Sübh tezdən qızmar günəşin hədəf alıb şüalarını saçdığı mənzil bu dəfə qəhrəmanımızın xudmani mənzili idi. Günəş şüalarını qəbul edən kimi oyandı, amma yerindən qalmaq istəmirdi kimliyini heç bir zaman öyrənməyəcəyiniz bu obraz. Onun kimliyi önəmli deyildi və heç bir zaman önəmli olmayacaqdı, çünki risq edib düşünürdü. O və başqa düşünənlər eyni yolun yolçusu idi. Hamısı fikir dəryasında boğulmağa məhkum idi. Bəziləri  bu “sularda” batanları gördükdən sonra düşünməyin daşını atıb sudan quru çıxmağı bacarırdı, lakin inadkar qism iradəsiz insanlara qarşı olan üsyanını davam etdirirdi və bu üsyan onları daha da dərinə batırırdı.

Qəhrəmanımız halsızlığına rəğmən yerindən qalxdı və elə bu an dözülməz başağrısının fərqinə vardı. Yaşamın özünü yormasına dəymədiyini bildiyi üçün yenidən yatağına uzandı. Ona məlum idi ki, bu başağrısı ona dərd və düşüncələrindən “hədiyyə” idi. “Bu lənətəgəlmiş fikirlərdən qurtulmağın bir yolu yoxdurmu?!”- deyə mızıldandı dodağının altında və “düşünməmək” sözünü dəfələrcə təkrar etməyə başladı. Gözlərini yumdu və yeni bir dünya düşünərək onun içərisinə daxil oldu.

Qəhrəmanımız bu xəyali dünyasında özünü səhranın ortasında tapdı. Bir az uzaqlıqda yüzlərlə, bəlkə də minlərlə səhra sakininin qışqırıqlarını eşidəndə bir qədər ürkür, amma onların nə dediyini anlamaq üçün bu heyvanlara yaxınlaşmalı olduğunun fərqinə varır eyni zamanda. Bu da düşünən insanların qızıl qaydalarından biridir: hər şeylə maraqlanmaq.

Bu heyvan topluluğuna yaxınlaşdıqca qəhrəmanımz anlayır ki, onlar quraqlığa və susuzluğa üsyan edir. Hətta kaktus və bəzi başqa bitkilər də dil açıb qışqır-bağır salırdılar. Amma onların bu üsyanı kimə idi?

Onların üsyanı insanların yağışa şeir yazmasına bənzəyirdi. Tək fərq ondan ibarət idi ki, onlar sanki məktub yazırdılar, gileylərdən ibarət bir məktub. Və insanlardan fərqli olaraq onlar ünavanı düzgün seçmişdilər, onlar buluda məktub yazırdılar. Qəhrəmanımız əmin idi ki, bu situasiyada olan bir insan, yağışa məktub yazıb ondan niyə yağmadığını soruşardı.

Bu canlılar bir ağızdan buludu ittiham edirdi:

– Günəşin qarşısını niyə kəsmirsən?!

– Bu qədər yağış bizə bəs deyil, daha çox yağdırmalısan!

Kaktuslar:

– Susuzluqdan heç yarpağımız belə yoxdur!

Bu hayqırtılarının dayanmadığını görən qəhrəmanımız gerçək dünya ilə əlaqəsini kəsib Ərəfə yollandığını hiss edən kimi “sevincdən göyün yeddinci qatına qalxdı.”

Bənzər yazılar