Mədəniyyət paytaxtımızın tarixinə kiçik ekskurs

Şuşadan yazmağın indi ayrı bir ahəngi var. Otuz ilə qədər Şuşada yaşaya, Şuşanı görə bilməmişik. Amma Şuşasız da yaşamamışıq. Xəyallarımızda, yazılarımızda  Şuşanın yanında, içərisində olmuşuq. Şuşasız qəribsəmişik, kövrəlmişik, Şuşanı xatırlamaqdansa heç zaman usanmamışıq. İnsafən bütün Azərbaycan xalqı unutmadı Şuşanı, usanmadı bu möhtəşəm sənət abidəsinin, mədəniyyət mərkəzinin təəssübünü çəkməkdən…

…Şuşa indi dağıntılara, vandalizm izlərinə rəğmən onu əbədi qoynuna alan, əhatələyən Cıdır düzündən, Gövhərağa məscidlərinin qoca Şərq üslublu minarələrindən, Gəncə qapısından, İrəvan qapısından, Ağoğlan qapısından, Molla Pənah Vaqif məqbərəsindən və daha neçə-neçə tarixi və mədəni abidələrimizdən əzəmətli görünür. Həm də qürurlu, ZƏFƏR çalıb onu doğma Vətəninə qovuşduran əsgərin isti nəfəsini duyaraq belini dikəltmiş durumda. Şuşanı düşməndən geriyə alanda dərindən nəfəs alan əsgər nə qədər sevincli idisə, indi o əsgəri və bu əsgəri ərsəyə gətirən xalqı öz yanında görən Şuşa da eyni sevincli anları yaşayır. Bunu bizlər Şuşaya hər səfərimizdə hiss edirik…

…İndi Şuşanın tarixindən, mədəni çalarlarından yazmağa da utanmırıq. Bu baxış başqa bir baxış, bu yazı başqa bir yanaşma…köksümüzün altında ürəyimiz elə çırpınır ki sevincdən! Bura bizim tikdiyimiz qaladı, bura Pənahabad qalasıdı, bura izimizi, irsimizi qoruyan qaladı:

  • Bu qala bizim qala,

Tikdim ki izim qala…

Bura VƏTƏNDİ axı həm də:

  • Bu el Şuşadı, Şuşadı, balam Şuşadı,

Gözəl Şuşadı, Şuşadı, balam Şuşadı

Üzmə gülünü, gülünü, balam gülünü,

Gülü qoşadı, qoşadı, gözəl Şuşadı…

Pənahəli xanın paytaxt seçimi – Şuşa qala-şəhəri

2022-ci il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Şuşa ili” elan olunub. Zatən Zəfər günündən etibarən bütünlüklə diqqətlər Şuşada və Qarabağın işğaldan azad olunmuş digər məkanlarındadır. Azərbaycanlılar üçün müqəddəs yurd yerləri hesab olunan bu tarixi torpaqlarımız və şəhərlərimiz indi bütün dünyanın diqqət mərkəzinə düşüb. İndilikdə Şuşadan danışmaq istəyirik. Yaranışının başlanğıcı 1750-1751-ci illərə təsadüf edən Şuşa, bu qala-şəhərimiz uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanılır və  qala-şəhər 1756-1757-ci illərdə tikilib başa çatdırılır. Dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirir. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılır. Şuşanın tarixi və yerləşdiyi coğrafi şəraitlə bağlı bəzi məlumatlara kiçik bir ekskurs edəndə bəlli olur ki, hazırda bu şəhərin Şuşa adlanmasını tədqiqatçılar buranın təmiz və saf havası ilə əlaqələndirirlər. “Şuşa”nın mənşəyində, etimologiyasında “şüşə” sözünün dayandığını söyləyənlər bunu azərbaycanlıların təmiz havanı “şəffaf şüşə”yə bənzətmələri ilə izah etmişlər. Yeri gəlmişkən, işğaldan əvvəl ölkəmizin təbii-strateji nöqtələrindən birində yerləşən, ən gözəl, ən səfalı guşələrindən olan Şuşa və ətraf kəndləri nadir təbiət möcüzələri – İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Şəmil bulağı, Daşaltı çayı, Şırlan, Kirs dağı, Qırxbulaq, Çarıqbulaq, Topxana meşəsi və s. kimi təbii gözəllikləri ilə yanaşı, məşhur tarixi abidələrdən ibarət 242 turizm obyektlərinə də sahib olmuşlar. Təbii ki, Şuşa qalası, Gəncə, İrəvan və Ağoğlan qapıları, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Saatlı məscidi, İbrahim xanın qəsri, xan qızı Xurşidbanu Natəvanın evi, Qarabağ xanının vəziri olmuş klassik Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, indi ermənilər tərəfindən viran qoyulmuş, özündə tariximizin ayrılmaz parçalarını yaşadan digər milli mədəniyyət abidələri də bərpa olunmaqla xalqımızın və turistlərin öhdəsinə veriləcək.

