Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Ailəm və məktəbim” layihəsi davam edir.

Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil olunur.

Eyni zamanda “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüş və sorğular keçirilir.

Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri təşkil edilir.

Layihə çərçivəsində paytaxtdakı 298, 129, 172, 30, 90, 86, 106, 26, 194, 329, 247, 71, 211, 53, 96, 205, 109  nömrəli tam orta məktəblərdə, 72  və 83 nömrəli məktəb-liseylərdə Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədovanın iştirakı ilə təşkil olunmuş görüşlərdə, ümumilikdə 2 000-dən çox valideyn iştirak edib. Tədris ilinin sonunadək daha 7 ümumi təhsil müəssisəsində (7, 70, 21, 112, 195, 316, 182) də görüşlərin keçirilməsi planlaşdırılır.

Bundan əlavə, layihə çərçivəsində məktəb – ailə əməkdaşlığında fərqlənən ümumi təhsil müəssisələri  və valideynlərin təltif olunması da nəzərdə tutulur.

Qeyd edək ki, “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

Bənzər yazılar