İki yüz ildən artıq bir dövrdə Azərbaycan xalqının taleyi üzərində mənfur bir ssenarini oynadılar. Düşünülmüş, ölçülüb biçilmiş, aydın məqsəd və hədəfləri olan bu iyrənc oyuna öz geosiyasi nəzəriyyələri çərçivəsində “strateji yanaşma”, yaxud “regional siyasət” dedilər. Necə adlanmasından asılı olmayaraq onun mahiyyətı ayrı-ayrı dövlətlərin öz maraqları naminə bu və ya digər xalqın taleyi ilə oynamaqdır. İki əsrdən artıq bir dövrdə birilərinin başladığı oyuna pay qazanmaq məqsədilə müxtəlif mərhələlərdə əlavə qoşulanlar da oldu. Ssenari çox ağır idi… Tarixi torpaqlarımıza xüsusi genetik özəlliyə məxsus mənfur oyunda əsas rol alan erməni adlı və insanlıqdan uzaq bir toplum yerləşdirməyə başladılar və bu işi nəzərdə tutulduğundan daha 0 “uğurla” icra edə bildilər. Çoxluq olduqda digər xalqlarla birgə yaşayış mədəniyyətindən məhrum olan erməni toplumu onlara qucaq açmış, yer vermiş xalqımızın torpağına göz dikdi, bu torpaqların əsl sahiblərini yanlarında görmək istəmədilər, sığındıqları torpaqlarımızı özlərinə vətən etməyi, daha sonra öz dövlətlərini qurmağı əsas ideoloji silaha çevirdilər. Bu qeyri-insani niyyətlərin gerçəkləşməsində özlərinə yeni havadarlar da qazandılar.

Ötən iki yüz ildə iki Dünya müharibəsi baş verdi, mənsub olduğumuz coğrafiyada iki imperiya dağıldı. Yeni dünya düzəni yarandı, artıq “hüquq və ədalət var” dedilər. İmperiyalardan birinin dağıntılarının ən böyük zərbələr vurduğu xalq və ərazi olsaq da, iyirminci əsrdə ikinci dəfə öz dövlətimizə sahib olduq. Sivil dünyanın ədalətinə inanaraq beynəlxalq hüququn prinsiplərindən, suverenlikdən, ərazi bütövlüyündən, dövlət sərhədlərinin müqəddəsliyindən həvəslə danışdıq. Lakin, qarşılaşdığımız reallıq tamamilə fərqli oldu. Bizə “siz siz deyilsiniz” dedilər və hər gələn yeni nəsilə bunu təlqin etməyə çalışdılar. Qollarımızı, ayaqlarımızı bağlayıb mənfur erməniyə əzdirdilər, “siz zəif və gücsüzsünüz” dedilər. Bizim quş tüfənglərimizi alıb qanımıza susamış  top, tank, ağır silahlar verdilər. Aslanı çaqqala əzdirdilər, sonra da “uduzdunuz, taleyinizlə barışın” dedilər. Çünki bizim biz olmağımız, güclu və torpağımıza sahib davranmağımız çoxlarının maraqlarına zidd imiş. Bizim bu coğrafiyada movcudluğumuz kimlərinsə rahatlığına kölgə salırmış…

