Özünü təpənin üzərindən yeni göstərən Günəşin şüaları get-gedə daha geniş əraziləri işğal edirdi. Torpaq qızmağa başlamış, sanki cəhənnəmin qapıları aralanmışdı. Təpənin başında bu cəhənnəmə doğru irəliləyən iki qaraltı göründü. Onlardan birinin qoltuğunun altında nəyisə bərk-bərk tutduğunu uzaqdan baxanda da anlamaq olardı. Hətta dünənin sarsıntılı dəqiqələrini onlarla keçirən biri də bu gələnlərin məqsədlərini dərhal anlaya bilərdi. Getdikcə yaxınlaşan qaraltı sanki əriməyə başlayırdı, cəhənnəm istisi soyuq daşların arasından gəlmiş bu iki yolçunu əridib, ruhunu dünən tapşıran yoldaşlarının yanına göndərmək istəyirdi.

İki dost meydana çatanda Günəş artıq səmadakı yerini rahlamışdı. Bu kiçik meydanın düz ortasına uzun əsa basdırmışdılar. Diqqətlə baxanda insana elə gəlirdi ki, sanki bu köhnə əsa getdikcə boy atıb Günəşə çatmaq üçün çalışır. Platon əliylə onlara doğru yaxınlaşan ilanı göstərdi:

– Onu gözləmək lazımdır, ancaq o bura çatandan sonra xoruzu kəsəcəyəm – qoltuğunun altındakını göstərib dedi.

Xoruzun dimdiyini qalın bir iplə möhkəm sarımışdı, qorxurdu ki, onun ölümqabağı çıxardığı səslər sonradan yuxularını haram edər. Yoldaşı Kriton ağır-ağır çöməlib bir daşın üstündə oturdu. Yerdən tapdığı çöplə torpağa fiqurlar cızmağa başladı, Platon  fiqurlara baxdıqca həyatın da eyni bunlar qədər mənasız olduğunu düşündü. Xoruz özünü sahibinə çırpmağa başladı, deyəsən ilanı görüb qorxmuşdu, gözlərini xoruza dikən Platonun bəbəklərində hələ də ilanın əksi görünürdü. Xoruz daha da bərk çırpınmağa başladı, Platon dözə bilməyib dimdiyini sarıdığı ipləri kəsib atdı. İndi xoruza rahat nəfəs aldıran bıçaq bir azdan onun qatilinə çevriləcəkdi. Meydana özünü yenicə çatdırmış ilanın olduqca müdrik görkəmi var idi. İlan uzun, tozlu əsaya sarılmaq üzrə olanda xoruz dil açıb bağırmağa başladı. Kriton elə diksindi ki, oturduğu daşın üzərindən geriyə yıxıldı. Platon isə bir yolla təmkinini saxlamağı bacarmışdı, hətta deyəsən belə bir şeyin baş verəcəyini gözləyirdi. Xoruz danışmağa başladı:

– Ey qafillər, buraxın məni gedim. Mən insanları oyatmaq üçün varam, əgər məni öldürsəniz əbədi yuxuya gedəcəksiniz. Bu yuxudan oyanmaq üçün sizə heç Asklepiy də kömək etməyəcək. Sizin fani dostunuzun mənimlə bir düşmənliyi olmayıb, onun ağlı başında deyildi, bu mənfur ilan dəmirin başına qalxmamış azad edin məni!

İlan da başını qaldırıb xoruza qulaq asırdı, üzündəki müdrik ifadədən əsər-əlamət qalmamışdı. Platon isə xoruzun axmaq söhbətindən sonra özünü saxlaya bilməyib güldü. Kriton hələ də şokda idi, dostunun qəfil uğunub getməsi onu daha da qəribə hala salmışdı. İstənilən halda iki yoldaş da eyni fikirdə idilər – ən tez zamanda bu boşboğaz xoruzun başını üzmək lazımdır.

