Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, YAP Nizami Rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov, İdarənin struktur bölmə rəhbərləri, qazi müəllimlər və məktəb direktorları iştirak ediblər.

BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, paytaxtdakı 10 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova qonaqları salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. M.Vəliyeva bildirib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

M.Vəliyeva həmçinin ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin əsil vətəndaş kimi formalaşdırılmasına əlverişli zəmin yaratdığını bildirib.

Daha sonra çıxış edən YAP Nizami Rayon təşkilatının sədri Ramil Vəlibəyov, 229 nömrəli tam orta məktəbin qazi müəllimi Qədir Daşdəmirov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bənzər yazılar