Saytımızla əməkdaşlıq edən Humay Nəhmətli 246 nömrəli lisey-məktəbin IX sinif şagirdi Məmmədzadə Banu İlqarın qonağı oldu.

– Banu kimdir? Bu adı sənə kim verib?

– Nənəm, əslində, Banu Çiçək qoymaq istəsə də, bəxtimdən Banu olub. Çiçək sevən deyiləm, amma adımı çox xoşlayıram. Adımın mənası “qadın” deməkdir.

– Adın sənin üçün nə ifadə edir?

-Ümumiyyətlə, adlar mənim üçün çox önəmlidir. Yeni tanış olduğum birinin ilk öncə adının mənasına baxıram. Və demək olar ki, ən sevdiyim şey adımdır.

Özün haqqında qısaca məlumat verə blərsən?

– Özüm haqqımda qısa danışa bilmərəm, çünki kim olduğumu tam ifadə edə bilməyəcəyimi düşünürəm. Amma bəzi şeylər deyə bilərəm. Məsələn, ən sevdiyim rəng ağdır. Kitab oxuağı sevirəm. Məncə, sevdiyimiz şeylər xarakterimiz üçün önəmlidr. Kitab oxumağı sevirəm.

– Ən sevdiyin yazıçı kimdir?

– Əslində yazıçıya yox, kitaba baxıram. Yəni kitabdan kitaba dəyişir. Amma Dostoyevski və Nitşeni oxumağı sevirəm. Şairlərdən isə Ramiz Rövşən və Aqşin Yeniseyin əsərlərini sevirəm.

– Ən sevdiyin əsər var?

– Dostoyevsknin “Karamazov qardaşları” əsərini çox sevirəm.

–  Nə vaxtdan bəri yazırsan? İlk şeirini xatırlayırsanmı?

– Dəqiq vaxt deyə bilmirəm. Anamın dediyinə görə, uşaqlıqdan bəri yazmağa meyilli olmuşam. İlk şeirimin nə olduğunu deyə bilmərəm. Uzun müddətdir ki, yazıram.

– Şeirlərini yazarkən nə düşünürsən?

– Mən duyğularımı çox yüksək yaşayıram. Şeirlərimdə də bunun təsiri var. Şeir yazarkən hisslərimi ifadə etməyə çalşıram sadəcə.

Bir şeirində “Mürəkkəb deylik, tapılmayaq deyə çətinləşirik” demisən. Sən tapılmaq istəyirsən?

– Mən tapılmaq istəyirəm, tapılacağımı da blirəm. Karamazov qardaşlarında belə bir söz var: “Tanrının elə vergiləri var ki, hər kəsə yox, sadəcə seçilmişlərə qismət olur”. Yazıçıların da onlardan olduğunu düşünürəm.

Bir şeirində isə “Yazmaq, həqiqətən, uzaqlaşdırır, yazarkən sus deməlisən yanındakılara, toxuna biləsən uzaqdakilara” demisən. Nə demək istəmisən bu misralarda? Yaxındakiları susdurmaq ehtiyacı niyə hiss etmisən?

– Çünki əgər xüsusi birisənsə, xüsusi insanlarda daha çox cəmiyyətə fayda ermək istəyi, fərqindəlik olur. Bir yandan xeyirxahlıq, mərhəmət hiss etsən də, bir yandan da nifrət hissi yaranır. Fərqində olmasalar belə, yanındakılardan uzaqlaşırlar. Yəni dünya həssas insanlar üçün cəhənnəmdir.

Sənin üçün özəl bir şeirin var mı?

– Bir şeirimlə mən televiziyaya çıxmışdım. İlk bu şeirimlə tanınındığım üçün mənim üçün özəldir.

Gələcək planların nələrdir?

– İxtisasımı dəqiq bilmirəm, amma yazmağa davam edəcəm.

Müsahibəni apardı: XI sinif şagirdi Humay Nəhmətli

Sən fərqlisən?

 

Həyatımdakı bütün obraz və əlavələrə…

 

Banu ilqar qızı

 

… ən çox payızı sevirəm

küləyin əsməyini

yalanları ortaya çıxmış insanlar kimi

ağacların çırıl – çılpaq qalmasını

ən çox payızı sevirəm

 yağışın yağmağını

insanlara göy üzünün də

 ağlaya biləcəyini xatırlatmasını…

 

Hər kəsi

eşitməyə çalışdım

səsləri

 bir-birinə qarışdı

susdun

susdun

danışdın

mən də başa düşmədim

tanrıya özənmişdim

hər şeyi

sevməyə öyrəşdim

sonra da sevgim qurtardı

mən tanrı deyiləm axı

 

Sonra tanımadığın bir adamın

şerinə rast gələrsən

ağlamaq istəyərsən

qazana bilməyəcəyin

bir – iki şey itirmisən

 

Həqiqət pis yerlərdədi

xəstəxana otağının qapısından çıxan

 bir həkimin ağzındadır    

bacısını qardaşını

sinif yoldaşını xəbərləyən

bir uşağın qəddarlığındadır  

adətən aparıcıların yox

 yazıçıların dilindədir

amma gözəl yerlərdə

 olmur ki həqiqət…

 

Bir səfərlik qorxmazsan

Bir addım atarsan

Kiminsə həyatını dəyişərsən

Eşqini etiraf edərsən

Ya  da haqsızlığa göz yummazsan

Bir addım atarsan

Yəni susmazsan

Və görərsən ki qorxmaz quşlar

Sən gələndə

Bir addım atarsan

Deməli sən yaxşı bir insansan

Bir sonrakı səhvinə qədər

 

Aşağılanmış insan dənəcikləri

Siz birləşib cəmiyyət olmusunuz?

Alçaqdanmış səsimi eşitmirlərmiş

Tamam başqa dildə danışırammış

 

Mürəkkəb deyilik

 tapılmayaq deyə çətinləşirik

Tapılmırıq deyə

 hansısa bir kitabın cümlələrindən birində itib – batırıq

Bir musiqinin sözlərində axtarmaq gəlmir ağıllarına bizi

 

Bəzi şeylər öyrəndim

Məsələn bəzən gülə bilmirsən

Üzündə yapışdırılmış hər an yerə düşəcəkmiş kimi durur

Və iyrənc bir dad buraxır ağzında

O dadla tanış oldum

İnsanların yüksək səsini eşitdim

Və qəbul edilməməyin hissetdirdiklərini

Avara sözünün mənasını öyrəndim

Üzümə nələr dedilər

Şoka düşdüm

Öz doğrularım üçün döyüşdüm

Və doğruların döyüşlərə ehtiyacı olmadığını gördüm

Böyüməyə çalışdım

Və indi yaydır

Filmə üç ay fasilə

Hə bir də insanların dediyinə görə dəli imişəm…

Bənzər yazılar