Yaponiyanın məktəbəqədər təhsil müəssisələrində çalışmaq şərəfli iş sayılır və bağçaların idarəolunmasında, eləcə də təlimatçı vəzifəsində çalışan kişilərin də sayı çoxdur. Bu ölkədə uşaq bağçalarında işləmək üçün Təhsil nazirliyi (inkişafda olan uşaq bağçaları tipi üzrə), yaxud Səhiyyə, əmək və sosial müdafiə nazirliyi (bütöv gün fəaliyyət göstərən bağçalar üzrə) tərəfindən akkreditasiya olunmuş ali təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmək, yaxud müstəqil, eləcə də distant təhsil alaraq, dövlət imtahanından müvəffəqiyyətlə keçmək lazımdır. Tərbiyəçi-müəllimlərin işə qəbul imtahanları ildə bir dəfə keçirilir. Xüsusi məktəblərin, dördillik institutların, ikiillik kolleclərin məzunları daha yüksək əmək haqqı olan iş yerləri əldə edə bilərlər. Yaponiyada uşaq bağçalarında işləmək istəyənlərin sayı kifayət qədər çoxdur. Hər il işə qəbul üçün müraciət edənlərin sayı 50 min nəfərə qədər olur.

İki mərhələdən ibarət olan imtahan prosesi

İnkişaf etməkdə olan uşaq bağçasında işləmək üçün müəllim, iki mərhələdən ibarət olan imtahan prosesindən keçməlidir. Bu mərhələlərin hər biri özlüyündə iki hissədən ibarətdir. Birinci mərhələnin birinci hissəsində, müəllim işləmək istəyənlər pedaqogika tarixindən və nəzəriyyəsindən, eləcə də qanunvericilikdən (Təhsil haqqında fundamental Qanun, uşaqların təhlükəsizliyi və onların sağlamlıqlarının qorunması haqqında qanun) imtahan verməlidirlər. Birinci mərhələnin ikinci hissəsinin imtahanında Yaponiya Təhsil nazirliyinin uşaq bağçaları üçün nəzərdə tutduğu ən vacib sənədlərin məzmunu ilə bağlı suallar yer alır. Məsələn, “Uşaq bağçalarında tərbiyənin prinsipləri”, “Uşaq bağçalarında tərbiyənin prinsiplərinin izahı”. Bu hissədə müəllimlər, eyni zamanda, uşağın inkişafdan qalmasının səbəbləri, istedadlı uşaqlarla iş prinsipləri, uşaq bağçalarında yaradıcı işlərin təşkili ilə bağlı sualları da cavablandırırlar.

İmtahanın ikinci mərhələsinin birinci hissəsində Yaponiya Təhsil nazirliyinin müəyyən etdiyi direktivlər əsasında mini-esselər yazılmalı və onlar konkret misallarla əsaslandırılmalıdır.

İmtahanın ikinci mərhələsinin birinci hissəsində uşaq bağçalarında sənədlərlə işləmək bacarığını nümayiş etdirmək lazım gəlir. Tərbiyəçilərin gündəlik yazdıqları hesabatlar və planlar da bura daxildir. Plan və hesabata əsaslandırılmış şəkildə ətraflı izahat vermək tələb olunur. Məsələn, müəllim göstərməlidir ki, uşaqlara müəyyən bir oyunu davam etdirməyə necə kömək etdi, həyati bacarıqları necə aşıladı, üçtəkərli velosipedlə təhlükəsiz davranmağı necə öyrətdi və s.

Bütün gün fəaliyyət göstərən uşaq bağçasının müəllimi olmaq üçün namizədlərdən ağaşıdakı fənlər üzrə imtahan vermələri istənilir: tərbiyənin prinsipləri, təhsilin prinsipləri, sosial yardım, uşaqların ailə rufahı, sosial rifah, tərbiyə psixologiyası, uşaq sağlamlığının qorunması, qidalanma və uşaq rasionu, müəllim hazırlığı nəzəriyyəsi…İmtahanlar test şəklində aparılır və namizədlərə cavab vermək üçün bir neçə variant təklif olunur. Hər bir fənn üzrə 60 faiz nəticə göstərən namizəd mərhələni keçmiş hesab olunur. İmtahanın yazılı mərhələsini uğurla keçən namizəd təcrübi sınaq mərhələsinə qədəm qoyur. Bu zaman namizədin qarşısında daha dörd fənn üzrə imtahan dayanır – tərbiyənin ümumi məsələləri, dil bilikləri, musiqi, təsviri incəsənət. Namizəd bu fənlərdən üçünü, ikisini özü seçməklə verir. İmtahanlara hazırlaşmaq üçün namizədlərə müxtəlif vəsaitlər təqdim edilir. Yapon mütəxəssisləri qeyd edirlər ki, ölkədə bağça müəllimliyinə qəbul olunmaq kifayət qədər çətin prosesurdur. Müəllimlərin bilik və bacarıqları incəliklərinə qədər yoxlanılır və yalnız 10-21 faiz namizəd uğur əldə edə bilir.

Qeyd etmək lazımdır ki, imtahanları uğurla keçmək, hələ məktəbəqədər təhsil müəssisəsində müəllim işləmək üçün kifayət etmir. Bunun üçün uşaq bağçasında təlimlər mərhələsini də adlamaq lazımdır. Təlimlər pedaqoji institut, kollec, eləcə də distant pedaqoji təhsil verən müəssisələrdə aparılan tədrislə eyni səviyyədə təşkil olunur. Uşaq bağçalarındakı təlimlər, orada iştirak edən tələbələr üçün də öz təcrübələrini artırmaq, seçdikləri peşəyə özlərində əminlik yaratmaq baxımından da əhəmiyyətlidir. Bütün günü uşaqlarla bir yerdə olmaq, onların qayğısına qalmaq, hesabatlar hazırlamaq, uşaqların səni səslədiyini, sənə verdikləri suallara cavab gözləmələri, hər gün səni sevinclə qarşılamaları və s. Bütün bunlar tələbəni cəlb edəcəksə, deməli o, düzgün seçim edib. Tələbələr, yalnız adi uşaq bağçalarına deyil, təcrübə keçmək üçün uşaq evlərinə, fiziki məhdudiyyəti olan uşaqlar üçün nəzərdə tutulan müəssisələrə də göndərilirlər. Bəzi müəssisələrdə təcrübə keçən tələbələrə gecələmək üçün də imkan yaradılır. Burada əsas məqsəd odur ki, tərbiyəçi-müəllim işləyəcək tələbələr özlərində insanlara faydalı ola biləcək duyğularını kəşf etsinlər, gələcəkdə körpə fidanlarla işləyə biləcəklərinə əmin olsunlar. (ARDI VAR)

Böyükağa MİKAYILLI,

“Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru

Tədqiqatda məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislər Kiriçenko Mariya Alikseyevnanın, İ.Xarasakanın, M.Tokunaqanın, A.Nakaxiranın araşdırmalarına istinad edilib.

 

 

 

Bənzər yazılar