Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının   5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il  “ŞUŞA İLİ” elan edilmişdir. “Şuşa İli” çərçivəsində  ilk yazını oxuculara təqdim edirik.

Qədim mədəniyyət beşiyi  Şuşa  Azərbaycan incəsənəti, mədəniyyəti və ədəbiyyatına ölməz şəxsiyyətlər bəxş etmişdir. Hələ XVIII əsrdə Molla Pənah Vaqifin Qarabağ sarayında  yaşayıb yaratması, özündən sonra böyük bir ədəbi məktəbin əsasını qoyması bu məkanda şeirə, sözə, sənətə verilən dəyərin böyük təzahürüdür.  Təbii ki, burada yetişən hər bir sənət adamının fitri istedadı ilə bərabər, Şuşanın əsrarəngiz təbiətinin, suyunun, havasının insana aşıladığı ruh da böyük rol oynayır. Bu torpaqda Cəfərqulu xan Nəva, Qasım bəy Zakir, Xan qızı Xurşidbanu Natəvan, Baba bəy Şakir, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov,  Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy  Hacibəyli, Əhməd bəy Ağaoğlu kimi sənətkarlar dünyaya göz açmış,  Şuşada təhsil almış, ədəbiyyat tariximizə öz adları ilə bərabər, “Şuşa” adını da yazmışlar.
XIX əsrdə Şuşada yaranıb fəaliyyət göstərən şeir-sənət məclisləri – “Məclisi-üns” və “Məclisi-fəramuşan” (sonradan “Məclisi-xamuşan” adlanır) ədəbi məclislərinin də ədəbi töhfələri, maarifin, mədəniyyətin inkişafındakı xidmətləri ilə Şuşa adının ədəbiyyat tarixinə yazılmasında rolunu unutmaq olmaz. Bu məclislərdə şairlər şeirləşmiş, xanəndələr, sazəndələr şeirlərə mahnı qoşmuş, Qarabağ musiqisini dünyaya yaymışlar. “Məclisi-fəramuşan” məclisinin başçısı Mir Möhsün Nəvvab özü musiqi məclislərinə başçılıq edərmiş. “Məclisi-üns”lə sıx əlaqə saxlayan “Məclisi-fəramuşan” üzvlərinin evində Sədi, Nizami, Cami, Nasir, Xosrov və digər şairlərin əlyazmaları, təzkirələri olurdu. Bura toplaşan şairlər təkcə şeir söyləmir, ədəbiyyata dair söhbətlər eləmir, müəllifsiz şeirlərin müəllifini təyin etmək üçün müzakirələr açar, mübahisələr edərdilər.
“Məclisi-fəramu¬şan” ədəbi məclisinin üzvləri Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya” və “Kəşkül”, Hindistanda fars dilində nəşr olunan “Həbl-ül-mətn” məcmuələri ilə tanış olur, “Məclisi-üns”, Şamaxıdakı “Beytüs-səfa” məclisi ilə əlaqə saxlayırdılar.
Məktəbi-fəramuşan” ədəbi məclisinə rəhbərlik edən Mir Möhsün Nəvvab rəssam, astronom, nəqqaş, tarixçi, xəttat, musiqişünas alim, eyni zamanda ədəbiyyatşünas olmuşdur. “məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmışdır. Elmin müxtəlif sahəlırinə aid kitablar yazan alimin “Təzkireyi-Nəvvab” toplusunda orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. “1905-1906-cı ilərdə erməni-müsəlman davası” əsərində isə  ermənilərin xalqımıza qarşı törətdiyi  cinayətkar əməlləri ifşa olunur, bu mənfur millətin iş üzü  faktlarla  tarix səhnəsinə çıxarılır.
Əsrin ikinci yarısında yaranan “Məclisi-üns” ədəbi məclisi məclislər içərisində əlaqələrinə görə seçilirdi. Xan qızı Natəvanın evində toplaşan məclisin əsas məzmununu ədəbiyyatın öyrənilməsi   təşkil edirdi. Xatirələrdə məclis üzvlərinin ərəb ədəbiyyatının təhsilini və fars şeiri müşkülllərinin (sirlrinin) tədrisini   öyrədildiyi qeyd olunur. Məclis üzvlərindən Natəvan və Kəminə  şairənin köməyi ilə qadınlar arasında da şeirə, ədəbiyyata maraq yaranır.
Mənbələrdə bu məclislərdən başqa, Cəfərqulu xan Nəvanın sarayında fəaliyyət göstərən bir məclisin də olduğu göstərilir.
