Elmi dünyanın tək olduğu artıq çoxdan sübut olunub. Bunu artıq hər birimiz bilir, dərk edirik. Dünyada neçə qitə, nə qədər ölkə, böyük şəhərlər və hazırda səkgiz milyard  insan yaşadığını da bilirik. Ancaq unutmamalıyıq ki, bu səkgiz milyardın hər birinin ayrı-ayrılıqda öz mənəvi dünyaları var. Bu mənada biz hamımız ayrı-ayrı “dünyaların” insanlarıyıq. Doğrudur, səhər evdən çıxanda başqa “dünyalarla” nə qədər əlaqədə olsaq da, günün sonunda hər kəs yenə öz “dünyasına” çəkilir.

Bəzilərimiz hamının olan mövcud fiziki dünyada yaşadığı bu həyatı hər cəhəti ilə sevir, bəzilərimiz “şans”ı olmadığı üçün yaşamağın mənasız olduğunu düşünür. Bəzilərimiz isə ümumiyyətlə dünyaya niyə gəldiyini sorğulayır. Bəs, “şans” deyilən bu nəsnə nə deməkdir?

Görünür bu, bir çox insanın digərləri qarşısında uğursuzluqlarını gizlətmək üçün seçdiyi sadəcə bir sözdür. Ancaq əslində “şans” və ya “bəxt” deyə bir şey yoxdur. Şans da, bəxt də məhz insan övladının öz əlindədir. Ən azı bunu indiyədək az-çox gördüyümüz müşahidələrimiz təsdiq edir. Baxın, sizcə bir insanın min-bir əziyyət çəkərək qazandığı uğuru “bəxti gətirdi” deyilən söz yığının arxasında gizlətmək ədalətlidirmi? Məgər bu o, şəxsə qarşı haqsızlıq etmək deyilmi?

Əslində bizim inanacağımız əsas üç prinsip – məqsəd, əzm və çalışmaq olmalıdır. Bu isə hələ lap kiçik yaşımızdan, dünyaya gəldikdən sonra hansı mühitdə böyüyüb tərbiyə almağımızdan çox asılıdır. Əlbəttə, biz dünyaya gələrkən valideynlərimizi seçmək imkanına malik olmuruq. Çünki dünyaya gəlmək özü belə bizim arzumuzla həyata keçmir. Bu, daha çox valideynlərimizin ana və ata olmaq istəyindən gerçəkləşir. Ancaq əqlimiz kəsdikdən sonra yaşadığımız və yaşayacağımız həyatı özümüz seçib müəyyən edə bilirik. Sözsüz ki, bəzi klassik düşüncəli valideynlər bu fikirlə barışa  bilmir. Bu üzdən, bəlkə də əllərində imkan olsaydı, bizi dünyaya gətirməkdən vaz keçərdilər. Amma bunun mümkün olmadığını da özləri yaxşı bilirlər.

Nə isə, hər bir şəxs öz zəhməti ilə ayaqları üzərində durmağı bacaranda, onsuz da “şans” kəliməsinin cəfəngiyyat olduğunu anlayacaqlar. Bunu daha tez anlaya bilənlər isə sadəcə əsl “şanslı insan hesab olunmalıdır. Odur ki, gəlin, bu dünyada  həyatımıza mənasız sözlərdən “çələng” hörüb yalandan “bəzəyəmək”. Əksinə, mənəvi dünyamızı zənginləşdirək. Hər kəs öz gücünün müqabilində nəyə qadirdirsə onu da əldə etməyə çalışmalıdır. Əgər insan qarşısına qoyduğu məqsədə çatmaq üçün əzmlə çalışsa, heç şübhəsiz ki, o, bütün arzu və istəklərinə yetəcək. Ancaq şansa ümid bağlayanlar isə, arzu adlı həyat stansiyasında xəyallarındakı qatarı ömürlük gözləməli olacaqlar. Çünki, şans qatarının yolu dəmirdən olmur…

Telnaz Talıbova, Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan I kurs tələbəsi

 

Bənzər yazılar