Şuşanın məhəllələrindəki üstüörtülü qalereyalardan, geniş ərazili bazar meydanlarından, şəhərin baş meydanında sıra ilə tikilmiş ticarət köşklərindən, ikimərtəbəli karvansara və qoşa minarəli cümə məscidindən saatlarla danışmaq və elə saatlarla da onların tamaşasına durmaq mümkündü. Eləcə də şəhərin kənarında, Daşaltı dərəsinin yaxınlığında yerləşən, adı daim Şuşa ilə yan-yana çəkilən Cıdır düzü, Cıdır düzündən bir qədər aşağıda “Qırx pilləkən” deyilən dik pilləli,  Daşaltı çayına aparan yoldan söhbət açmamaq olmur. Buradakı “Xəzinə qala” mağarası da Şuşaya təşrif buyurmuş qonaqların tamaşa elədiyi əsas yerlərdən idi.

Şuşaya şöhrət qazandıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaq mümkün deyil. 1992-ci ildə şəhər işğal olunanda burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq, 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair-rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Gəncə darvazaları, qala divarı…

Şuşa tədqiqatçıların gözündə…

Paytaxt Bakıdan 373 km məsafədə yerləşən, Azərbaycana böyük ədiblər, rəssamlar, musiqi xadimləri, görkəmli xanəndələr bəxş etmiş, böyük fəxrlə “Şərqin konservatoriyası” adlandırılan Şuşa haqqında yerli və əcnəbi tədqiqatçıların, alim və səyyahların, buranı ziyarət etmiş, istirahətə gəlmiş ayrı-ayrı peşə sahibi olan qonaqların fikirləri də xüsusilə maraq doğurur. İstər orta əsrlərdə, istərsə də SSRİ dönəmində Şərqə, Azərbaycana səyahətə çıxan avropalı və sovet vətəndaşı olan səyyahlar, təbiblər, alimlər, yazıçılar Qarabağı, xüsusilə Şuşanı görməyə can atar, onun təbiətindən və gözəlliklərindən dönə-dönə söz açardılar. Bu barədə məşhur fransız yazıçı-səyyahları Aleksandr Dümanın, Jak de Mor­qanın, in­gi­lis səy­yah­la­rın­dan Ro­bert Ker Por­te­rin, Ceyms Mor­yenin, Ro­bert Bur­terin,  so­vet alim­lə­rin­dən E.İ.Va­sil­yevin , eləcə də yerli tərqiqatçılar –  musiqişünas Firudin Şuşinskinin, professorlar Hacıbala Bədəllinin, Nazim Bədəlovun, akademik Mirəli Qaşqayın və başqalarının qeydlərində kifayət qədər yazılmışdır. Beləcə, Şərqin konservatoriyası Qərbin nəzərində hərtərəfli əhəmiyyətə malik bir diyar kimi ad çıxarmışdı.

