Günəşin işığı ilə qatarlara mayak kimi yol göstərdiyi vağzalda son elan verildi: “Tiflisə gedən qatar saat səkkiz tamamda yola çıxacaq”. Əli qutudakı sonuncu siqareti çıxarıb yandırdı. Siqaret dərdli-dərdli tüstüləməyə başladı. Bir gün əvvəl Gəncədə Nino ilə keçirdiyi dəqiqələr lent kimi gözünün önündə o yan-bu yana gedirdi, sanki qatar artıq yola düşmüşdü, vaqonlar da ömür səhifələri kimi sürətlə gözlərinin önündən keçib yoluna düzəlmişdi. Əliyə təəccüblü gələn ümidlərinin hələ də ölməmiş olması, bu məqamda belə Ninodan zəng gözləməsi idi. Saatın tamam olmasına cəmi bir dəqiqə qalmışdı, son dəqiqənin, hətta saniyələrin hökmünə tabe olmaq ona ağır gəlirdi, amma başqa çarəsi yox idi. Çantasını götürüb vaqona sarı yeridi, qəfil telefon zəng çaldı, əlindəki çantanı həyəcanla yerə tullayıb cibindəki cılız, köhnə telefonunu axtarmağa başladı. Telefon elə hey Əlini çağırırdı, ona elə gəlirdi ki, bir az da gec tapsa, yazıq cihazın səsi batacaq. Nəhayət, telefonun yerə atdığı çantanın cibində olduğu yadına düşdü. Yola düşən qatarın səsi zəngin səsini batırmağa çalışsa da, nail ola bilmədi. Telefonu götürüb ekrandakı tanımadığı nömrəyə baxdı, ürəyi çox sürətli döyünürdü, bir an artıq qatarda olduğunu, vaqonun onu atıb-tutduğunu düşündü. Nömrənin tanış olmaması ümidləri birə beş artırırdı, nəhayət lazım olan düyməni basıb cəmi bir söz deyə bildi:
– Nino…
– Ay bala, niyə bayaqdan telefonu açmırsan, narahat oldum vallah, gedib çata bildin qatara? – gələn səs Ninoya aid deyildi, anası tanımadığı bir nömrədən zəng vurmuşdu. Amma bunu cəmi bir saniyə sorğulaya bildi, boş platformaya baxıb uzaqdan görünən qatarı seyr eləməyə başladı. Anası hələ də təkidlə niyə cavab vermədiyini soruşurdu. Əli fərqində idi ki, sonuncu sözünü bayaq deyib, ən son cümləsini də dünən Nino ilə sağollaşarkən qurub, birdən dərk elədi ki, dünəndən bəri ilk dəfə idi danışır.

Nino isə dəqiqələr əvvəl Tiflis qatarında öz ölkəsinə yola düşmüşdü…

Adil Aydın Nəhmətli

Bənzər yazılar