Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Zəfər tarixi” konfransları keçirilir.

Konfranslarda BŞTİ-nin nümayəndələri, şəhid ailələri, ziyalılar, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak edirlər.

Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfranslarda öncə Qarabağa, Şuşaya həsr olunan guşəyə, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilir.

Konfranslarda Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Vətən Müharibəsində qazanılmış zəfərlə torpaqlarımızın azad edilməsi və Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılır. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib Azərbaycanın əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, konfransların keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

Bənzər yazılar