Dərc olunub: 01.07.2022

 

Günəşin şüaları gözünü ağrıdanda artıq səhərin açıldığını anlayır. Həmişəki kimi ilk olaraq telefona baxır. Saat artıq doqquzdur (əslində, doqquza on dəqiqə qalsa da, bu, onun üçün önəmli deyil). Telefonda bir az vaxt itirdikdən sonra ayağa durmalı olduğunu anlayır, amma əvvəlcə evdə kimin olduğunu təxmin etməlidi. Adəti üzrə hər səhər kimlərin evdə olduğunu təxmin edir, daha sonra otaqdan çıxıb nəyi səhv düşündüyünü yoxlayır. Yəni otaqdan çıxmağının məqsədi ailəsi ilə görüşmək və ya yeni günə başlamaq deyil, özü ilə oynadığı kiçik oyunun qalibini müəyyənləşdirməkdir.

Bu günün qalibi yenə özüdür, təxminində yanılmayıb hər kəs evdədir. Dəhlzə yönəlir ki, bir səs eşidir:

–  Sabahın xeyir.

Bəli, yanılmayıb. Böyük qardaşı Sərdardır. Bu gün heç kəs cəsarət edib danışmasa belə, Sərdar bu səssiz razılaşmanı pozdu.

– Sənin də, – bu qədər. Arzunun bu qədərinə gücü çatır.

Sübh vərdişləri üzrə işlərini bitirib səhər yeməyi üçün masaya əyləşir. Anası Səkinə xanım son səkkiz ildə olduğu kimi, hamıdan tez oyanıb yemək hazırlamışdı. Balaca qardaşı Murad da süfrədədir. Heç kəs heç nə danışmır, sanki hamı bir kəlimə də kəsməyəcəyinə söz verib. Bu artıq ona qəribə gəlmir. Öyrəşib. Hətta kimsə danışanda artıq acığı da gəlir. Nə məcburdur axı? Susmaq var ikən mənasız söhbətlərə nə ehtiyac var?

Səhər yeməyi səssiz-sədasız bitir və hər kəs  hazırlaşmaq üçün otağına çəkilir. Hazırdır, kolidora keçir və ayaqqabısını geyinir. Bu vaxt Sərdar və Murad da otaqdan çıxırlar. Dəhliz artıq onlar üçün görüş yeridir. Ən çox burada danışırlar. Qardaşların dəhlizə girişi ilə günün ilk rəsmi söhbəti başlayır.

– Çəkil də, saçımı darayacam, – deyir Murad, həmişəki kimi. Saçı ilə çox oynayır.

– Adam kimi danış bacınla, – deyib Sərdar və Arzunu itələyərək ayaqqabısını geyinir.

– Bəli, Sərdarı örnək al, – Arzu kinayə ilə dillənir.

Evdən bir çıxılar.

– Oldu onda , qardaşlar, mən getdim, – deyib ilk ayrılan Arzu olur.

Metroda  qatar gözləyir, bəxtindən o qədər çox adam yoxdur. Qatarın bir dəqiqə öncə getdiyini nəzərə alaraq nə vaxt gələcəyini təxmin etməyə çalışır.

“Təxmin etmək oyunu”nu  ilk dəfə 10  yaşı olanda oynamışdı. Evdə atasını gözləyirdi. Teatra  C. Məmmədquluzadənin “Ölülər” əsərinə bilet almışdılar, hamısı birlikdə gedəcəkdilər. Tamaşa saat 20:50-də  başlayacaqdı. Atası işdən 19:00-da çıxacaq, təxminən, 40 dəqiqəyə evdə olacaqdı. Evə gələn kimi paltarını dəyişəcək və təxminən 20:00-da evdən çıxıb, bəlkə də, vaxtından, təxminən, 10 dəqiqə tez teatrda olacaqdılar. Saat 19:40 idi, amma atası hələ də gəlməmişdi. Tıxac ola biləcəyini nəzərə almamışdı Arzu. Yarım saat da keçdi. İşinin uzana biləcəyini nəzərə almadığını düşündü Arzu. 20:40 idi, atasının unutduğunu düşündü. Anasının dəfələrlə zəng etməsinə baxmayaraq, atasından  hələ də xəbər yox idi. Arzu təxmin oyununda uduzduğu üçün ağlayırdı, atasının unutduğunu, işi çıxdığını düşünüb məğlubiyət səbəbi olaraq onu görürdü. Bir saat sonra Səkinə xanıma zəng gəldi yad bir nömrədən. Arzunun atasının ölüm xəbərini verdi yad bir kişi. İlk dəfə oynadığı oyunda atası öldüyü üçün məğlub olmuşdu Arzu.

