Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “XOCALI faciəsi – XXəsrin faciəsi” mövzusunda tədbir keçirilib.

21.02.2022-ci il tarixində Şirvan Şəhər İcra hakimiyyətinin,” Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai birliyinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının otuzuncu ildönümü əlaqədar” Xocalı Soyqırımı XX əsrin faciəsi” mövzusunda tədbir baş tutdu. Tədbirdə Şirvan Şəhər İcra Başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov, Milli Məclis deputatının səlahiyyətli nümayəndəsi Taleh Məmmədov, “Soyqırım həqiqətlərinin tanıdılması” İctimai birliyinin sədr müavini Ayşən Hüseynova, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun övladı, hər iki valideyni Şəhid olmuş Murad Hüseynov, Xocalı Şəhidinin övladı, Dağlıq Qarabağ icmasının müşaviri Samirə Hüseynova, Sabah İnfo Saytının rəhbəri Ədil Ədilzadə, Kollecin direktoru Filologiya üzrə Fəlsəfə doktoru Barxudar Barxudarov, Kollecin müəllimləri və tələbələri iştirak edirdilər.

Öncə çıxış edən Kollecin direktoru Barxudar Barxudarov Xocalı faciəsi haqqında məlumat verərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 28 Yanvar 2022- ci il tarixli sərəncamını diqqətə çatdırdı.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992- ci il fevralın 25-dən 26- na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı 1275 nəfər isə girov götürüldü.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanis Ayrım, Qaradağlı və Başlıbel qətliamları ilə müşayət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 mindən artıq adam yaralandı və əlil oldu.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020- ci il Sentyabrın 27- də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımız işğaldan azad etdi. Sonra çıxış edən Şirvan Şəhər İcra Başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov çıxış edib bildirdi ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008- ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsinı unutmayacaq. Sonra söz Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun övladı Murad Hüseynova verildi. Xocalı faciəsinin canlı şahidi olan Murad Hüseynov atası Tofiq Hüseynovun qəhrəmanlığından, Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcısı və komandiri olmasından, “Mixaylo” ləqəbi ilə tanınmasından, ermənilərə qarşı

qəhrəmancasına döyüşərək sonda əl qumbarasını sinəsinə sıxaraq özünü və ona yaxınlaşan onlara ermənini məhv etməsindən ətraflı danışdı.

Sonra söz digər qonaqlara verildi.” Soyqırım həqiqətlərinin tanıdılması” İctimai birliyinin sədr müavini Ayşən Hüseynova çıxış edərək Xocalının “Mixailo” su kitabını təqdim etdi. Kitab xocalıların Milli Qəhrəman Tofiq Hüseynovun qəhrəmanlığından, şücaətindən danışdıqları əsasında qələmə alınmışdır. Sonra çıxış edən Milli Məclis deputatının səlahiyyətli nümayəndəsi Taleh Məmmədov, Xocalı şəhidinin övladı Dağlıq Qarabağ Azərbaycan İcmasının müşaviri Samirə Hüseynova, Sabah İnfo Saytının rəhbəri Ədil Ədilzadə çıxış edərək gənclərə tarixi öyrənməyi, xalqımızın başına gətirilən bəlaları, soyqırım hadisələrini unutmamağı tövsiyə etdilər.

Sonda Milli Qəhrəman Tofiq Hüseynovun adını daşıyan nəvəsi balaca Tofiq tələbələrə broşürlər payladı.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova.

Bənzər yazılar