Vaxtında gəlmişik bu dünyaya biz!..

Bu dünya yenidən qurulmalıydı!..

Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyasına könüllü kimi qoşulmaq üçün oraya yollananda beynimdə bu məşhur misralar dolaşırdı…

Azərbaycanın son dövr tarixinin iştirakçısı olmağın, xalqımızın milli mübarizəsinin sıradaşına çevrilməyin özü belə hər bir yurddaşda şərəf və qürur duyğuları oyadır…

Gənclik çağlarında məşhur tarixi əsərləri oxuyarkən özümüzü istər-istəməz təsvir olunan obrazın əsrdaşı, yaşdaşı kimi təsəvvür etməyin sevincini yaşamağımız az olmayıb…

İndi isə özümüz tarixi yaradanların, tarix yazanların sırasındayıq…

Hələ müstəqillik savaşımızın başlanğıcında – 1989-cu ilin soyuq dekabrında Sovet İttifaqı ilə İran sərhədinin dağıdılmasını eşidəndə qəlbimizi ilıq bahar günəşi nurlandırmışdı.

Vaxtilə yadellilərin fərmanı ilə bir-birinə həsrət qoyulmuş iki qardaş arasında hönkürə-hönkürə sızlayan Arazımızın sevincdən çağlayıb ağlamasını da elə onda görmüşdük…

Quzeyli-güneyli, o taylı-bu taylı Vətən sevdalılarının sərhəd dirəklərini yıxaraq bir-birini bağrına basıb əzizləməsini, göz yaşları içində oxşamasını da o çağlarda yaşamışdıq…

Azərbaycan türklərinin öz imzasını tarixə yenidən həkk etdirmək qüdrətində olduğunu, iki nəhəng imperiyaya qarşı bütövləşmək uğrunda duruş gətirməyi bacardığını dünyaya nümayiş etdirmişdik…

Ona görə də 31 dekabr xalqımızın taleyinə birlik, bərabərlik, həmrəylik arzusunun, istəyinin, əzminin rəmzi günü kimi yazıldı…

Bu doğmalaşma, bütövləşmə, birləşmə duyğularını sonrakı illərdə də canımızdan-qanımızdan keçidik…

Sevincli çağlarımızda da, kədərli günlərimizdə də…

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı özünün unikal birliyini bütün dünyaya bir daha sübut etməyə nail oldu.

İşğalçı Ermənistanın və onların mənfur havadarlarının darmadağın edilməsinin şanlı salnaməsini gələcək nəsillər vüqarla vərəqləyəndə Prezident-Xalq-Ordu birliyinin qüdrəti ilə mütləq öyünəcək…

Çünki İkinci Qarabağ müharibəsi zamanı hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirərək müqəddəs Vətənin müdafiəsinə qalxmağı, düşmənə qarşı “Biz birlikdə güclüyük!” devizi ətrafında birləşməyi, bir olmağı – pir  omağı bacardı!..

…Bakı-Şuşa istiqamətində, Qarabağ bölgəsində yolboyu azğın düşmənin viran qoyduğu şəhərlərin, kəndlərin gözümüzü yaşardan üzüntülərini, könlümüzü ağrıdan vəhşətlərini, yaddaşımızı sarsıdan fəlakətlərini indi Azərbaycan dövlətinin sürətlə dirçəltdiyi yollar, obalar, oymaqlar ovundurur.

Bu yerlərə möhtəşəm həyatın, qurub-yaratmaq eşqinin, əbədi toy-büsatın  qayıdacağı gün uzaqda deyil!..

…Mənzil başına çatanda aradan nə az, nə çox, düz 30 il keçmişdi: mən sonuncu dəfə buraya 1992-ci ilin əvvəlində Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri kimi gəlmişdim… Onda Laçın, Şuşa məni kədərlə, nisgillə qarşılamışdı… İndi isə burada insan coşqusunun, vətən sevgisinin, birlik nümayişinin ovqatına düşüb xəyaldan ayrıldım…

Sazaqlı, şaxtalı havada gecəli-gündüzlü ayaq üstə dayanıb təbii sərvətlərimizin düşmən tərəfindən talan edilməsinə etirazlarını əzmlə bildirən fəal ekoloqların, qeyri-hökümət təşkilatları nümayəndələrinin sırasına qoşulanda özümü güclülərin güclüsü sandım.

Sağımızdakı və solumuzdakı Rusiya sülhməramlılarının sülh məramını onlara açıq-aydın başa salan bu davamlı aksiyanı əslində illər öncə başlayan yertkin birliyimizin davamı, mətin mübarizliyimizin göstəricisi kimi qavradım.

Gecədən səhərəcən Şuşa-Laçın, Şuşa-Xankəndi, Xankəndi-Laçın yolunun bu kəsimində oyaq qalan, bir-birinə dayaq olan, mehribanlaşan, vüqarlanan vətəncanlı soydaşlarımızın dilindən səngiməyən şüarlar səslənir: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”…

Qulağı kar dünya bizi eşidirmi?!.

Gözü kor dünya bizi görürmü?!..

Yadıma o çağlarda yazdığım misralar düşür:

 

Dünya kordu, dünya kardı,

Özü boyda riyakardı…

Azərbaycan günahkardı?!.

Qalx ayağa, Azərbaycan!..

 

Sanki dünyada heç nə dəyişməyib illərdən özgə…

Demokratiyadan dəm vuran ölkələrin erməni sevgisi gözlərini kor, qulaqlarını kar, dillərini qəsbkar eləyib…

Qoy olsun, amma biz düşmənin fitnəsinə göz yummaq, milli sərvətlərimizi talayanlara yol vermək niyyətində deyilik…

Biz tarix qarşısında, gələcəyimiz qarşısında məsuliyyətimizi dərk edən millətik!..

Əcdadlarımızın bizə əmanət qoyduğu sərvətlərə göz dikənlərin gözünə tikan, müqəddəs torpaqlarımıza sahib çıxmaq istəyənlərin bəd niyyətinə çəpər olmağı təsdiqləyən millətik!..

Hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, ilk növbədə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına elliklə etirazımız da elə bu birliyin nümayişidir…

Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatçılarının və onların havadarlarının növbəti həyasızlığına qarşı xalq birliyi öz hədəfinə anbaan çatmaqdadır…

…Səhər günəşinin şəfəqləri ürəklərimizi isitməyə başlayanda nədənsə qeyri-ixtiyari həmrəylik günümüzü xatırladım…

Elə bu dəmdə Azərbaycanımızın möhtəşəm Dövlət Himnini Günəşlə bir yerdə qürurla, inamla, güvənclə oxuduq…

İnamımız, ümidimiz dağlara səs saldı…

Daha sonra qara zurnanın, haylı-haraylı nağaranın möhtəşəm sədalarına qol götürüb qol-qola, çiyin-çiyinə “Yallı” getdik!..

Qarabağın dağları da, bağları da, çölləri də, çəmənləri də birlik, bütövlük ovqatın ilə bizə qoşuldu…

…Yolboyu xatırladığım misraları indi başqa cür səsləndirirdim:

Vaxtında gəlmişik Qarabağa biz!..

Qarabağ yenidən qurulmalıydı!..

Knyaz Aslan,

Bakı Dövlət Universiteti

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri,

Birinci Qarabağ müharibəsi veteranı

Bənzər yazılar