O gündən bəri Arzu bu oyunu hər zaman oynadı, itirəcək bir şeyi qalmadığını düşünərək. O gündən bəri Arzu heç vaxt saatı dəqiq demədi: on dəqiqə, on beş dəqiqə qalıb, ya keçib, bir önəmi olmadı…

Sərdar  taksidə artıq  iyirmi dəqiqədir ki,, tıxacdadır. Maşın sürməyi uşaqlıqdan bəri çox sevirdi. 16 yaşında olanda atasından öyrənmişdi, amma o vaxt atası çox icazə verməzdi. Sərdar da gizlicə sürərdi.

Teatra gedəcəkləri gün atası maşını Sərdarın sürəcəyinə söz vermişdi. Atasının gəlməyini səbirsizliklə gözləyirdi. Saatın 20:00 olmasına baxmayaraq, atası hələ də evdə deyildi. Sərdar dəfələrlə atasına  zəng eləmişdi. İşi çıxdığını düşünüb əsəbiləşmişdi. Axı söz vermişdi, maşın sürəcəkdi. Atasına sübut edəcəkdi özünü. Saatın 21:30 olduğunu görən Sərdar artıq nə isə baş verdiyindən şübhələnirdi. Çox keçmədən anasına yad bir nömrədən zəng gələndə artıq əmin idi: atasına nə isə olmuşdu. Atası heç vat gecikməzdi, söz verdisə, tutardı. Amma bu dəfə tuta biməmişdi, ölmüşdü. Maşın qəzasında həlak olmuşdu. Avtomobil dəlisi olan Sərdar o hadisədən sonra bu günə qədər maşından söz etmədi. Atasının maşınını gizlicə sürən Sərdar maşına yaxın belə durmadı.

Murad bu il də əlaçıdır. Hər zaman örnək şagird olub. Əvvəllər atası Murad hər il əlaçı olanda onu teatra aparardı. Murad teatrı çox sevərdi. Hər zaman atası ilə gedərdi, bu dəfə fərqli olacaqdı: ailəlikcə gedəcəkdilər. Murad “Ölülər” əsərini təzəlikcə oxumuşdu. İndi də tamaşasnı izləmək istəyirdi. Biletlər alınmışdı, hər kəs hazır vəziyyətdə atanın gəlməyini gözləyirdi. Amma gəlmədi. Onun yerinə heç tanımadıqları bir adamdan atasının ölüm xəbəri gəldi. O gündən bəri Murad hər fürsətdə teatra gedir: bayramlarda, tətillərdə, doğum günlərində, atasının ölüm günündə. Bu gün də gedəcək. Atasının il dönümüdür. Bilet alıb “Ölülər” əsərinə. Səkkiz il sonra ilk dəfə cəsarətini toplayıb bu tamaşaya gedəcək. Tək başına izləyəcək, xatırlayacaq o günü.

Səkinə xanım uşaqları yola saldıqdan sonra divanda oturur. Ərinin divardaki şəklinə baxıb o günü xatırlayır.

Yoldaşı Cəfər bəy hər gün saat 7-də oyanıb qəlyanaltı etdikdən  sonra işə gedərdi. Qəlyanaltını Səkinə xanım hazırlayardı. Bu gün isə Səkinə xanım gec oyanmışdı. Cəfər bəy qəlyanaltı etmədən getmişdi. Gün ərzində Cəfər bəylə danışmış, günorta yeməyini yaxşı yeməyi tapşırmışdı. Necə oyanmamışdı, anlamırdı. Halbuki hər zaman tam vaxtında oyanar, yoldaşını işə yola salardı. Yenə də çox üstündə durmadı. Olan iş idi, – “Yatıb qalmışam” – deyə düşünürdü,  ta axşam ölüm xəbərini eşidənə  qədər..

O gündən bəri – düz səkkiz ildir ki, Səkinə xanım evdə heç kəs oyanmasa belə,  saat yeddidə durar və qəlyanaltı hazırlayar. Səkkiz ildir, o evdən heç kəs qəlyanaltı etmədən çölə çıxa bilmir.

Axşam saat 19:40-da tamaşa başlayır və Cəfərovlar ailəsinin hər bir üzvü bir-birindən xəbərsiz oradadır: bir yerdə və güclü.

Nəhmətli Humay

XI sinif şagirdi

 

Bənzər yazılar