Dərc olunub: 08.05.2024

 

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, ölkəmizdə elmi potensialın inkişafı müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə minlərlə azərbaycanlı gənc İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi, ölkədə ümumi və ali təhsilin əhatə dairəsi genişləndirildi, fundamental elmi tədqiqatların həyata keçirilməsinə başlanıldı. Bu çoxşaxəli siyasət bu gün də Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, elm və təhsil sahəsində davamlı islahatlar və yeniliklər həyata keçirilir.

Sonra mövzu ətrafında məruzələr dinlənilib.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin (BDU) Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Tarix yaradan və tarixi yazan Dahi”, “İki sahil” qəzetinin baş redaktoru, professor Vüqar Rəhimzadə “Heydər Əliyev və Azərbaycan mətbuatı”, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzə ediblər.

ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov məruzələr ətrafında çıxış edib, fikir mübadiləsi aparılıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, riyaziyyat və təbiət elmləri üzrə Arəstə Həbibova və c.ü.f.d. Eldar Muradlı II yerə, Ülviyyə Aslanova və Xumarə Qəhrəmanlı III yerə, humanitar, ictimai, pedaqoji-psixoloji elmlər üzrə isə f.ü.f.d. Könül Həsənova və Sərxan Cəfərov I yerə, Aygün Kərimova isə III yerə layiq görülüblər.

Qaliblərə diplom və mükafatlar təqdim olunub.

Bənzər yazılar