Xoruz susandan sonra ilan dəmirə sarılıb burula-burula lap yuxarıya çıxdı. Günəş üzünü bu köhnə dəmirə çevirib bütün gücü ilə işıqlandırmağa başladı. İki yoldaş başlarını göy üzünə qaldırıb orada yaranan simaları seyr etməyə başladılar. Platonun üzündə hələ də gülümsəmə var idi, xoruz isə çırpınmağa davam edirdi. Səmada birinci Apollonun, daha sonra onun oğlunun qatili Zevsin simaları göründü, hər ikisi xoruzun qətli üçün xeyir-dua verirdilər. Qəfil Sokratın üzünü gördülər, bu o qədər yaşlı və qorxunc idi ki, hər iki yoldaş qeyri-ixtiyari geriyə addım atdılar. Elə bil bu heç dünən gördükləri Sokrat deyildi. İnsanın bir gündə bu hala gəlməsi çox qəribə idi, ən qəribəsi isə Apollon və Zevsdən sonra Sokratın simasını görmək idi, əgər bu halda olmasaydı, düşünmək olardı ki, o da yeni tanrıdır. Bu, Platonu çox sevindirərdi, çünki ona görə Sokrat əsl tanrı olmağa layiq bir insan idi. Səma əvvəlki vəziyyətinə qayıtdıqdan sonra bayaqdan bəri bir kəlmə danışmayan Kriton Platonun qoluna toxunub onlara tərəf gəlməkdə olan Asklepiyi göstərdi. Platon günəşin şüalarını qabaqlamaq üçün sol əlini qaşı üzərində sipər edib gəlməkdə olan əzəmətli tanrıya baxdı. Asklepiyin geridə qoyduğu torpaqlar od tutub yanmağa başlayırdı, bu müdhiş alov tanrını əhatəyə alıb qorumaqla vəzifəli idi. Xoruz da artıq səsini çıxarmırdı, çox gec olduğunu, müqavimətin mənasızlığını dərk edirdi. Sokratı lənətləməkdən başqa əlindən heç nə gəlmirdi. İlan əsaya dolanıb öz sahibinə həsrətlə baxırdı. Nəhayət tanrı iki yoldaşla üz-üzə gəldi, əllərini Platona tərəf uzatdı, Platon yenidən bıçağını çıxardı və yalvarışlarına məhəl qoymadan qucağındakı gülünc xoruzun başını kəsdi. Xoruzun hələ də qaçmağa çalışan bədənini Asklepiyə uzadıb boynunu aşağı dikdi. Kriton da eyni hərəkətlə öz hörmətini bildirdi. Tanrı qurbanını götürüb əlini əsasına atdı, onu torpaqdan çıxarmaq üçün gücünü topladı, sanki əsanı yerə heç özü sancmamışdı. Cəhd etməyə davam edirdi, lakin birdən-birə quruyub qaldı, təhlükəni saniyələr öncəsindən sezməyi bacarsa da, edə biləcəyi heç nə yox idi. Bir neçə saniyə sonra Kriton və Platon Zevsin zərbəsi ilə qarşılarında külə dönmüş tanrıya baxırdılar. Asklepiy yenə ölmüşdü, dostlar onun küllərindən doğacağını gözləsələr də, heç nə baş vermədi. Səmada qanad çırpan nəhəng Feniks tanrının külləri üzərinə kölgə salırdı.  Tanrı da Sokrat kimi, fani imiş kimi yer üzündən əbədi yox oldu, insanların yanına yollandı. Platon yenidən gülməyə başladı, dostu hələ də bir kəlmə danışmamışdı, təəccüblü baxışlarını Platona zilləmişdi. Bir qədər sakitləşəndən sonra Kritona çevrildi və son sözlərini dedi:

– O axmaq xoruz ölməməliydi, ah Sokrat, mənim dahi dostum, mən bilməzdim ki, cəhənnəmdə də səni oyatmağa ehtiyac olacaq. Bəlkə də, Zevslə sövdələşmisən, Bəlkə də, Asklepiyin qarşılığında ulu tanrı sənə yenidən həyat verəcək, sən ona insanmasan belə…

Kriton bu qarmaqarışıq, mənasız yuxudan oyananda Sokrat hələ də geri qayıtmamışdı, çöldə gəzinib yorulmağı gözləyirdi. Kriton da elə əziz dostunun soyuq daş yatağında yuxulamışdı. Platon yoxa çıxmışdı, heç kimə heç nə demədən harasa getmişdi. Səhər açılmaq üzrə idi, qəfil xoruz banı eşidildi, Sokrat geri qayıtmaq üçün yola qoyuldu..

Adil Aydın Nəhmətli

Bənzər yazılar