Hər zaman çox çalışan biri olmuşdu. Ömrünü ailəsinə sərf edən yaxşı ata rolunu kifayət qədər oynamışdı. Artıq bu roldan sıxılmış, dincəlmək qərarına gəlmişdi. Nə qədər qaldığı bəlli olmayan ömrünü özünə sərf edəcəkdi. Ailəsinə xəbər vermədən ərizə verib işdən çıxmış, heç nə almadan evə yollanırdı.  Bu günə qədər heç vaxt evə əliboş getməzdi, sanki belə edərək ailəsinə qərarını bildirmək istəyirdi.

Otuz ilini bu işə həsr etmişdi. Asan deyildi ayrılmaq: nə onun üçün, nə də ailəsi üçün. Amma artıq gücü çatmırdı, dincəlməli idi. Həm uşaqları da böyümüşdü, özləri işləyib pul qazana biləcək yaşda idilər. İki qız, bir oğul atası idi. Yoldaşı Məlahət xanım on il əvvəl bu gün vəfat etmişdi. On il əvvəl yoldaşına verdiyi sözü tutduğunu düşünərək nəhayət işdən ayrılırdı. Görəcək bir işi yox idi artıq: uşaqlarına yaxşı təhsil vermiş, böyük oğlu Tahir  və qızı Nübarı evləndirmişdi.  Kiçik qızı Leyla isə bu gün məzun olmuşdu. Artıq evdə oturub nəvəsi ilə oynayacaq, yaşıdları ilə parkda söhbət edib nərd oynayacaq, hər zaman pərəstiş etdiyi, amma işdən vaxt tapmadığı futbol oyunlarını izləyəcəkdi.

Məlahət xanım on il əvvəl ona elə bir yük vermişdi ki… On il bu yükün altında əzildiyini bir özü bilirdi. Məlahət xanımın niyə ona güvənmədiyini düşünürdü hər gün. Uşaqlarına baxmamasından qorxduğu üçün ona belə biir söz verdirmişdi. Yoxsa kim ölüm döşəyində yoldaşına belə bir şey tapşırar ki? O gündən bəri  uşaqlara hər baxdığında yükünü xatırladı. O gündən sonra o uşaqlarla arasındakı ata- övlad bağı bir daha yaranmadı. Bunlar üçün əsəbi idi yoldaşına. Uşaqların da onun kimi eyni şeyi hiss etdiyini bilirdi. Onların günahı yox idi, amma artıq olan olmuşdu. Əlindən heç nə gəlmirdi.

Evdən gələn uşaq səsini eşidəndə Tahir və Nübarın da gəldiyini anlayıb sevindi. Axı bu xəbəri bütün ailə eşitməli idi. Evə girən kimi hamı qapıya yığılmış, atanı salamlamışdı. Amma bir qəribəlik var idi, atanın əli boş idi. Ev əhli nə isə olduğunu artıq anlamışdı.

Axşam yeməyi yeyildikdən sonra ailə qonaq otağında toplaşmış, atanın qərarını açıqlaması üçün saatın səkkiz olmasını  gözləyirdi (on ildir ki, bu evdə yeni qərarlar saat səkkizdə açıqlanırdı). Saat əqrəbi səkkizi göstərdikdə ata sözə başladı:

– On il əvvəl bu gün saat səkkizdə Məlahət xanım dünyasını dəyişdi ( öldükdən sonra  hamı onu belə xatırlayırdı). On il qabaq bu gün saat sakkizdə ona hamınızı oxutmamış  dincəlməyəcəyimə dair söz verdim. Sözümü tutdum da. On ildir ki, hər gün sizin üçün çalışdım. Amma artıq bu gün vəzifəmi tamamladım. Bu gün Leyla da məzun oldu. Bu gün işdən çıxdım. Artıq ömrümün qalanını nəvələrim və yaşıdlarımla keçirəcəm. – deyərək heç kəsə söz deməyə mkan vermədən otaqdan çıxdı. Amma buna heç kəs təəccüblənmədi, son on ildir ki, hər zaman belə idi. Saat səkkizdə ata qərarını verər və heç kəsə söz haqqı tanımadan otağına çəkilərdi.

Uşaqlar otaqda olduqları yerdə qalarkən Nübar:

– Artıq yaşlanıb. Yaxşı oldu, artıq bir az dincəlib özünə vaxt ayırsın – dedi.

Leyla anasının şəklinə baxaraq:

– Hə, nə də olsa, vəzifəsini də tamamladı. Məlahət xanıma verdiyi sözü də tutdu, – deyərək atasının sözlərindən incidiyini bəlli etsə də, heç kəs heç nə demədi. Qəlblərində hər zaman Məlahət xanımı günahlandıran uşaqlar bunu heç vaxt  dilə gətirmədilər. Hər zamanki kimi yenə susdular..

 

Humay Nəhmətli

 

Bənzər yazılar