Yeri gəlmişkən, Şuşa haqqında bilgiləri qələmə alan bir çox səyyah və alimlər buranın yaşayış məskəni kimi  XVIII əsrin ikinci yarısından çox-çox qədim tarixə söykəndiyini qeyd edirlər. Məsələn, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı çox dəyərli mülahizələr söyləyiblər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar mövcuddur.

Rus rəssamı V.Vereşşagin Şuşa barədə fikirlərində qeyd edir: “Şuşanın evləri düzgün formalı, yaraşıqlı və hündürdür, çoxsaylı qəşəng pəncərələrdən evlərə işıq düşür. Şəhər qayalar üzərində qərar tutur və elə həmin qayalardan çıxarılan daşlardan da tikilmişdir. Bütün küçələrə enli plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

1962-ci ildə 2 saylı  istirahət evində yaşamış Kubadan gələn  23 tələbə buranı tərk edərkən ziyarətçilərin kitabında belə qeyd aparmışdılar:

“Kuba xalqı bizim vasitəmizlə bu gözəl yerlərdən,  Sera Maestra dağlarını xatırladan Qafqaz dağlarından cox şey öyrənəcək. Buradan biz Şuşanın böyük tarixini aparırıq. Biz, kubalılar yaxşı qayğıya və qonaqpərvərliyə, bizi doğma övladları kimi qəbul etmələrinə görə azərbaycanlılara çox minnətdarıq. Bu qayğıkeşlik bizim ürəyimizdə əbədi məskən salacaq“.

“Şuşanın üstünlüyü ondadır ki, bura xəstəliklərdən sonra zəifləmiş adamların öz sağlamlıqlarını bərpa edə bilmələri üçün çox rahat guşədir. Buradakı istirahət evləri böyük kurortun yaradılması üçün əsas baza rolunu oynaya bilər. İndi buranı mümkün gədər genişləndirmək lazımdır” – bu sözlərsə Şuşada istirahət etmiş professor K. Yeqorova məxsusdur.

Qonaqlardan jurnalist V.Şaxovun yazdıqlarından: “Son illər mən Qafqazın ən yaxşı kurortlarında istirahət etmişəm. Amma Şuşa kimi gözəl yerdə olmamışdım. Şuşanın havasına valehəm. Hətta yayın isti günlərində gödəkçədə və papaqda gəzsəm də tərləmirəm. Mən İsa bulağı və Turşsu bulağına heyran oldum. Cıdır düzünün gözəlliyinə söz ola bilməz. Nə gözəl xoşbəxtlikdi Topxanada bülbüllərin cəh-cəhlərinə qulaq asıb təmiz havada nəfəs almaq!..“

Musiqişünas Firudin Şuşinski “Şuşa“ kitabında Şuşada aparılan təmir-abadlıq işlərinə və Şuşada doğulmuş tarixi şəxsiyyətlər – ictimai-siyasi xadimlərin, sənətkarların, hərbçilərin və s. həyat və fəaliyyətlərinə, eləcə də memarlıq abidələrinin inşası tarixlərinə xeyli yer ayırıb. O, kitabdakı ayrı-ayrı bölümlərdə Şuşanı “Kiçik Paris”, “Qafqazın konservatoriyası”, “İstedadlar vətəni”, “Uzunömürlülər şəhəri” və s. kimi xarakterizə edib.

Tibb elmləri üzrə professorlar Hacıbala Bədəlli və Nazim Bədəlov “Azərbaycanın kurort sərvətləri” kitabının “Şuşa kurortu” bölümündə yazırlar ki, “kurort amilləri kompleksinin xüsusiyyətlərinə, havasının saflığına, təmizliyinə və müalicəvi əhəmiyyətinə görə Şuşa kurortu İsveçrənin dünya üzrə məşhur Davos kurortu ilə müqayisə edilə bilər. Qafqaz kurortlarının tədqiqatçısı, iqlim amillərinin xüsusiyyətlərinin mükəmməl bilicisi sayılan V.İ.Fiqurovski Şuşa kurortunun iqlimini İtaliyanın, İsveçrənin, eləcə də Avropanın bir sıra məşhur kurortlarının iqlimləri ilə müqayisəli surətdə öyrənmiş, bir çox parametrlərə görə üstünlüyü Şuşa kurortuna vermişdir”.