Tarixi torpaqlarımızı özünün “arxa bağçası” hesab edənlərin xeyir-duası, köməyi və hətta iştirakı ilə xalqımızı çoxmərhələli deportasiyaya məruz qoydular. Soydaşlarımızı minilliklərdən bəri yaşadıqları yurd-yuvalarından, torpaqlardan silahlı hücumlarla, vəhşi talançılıqla qovdular. Qovduqca azğınlaşdılar, taladıqca vəhşiləşdilər, əzdikcə cəsarətləndilər, öldürdükcə qəddarlaşdılar..! Bölgəmizdə güc sahibi olanlar əl-qolumuzu bağlayıb belə bir iyrənc toplumun qarşısında bizi aciz buraxmışdılar. Belə davam etdi… iki yüz il. Havadarlarının himayəsindən və canfəşanlığından ruhlanan “çaqqallar” özlərini “aslan” sandılar. Özlərinə və böyütdükləri yeni nəsillərinə “qəhrəman erməni xalqı”, “döyüşkən əsgər” olmaları barədə qoşduqları sərsəm nağıllara özləri də inanmağa başladılar. Bizi qorxaq, döyüş ruhu ölmüş, əzilmiş, məğlub və çarəsiz olduğumuza inandırdıqlarını zənn etdilər. Genimizi deformasiyaya uğratdıqlarını sandılar. Çünki, əhali sayına görə dünyada ən böyük qaçqın və məcburi köçkün ordusuna sahib, tarixi torpaqlarından əlavə müstəqilliyinin ikinci dəfə qazanıldığı ərazilərin də param-parça olunaraq beşdə birini itirmiş, ordusu məğlub olmuş dövlət və xalq idik. Boynumuz bükük, ruhumuz sınmış, kimliyimiz pərdələnmişdi.

Belə halımız qardaş Türkiyə istisna olmaqla regionda marağı olan bütün gücləri nəinki qane edirdi, onlar yaranmış situasiyadan zövq alacaq dərəcədə məmnun idilər. Yaranmış ədalətsizliyin aradan qaldırılması, erməni işğalına son qoyulması, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qaytarılması, insanlıq əleyhinə törədilmiş cinayətlərə və misli görünməmiş talançılığa hüquqi qiymət verməyə, beynəlxalq hüquqi məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunması üçün mandat almış Minsk Qrupunun həmsədrləri də, sən demə, bu məmnuniyyətin ən böyük pay sahibləri imiş. Onların real missiyası isə münaqişənin həll olunma şanslarını dərhal aradan qaldırmaq və Azərbaycanın qollarına və boynuna salınmış zəncirlərə əbədiyyət statusu vermək imiş. Mütəmadi erməni silahlı təxribatları isə heysiyyatımızı rahat buraxmırdı. Xalqımız çox ağır sınaq və seçim qarşısında idi.  Ya səbir edib dözməli və zəncirləri haqq etməli, ya da kimliyimizi ortaya qoyub var olduğumuzu və torpaqlarımıza sahibliyimizi sübut etməli idik…

Ali Baş Komandanımız çox ağır bir məsuliyyətin yükünü daşıyırdı. İllər ərzində müəllifi olduğu inkişaf strategiyasının nəticələrindən bəhrələnərək güclü ordu qurmağa nail olmuş Prezident və Ali Baş Komandan İlham Əliyev bütün geosiyasi reallıqları və mövcud riskləri nəzərə alaraq qətiyyətə söykənən qərarı verməli idi. Düşməndən qisas almaq, işğal altındakı Vətən torpaqlarını azad etmək, mənfur düşmənə gerçəkdə kim olduğunu göstərmək, xalqımızın taleyi üzərində oyun quran güclərə yerini bildirmək yanğısını güclə cilovlayan əsgər və zabitlərimiz, qəhrəman oğullarımız səbirsizliklə əmr gözləyirdilər.  O an gəlmişdi – 27 SENTYABR..!

Cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri hər gün dünya qəhrəmanlıq səlnaməsində yer alacaq neçə-neçə səhifələr yazdı, hər gün xalqımıza qələbə soraqları ərməğan etdi. Qəhrəman əsgərlərimiz dünya erməniliyinin yüz ildən artıq bir dövrdə böyük himayələr və yardımlarla toxuyub yaratdıqları mifləri addım-addım darmadağın edirdi. Erməni əsgərinin qəhrəmanlıq əfsanəsi igid oğullarımızın cəsarəti və rəşadəti qarşısında sabun köpüyü kimi əridi. Müzəffər ordumuz işğal olunmuş yüzlərlə yaşayış məntəqələrimizi, işğal altındakı torpaqlarımızı azad etdilər. Qəhrəman Azərbaycan əsgərinin qaytardığı yalnız torpaqlarımız olmadı. Ölümün gözünə dik baxan, qəhrəmanlığı ilə dünyanı heyrətə salan əsgər və zabitlərimiz suverenliyimizi, ərazi bütövlüyümüzü və sərhədlərimizi müzakirə təhdidlərindən, ruhumuzu və qürurumuzu əsirlikdən, kimliyimizi kölgələrdən xilas etdilər. Dünya erməniliyi və onun himayədarları Ali Baş Komandanımızın xalq, ordu və dövlətin birliyindən formalaşdırdığı Dəmir Yumruq qarşısında aciz qaldı. Azərbaycan ordusunun və dövlətinin bu möhtəşəm qalibiyyəti xalqımızın varlıq tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı. Erməni xalqı, dövləti və cəmiyyəti təsəvvürlərinə belə gətirmədikləri, hələ bu günədək həzmini bitirə bilmədikləri məğlubiyyətə uğradılar. Özünü dövlət adlandıran Ermənistan adlı geosiyasi layihənin rəhbəri – Baş naziri təslim olmaları barədə sənədə imza atdı.

Tarixin acı bir reallığı da vardır. İtkisiz müharibə olmur, qansız torpaq qaytarılmır, şəhidsiz parçalanmış Vətən bütövləşmir. İkinci Qarabağ müharibəsində və müharibədən ötən iki il ərzindəki erməni silahlı təxribatlarının dəf olunmasında üç minədək şəhidimiz oldu. Minlərlə qəhrəmanımız sağlamlıqlarını itirdilər.

Müharibə bitdi, lakin mübarizəmiz əbədidir. Hələ də sülhə razı olmayan mənfur qonşularımız xislətlərinin ifadəsindən əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Tarixi torpaqlarımızdan bu günkü dövlətimizə mənsub ərazilərin daha iyirmi faizinin işğal və talan olunmasına “oldu-bitdi, reallıq budur, barışın” deyən böyük oyunun yan iştirakçıları Ermənistan adlanan tarixi torpaqlarımızın iyirmi metrini belə dözülməz hal və özlərinin qırmızı xətti hesab etdiklərini israrla və təkrar-təkrar bəyan edirlər. Bu üzdəniraq sülh carçıları vətəndaşlarımız və soydaşlarımızın sıralarından da özlərinə yandaşlar axtarırlar. Acı təəssüf olsa da özünü azərbaycanlı sayan birilərinin bu tora düşmələrinə dair faktlar var. Bəzən şəhidimə dil uzatmağı belə özünə rəva bilən bizdən olmayan bizimkilər də peyda olur!

Sənə borcum tükənməzdir, şəhidim! Sənə borcum ödənilə bilən, əvəzi qaytarıla bilən deyil şəhidim! Başımın dikliyini, düz qamətimi, gur səsimi sənə borcluyam. Qürurumu, fəxarətimi, cəsarətimi sənə borcluyam. Şəhid anasının məğrur duruşu qarşısında acizliyimi və lallığımı sənə borcluyam!  Adına kölgə salmağa, dil uzatmağa cəhd edən nakəslər həşarat qanadının qırılmış parçası kimi zamanın yelinə sovrulacaqlar. Sənin ruhuna kölgə salmağa cəsarət edən hər kəsin geni, qanı və kimliyi ciddi şübhə obyektidir!

Şəhidim! Ruhun qarşısında baş əyməyimiz yetməz ki… İldə bir dəfə deyil, hər gün anılmağınız borcumuzu ödəməz ki… Var olduğumuzca ruhun qarşısında dik dayana bilmək üçün səylərimiz bitməz ki..!

 

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASININ RƏİSİ,

GÖMRÜK XİDMƏTİ GENERAL-MAYORU QULU NOVRUZOV

 

 

Bənzər yazılar