Sinfə daxil oldum. Doqquzuncu sinfin şagirdləri hamısı əlləri çarpaz şəkildə gərgin oturmuşdular. Salamlaşdım. Uşaqlar ciddi bir imtahan gözləyirmişlər kimi yenə gərgin idilər. Mühiti bir az yumşaltmaq üçün dedim:
– Gülümsəyək, uşaqlar.
Hamısının azacıq dodağı qaçdı. Bir oğlan diqqətimi çəkdi. Geyimi hamıdan fərqlənsə də, bununla deyil, üzündəki dərin ciddiyyət və anlaşılmaz əsəbi kədərlə.
Sinifdə bütün uşaqlar ağ köynəkdə idilər, bircə o, qara idman kostyimunda. Üzündə yüngül göyərtilər və bir gözünün altında sanki göyərtilərin solmuş yerləri kimi ləkələr vardı. Üzü həm də yüngülcə cızıq-cızıq idi. Soruşdum:
– Sən niyə gülümsəmək istəmədin?
Sərt bir ciddiyyətlə cavab verdi:
– Güldüm də, müəllim.
– Adın nədir?
-Yusif.
Başımı aşağı salıb masanın üstündəki kağızlara baxdım. Sonra xüsusi diqqətimdə deyilmiş kimi nəzərlərimi Yusifdən yayındırıb sinfə yönəltdim. Sinifdə aparacağım fəaliyyət və şagirdıərin üzərinə düşən vəzifələri izah etdim.
Düşünülmüş bir ciddiyyətlə sinfə göz gəzdirib dedim:
– Mənə bir nəfərin köməyi lazım olacaq.
Çoxu əlini qaldırdı. Mən isə üzümü Yisifə tutub soruşdum:
– Bu köməyi mən səndən ala bilərəmmi?
Yusif tərəddüdsüz yerindən qalxıb mənim masama yaxınlaşdı. Mən bir topa vərəqi ona verib yoldaşlarına paylamasını xahiş etdim. Yusif vərəqləri cəld və səliqə ilə paylayıb yerinə keçdi.
Uşaqlara həmin vərəqsəki mətni oxumaq üçün on dəqiqə vaxt verdim. Səbirsizliklə gözləyirdim ki, bu on dəqiqə tez bitsin. Nəhayət, bitdi. Mən yenə üzümü Yisifə tutub dedim:
– Yisif, vərəqləri toplaya bilərsənmi?
Yisif yenə həmin qıvraqlıqla yerindən qalxıb, kağızları toplayıb onları mənə gətirdi. Dedim:
– Çox sağ ol, sənə əməlli-başlı zəhmət verdim.
Yisif böyüklərə məxsus təvazö ilə:
– Əstəğfrulla, – deyə cavab verdi.
Diqqət etdim ki, artıq gərginliyi çox azalıb.
Üçüncü dəfə yenə Yisifdən kömək istədim:
– Yisif, sən vərəqləri çox incəliklə, səssiz payladın. Yenə bunu sənin etməyini istəyirəm. Yisif bu dəfə qıvraqlıqla yanaşı, sanki könül rahatlığı ilə də bu təklifə razılaşdı. Bu dəfə daha incə davranaraq işini bitirdi.
Nəhayət, adi bir təşəkkürümə Yusifin üzündə gerçək təbəssüm yarandığını gördüm.
Mən bilmədim, Yisif kim idi, niyə o qədər dərin kədər var idi gözlərində və o kədər üzünə niyə ləkələr salmışdı. Mən sadəcə qısa müddət ərzində şagirdi bu kədərdən az da olsa çıxarmağı sınaqdan keçirirdim.
Amma o sınaq ürəyimdə bitmədi. Ayrılıb gəlsəm də, Yisif ağlımda qaldı.

Bənzər yazılar