Bakıda nadir olan sərin bir yay axşamında küçələrin boşalması ilə gözə çarpan bir gənc ağır-ağır, lakin  əmin addımlarla irəliləyirdi. O, başının altına yastıq qoyub onu düşünməkdən məhrum etməyəcək aid olduğu yeri axtarırdı. Onun axtardığı yer sadəcə və sadəcə hüzurun və yalnızlığın vəhdətinin hökm sürdüyü hər hansısa bir yer idi.

Əmin addımlarla irəliləyirdi, çünki bilirdi ki, belə bir yer mövcud deyil. Bunu asanlıqla qəbul etdi və bu an qarşısına çıxan bir çinar ağacının olmayan kölgəsində yerini rahatladı. Bilirəm, heç kəs zülmət qaranlıqda çinar ağacının kölgəsinin olacağını gözləmirdi, lakin bunu qeyd etmək vacibdir, çünki o, çinara – “Qızmar Günəş şüalarını yerə saçanda sən və sənin kölgən hər kəs üçün dəyərli olacaq” – deyərək yaxınlaşdı. Bu hissi bilirdi. Çünki özü də bir çinar rolunda idi ətrafındakılar üçün. Gün işığında heç kəs ondan ayrılmaq istəmirdi, elə ki gün batdı, unudulurdu. Heç kəs ona “qaranlıqda” gənc adamın çinara yaxınlaşdığı kimi yaxınlaşmırdı. Yorğun gözləri yumularkən düşündükləri haqda pıçıldadı: “İnsanların əsas problemi…”Sübh tezdən onu ondan bir-neçə yaş kiçik olan bir gəncin çağırışı oyatdı.

– Əmi, burada nə edirsiniz?
Qəhrəmanımız – “Əmi?!” – deyə düşündü bir anlıq və elə həmin an anladı ki, hazırda gördüyü iş onu bu müraciətə layiq edib. Udqundu və bütün ciddiyəti ilə cavab verdi:
-Sənin mənə “əmi” deyə müraciət etməyinə, yaşıdlarımın məndən çəkinməsinə səbəb olan və bir çoxlarının edə bildiyini zənn edib, heç də yaxşı bacarmadığı şeyi edirəm. Düşünürəm…

 

Turqut Nəhmətli
211 nömrəli məktəbin 8-ci sinif şagirdi

Bənzər yazılar