Qarabağ xanlarının “dürri-yekta”sı Xurşidbanu Natəvan Qaraşağ şeiriyyətinin həzin ruhlu, lirik şeirlər müəllifi kimi XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə imza atmışdır. Gözəl rəsmlər çəkən, əl işləri göz oxşayan Natəvan həyatdan çox gənc getmiş 16 yaşlı oğlunun həsrətilə yazdığı qəsidələri, həyat, əbədilik və digər mövzularda  şeirləri ilə ədəbiyyatda “qəmli ana” obrazının tərənnümçüsüdür.  Xurşidbanunun Qarabağda həyata keçirdiyi xeyriyyə tədbirləri şairəni təkcə yaşadığı mahalda deyil,  Qarabağdan kənarda da şöhrətləndirmişdir. Rus yazıçısı Aleksandr Düma Qarabağda olarkən Natəvanla görüşmüş, şairə ona əl işlərindən hədiyyə vermişdir.
“Məclisi-üns” ədəbi məclisinə rəhbərlik edərkən Natəvan  şeir həvəskarlarının tanınmasına xüsusis diqqət yetirmiş, istedadalı gənclərə hamilik etmişdir. Onun təşəbbüsü ilə  Şuşa ədəbi mühitində bu gün adı çəkilən şairələrdən biri də Qəmər bəyim Şeyda olmuşdur.  Natəvan üslubunda yazıb-yaradan Qəmər bəyim Şeydanın şeirlərində gizli bir kədər, hüzn, şikayət motivləri üstünlük təşkil edir.
Əslən Qarabağda məşhur Cavanşirlər nəslindən olan Qasım bəy Zakir XIX əsrdə təndiqi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi,  görkəmli satirik şairdir.   Onun janr baxımından rəngarəng poeziyasında xalq şeiri və klassik üslubda yazdığı şeirlər mövzu, dil-üslub xüsusiyyətlərinə görə  müasirlərinin yaradıcılığından fərqlənir. Şair öz əsərlərində cəmiyyətin  inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq zəmanənin özbaşınalığına qarşı çıxmalarına çalışmışdır.
Şuşa ədəbi mühitinin yetişdirdiyi tarixi şəxsiyyətlərdən  biri – publisist, ədəbiyyatşünas, ictimai xadim Ceyhun Hacıbəylinin – Hacıbəylilər  ailəsinin kiçik oğlunun mədəniyyət və ədəbiyyat tarixində böyük rolu olmuşdur. O, fransızları Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış etmiş, Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını  fransızcaya tərcümə edərək səhnələşdirmişdir. C.Hacıbəylinin  A.Bakıxanov, H.Cavid, C.Cabbarlı, Qarabağ dialektləri haqqında elmi məqalələri bu gün də əhəmiyyətini qoruyub saxlayır.
Azərbaycanın ilk xor və orkestr dirijoru, yazıçı, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev ədəbiyyata ilk dəfə olaraq Ağa Məhəmməd şah Qacar obrazını gətirmişdir. Ədibin pyes və hekayələrində dövrün haqsızlıqları, ictimai-sosial ziddiyyyətlər, qadın hüquqsuzluğu, ikiüzlülük, cəhalət, avamlıq tənqid atəşinə tutulur. “Ceyranəli”, “Xortdan”, “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və digər imzalarla “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi hekayə və felyetonların qəhrəmanları  Azərbaycan ictimai-sosial mühitinin və məişətinin  hər üzünü təcəssüm etdirən obrazlardır.
Qarabağ xanı Pənahəli xanın nəslindən olan Əhməd bəy Ağaoğlu yazıçı-publisist kimi türkçülük hərəkatının ideoloqlarından biri olmuşdur. Ə.Ağaoğlu 1915-ci ildə Lozannada keçirilən azsaylı xalqların konfransında Azərbaycanı təmsil etmiş, “Difai” partiyasının yaradıcılarından olan Ə.Ağaoğlu
Aşıq Pəri və  Xurşidbanu Natəvandan sonra Qarabağın üçüncü qadın şairəsi Fatma xanım Kəminə  klassik irsimizin layiqli nümayəndələrindən olmuşdur.  Onun qəzəl, qitə və qoşmalarında saf, təmiz məhəbbət, gözəllik, bu gözəllikdən ilhamlanan ümid, ilham və vüsal tərənnüm olunur. Qarabağdakı ədəbi məclislərlə sıx əlaqə saxlayan Kəminə xanım ömrünün sonunadək Şuşada yaşamış, doğulduğu torpaqda da dünyasını dəyişmişdir.
Azərbaycan ədəbiyyatında “Müsibəti-Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan dramaturq, ədib Nəcəf bəy Vəzirov Şuşanın yetişdirdiyi tanınmış simalardan biridir. Azərbaycan professional teatrının yaradıcısı N.Vəzirov əsərlərində Azərbaycan kəndinin – mülkədarların, kəndlilərin, ziyalıların, burjuaziyanın, işbazların və fırıldaqçıların real həyatdakı iç üzünü açaraq tənqid etmişdir. Əxlaq və ailə-məişət mətləbləri, ənənəvi nadanlıq və ona qarşı mübarizə aparan, çar üsul-idarəsinin Azərbaycanda apardığı siyasətə qarşı səsini qaldıran dramaturqun  əsərləri Zaqafqaziyada, Volqaboyunda, Şimali Qafqazda, İranda, Türkiyədə böyük uğurla səhnəyə qoyulmuşdur.