Moskvadan gələn tələbələr Qalina Milanteva və Lena Kozlova da öz heyranlıqlarını gizlədə bilməyiblər: “1 saylı Şuşa istirahət evində 24 gün dincəldik. Sevincli günlər idi.  ”Şuşa günləri” bizim yaddaşımızda əbədi qalaraq həyatımızda bir kino lenti kimi xüsusi yer tutacaq. Bu gözəlliyin tacı isə Şuşa istirahət mərkəzi oldu. Buranın xüsusi gözəlliyini, təmizliyini, çox dadlı Azərbaycan yeməklərini xüsusilə xoşladıq. Biz əmin olduq ki, azərbaycanlılar zəhmətkeş və qonaqpərvərdirlər. Buna görə də yeməkləri çox dadlıdır. Qarabağ quzularının ətindən hazırlanan ”dolma” və ”piti”ni,  xurma kimi şirin olan şuşa armudlarını və təbii arı balını əsas vurğulamaq istəyirik. Şuşaya bir daha gəlməyi arzulayırıq”.

“Bəs Şuşanın havasını Xankəndinə necə gətirəcəksiniz?..”

Onu da qeyd edək ki, SSRİ zamanında Şuşada məktəblilərin yay istirahəti üçün nəzərdə tutulmuş 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşib. Məktəblilərin yay tətilinə çıxdığı aylarda Şuşanın təbiəti onların istirahəti üçün möcüzəvi şərait yaradırdı.

Şuşa haqqında öyrənə bildiklərimizin sonunda SSRİ dönəmindəki bir tarixi fakta da diqqətinizi cəlb etmək istəyirəm. O zaman icra olunan bütün layihələr mütləq Moskvada təsdiqlənməliydi. Ermənilərsə buradakı turizm, sanatoriya obyektlərinin Stepanakertdə (Xankəndində – E.M.) inşa etdirilməsinə çalışırdılar. Bu “niyyətlərini” reallaşdırmaq üçün Moskvadan ekspedisiya qrupları dəvət edirdilər. Belə qrup üzvlərindən birinə 1953-cü ildə mərhum akademik Mirəli Qaşqay demişdi: “Tutaq ki, obyektləri Stepanakertdə inşa etdk, bulaq suyunu da boru ilə çəkdirib Stepanakertə gətirdik, bəs Şuşanın havasını Stepanakertə necə gətirəcəksiniz?..” Belə bir danılması qeyri-mümkün fakt qarşısında ekspedisiya qrupunun üzvləri sanatoriyanın məhz Şuşada salınması ilə razılaşmağa məcbur olmuşdular. Cəmisi bir neçə kilometr aralığında yerləşən Şuşa ilə Xankəndinin havasındakı böyük fərq Şuşanın doğrudan da seçilmiş, fərqli bir məkan olması statusunu təsdiqləyir.

İndiki düşmən işğalından azad edilmiş Şuşanı isə bütün dünyanın diqqətində olacaq yaşayış və turizm mərkəzlərindən birinə çevirmək imkanımız reallaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusilə qeyd etdiyi kimi, Şuşanın  dirçəldilməsinə indi daha çox ehtiyac hiss olunur. 28 il insan ləyaqətindən təcrid olunmuş Şuşamızı nəhayət insanlığın ixtiyarına, eləcə də ölkə və dünya turizminin sərəncamına verməyimizin zamanı gəlib çatdı.

Elza Mədətova

 

Bənzər yazılar