırlanma texnikasını öyrənməklə yanaşı, buynuz (maral və ceyran), dəri, sümük və ağacdan müvafiq dövrlərin alətlərini hazırlayıblar. Onlar ovçuluq sənətinin tarixi keçmişinə, işlənmə qaydalarına praktik olaraq yiyələniblər. Şagirdlər seminar zamanı hazırlanmış daş alətlərin rəsmlərini çəkərək, kəsici daş alətlərin morfoloji xüsusiyyətlərini də öyrəniblər.

Bənzər yazılar