Həyatda elə insanlar olur ki, onlar dünyalarını dəyişdikdən sonra  belə yaşamaqda davam edirlər. Bu insanlar ürəyi, varlığı xalqla döyünən, xalqın  arzu və niyyətləri ilə çırpınan, onun mənafeyini və azadlığını düşünən insanlardır. Belə insanlardan biri də şəxsi taleyini xalqının taleyi ilə bağlayan, yaradıcılığını, istedadını xalqı uğrunda sərf edən Üzeyir Hacıbəyov olmuşdur. Daha dəqiq desək, Üzeyir Hacıbəyov XX əsrin Azərbaycan  xalqına  bəxş etdiyi  sənətin bir neçə sahəsi üzrə ustadlaşan ünlü şəxsiyyətlərdən biridir.
Üzeyir Hacıbəyov Azərbaycan xalqının təhsil, maarif və mədəniyyət tarixində müstəsna xidmətləri olan, millətin tərəqqisinə, maariflənməsinə, musiqi tarixinə imza atan  şəxsiy¬¬yət, dahi bəstəkar, dramaturq, pedaqoq, ictimai-siyasi xadim olmuşdur.
Azərbaycan xalqına və dünya mədəniyyəti xəzinəsinə Üzeyir Hacıbəyovun adı ilk növbədə bəstəkar − gözəl operalar, musiqili komediyalar, xor və çalğı alətləri orkestri üçün yazılmış əsərlər, romans və mahnılar  müəllifi kimi tanışdır. Bu dahi sənətkarın eyni zamanda dramaturq, publisist, alim, müəllim və ictimai xadim kimi xidmətləri onu ümumilikdə  Azərbaycan mədəniyyəti və incəsənətinin milli iftixarına çevirmişdir. Ü.Hacıbəyov Azərbaycan professional musiqisinin banisi, milli opera sənətinin  ilk yaradıcısıdır.
Görkəmli ədəbiyyatşünas-alim, tanınmış maarifpərvər, publisist-yazıçı, pedaqoq Firudin bəy Köçərlinin ədəbiyyat tarixində müstəsna xidmətləri və yeri vardır.  1863-cü ildə Azərbaycanın dilbər guşələrindən olan Şuşada dünyaya  göz açan F.Köçərlinin həyatının sonrakı illəri – təhsili, elmi-pedaqoji fəaliyyəti Qori şəhərində keçmişdir.
F.Köçərli ömrünün 40 ilə yaxın bir zamanını xalqın maariflənməsinə və tərəqqisinə həsr etmişdir. Ədəbiyyatşünas alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan tarixində millətin, milli şüurun təşəkkül etdiyi dövrə təsadüf edir.
Firudin bəy Köçərli hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərin müəllifidir. Onun “Azərbaycan tatarlarının ədəbiyyatı”, 2 cild 4 hissədən ibarət “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərləri ədəbiyyat tariximizin ən qiymətli mənbələridir.
F.Köçərli yaradıcılığı boyu ayrı-ayrı sənətkarların əsərləri ilə maraqlanmış, ilkin araşdırmalar aparmışdır. Azərbaycan ədəbiyyatının öyrənilməsi tarixində F.Köçərlinin xidməti əvəzsizdir və bu gün də əhəmiyyətini qoruyub saxlayır. O, folklorun, klassik irsin təcrübəsini öyrənmiş, istər şifahi xalq ədəbiyyatı nümunələrinin, istərsə də yazılı ədəbiyyatının dolğun təhlilini verməyə cəhd etmişdir.
Stalin repressiyanın qurbanlarından biri, əsərləri Parisdə, İstanbulda nəşr olunan, on bir dil bilən, Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığında tarixi xidmətləri olan   Yusif Vəzir Çəmənzəminli,  XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında və inkişafında böyük xidmətləri olan,  hekayələri ilə nəinki uşaq ədəbiyyatında, Azərbaycan nəsrində əvəzsiz nümunələr yaradan Süleyman Sani Axundov,  şair-publisit Teymur Elçin  və Şuşa ədəbi mühitinin hələ adlarının çəkmədiyimiz  bir çox  şair və yazıçılar,  ədəbiyyatşünaslar  bu torpağın, qədim və əzəli Qarabağın,  Qafqazın incisi Şuşanın  adını tarixi salnamələrdə yaşadacaq şəxsiyyətlər kimi öz tədqiqatını gözləyir.

(I məqalə)
Nazilə Abdullazadə
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri

Bənzər yazılar