Mövzu yalnız söz və ya söz birləşməsi şəklində ifadə olunur. O, mətnin problematik və tematik cümləsində öz ifadəsini tapır.

İdeya bitkin cümlədir; o, özündə mövzunu ehtiva edir və müəllifin mövzu ilə bağlı söyləmək istədiyi əsas fikirdir.

Müəllifin əsas fikrini ifadə etdiyi cümlə həm də tematik cümlə adlanır.

Mövzu və ideyanın yazılması

Mövzunu müəyyən edin.

Özünüzə sual verin: “Bu mətn (abzas) kim və ya nə haqqındadır?” və ya “Müəllif mənə nə öyrədir?”

Mətndə kimdən və ya nədən bəhs olunduğu haqqında bir söz və ya ifadə yazın. Düşüncənizdə belə bir cümlə qurun, lakin dəftərinizə yalnız boşluğa daxil edəcəyiniz sözü yazın: “Müəllif mənə                          öyrədir.”

 

Doğru Yanlış
Kiçik şəhərdə böyümək Kiçik şəhərdə böyümək yaxşıdır.

 

Əsas ideyanı müəyyən edin.

Özünüzə sual verin: “Müəllif bu mövzi ilə bağlı nəyi bilməyimi istəyir?” və ya “Müəllif mənə nəyi öyrədir?”

Əsas fikrin ifadə olunduğu cümləni müəyyən edin. Bu, mətnin əsas ideyası və ya tematik cümləsidir. Bəzən əsas ideya mətndə birbaşa və tematik cümlə olaraq ifadə olunmaya bilir. Bu, gizli əsas ideya adlanır.

Detallardan qaçın: Mətndəki tematik cümləni seçin və fikri ən qısa, dəqiq ifadə edən hökmə çevirib yazın.

Sizin formalaşdırdığınız ideya cümləsi həm mövzunu, həm də müəllifin ifadə etdiyi əsas fikri ehtiva edir.

Mövzu: Kiçik şəhərdə böyümək

Düzgün əsas ideya: Kiçik şəhərlərin bir çox üstünlükləri var.

Yanlış əsas ideya: Təhlükəsizlik kiçik şəhərin yaxşı olmasının səbəblərindən biridir.

Yanlış əsas ideya – mətni bütov ümumiləşdirməyən detaldır. Mövzu: Oğurluqlardan necə qorunmalı?

Düzgün əsas ideya: İnsanlar oğurluqlardan təhlükəsizlik meyarlarını nəzərə almaqla qoruna bilərlər.

Yanlış əsas ideya: Oğurluqlardan qorunmağın yolları. İdeyanın bitkin cümlə şəklində yazılmaması yanlışdır. Cədvəl: Mövzu və ideyanın fərqləndirilməsi

 

Element Sual modeli Cümlə modeli Doğru Yalnış Qeyd
Mövzu Müəllif mənə

öyrədir?

Müəllif mənə

                             öyrədir.

Kiçik şəhərdə böyümək Kiçik şəhərdə böyümək yaxşıdır. Mövzunu cümlə ilə ifadə etməyin.
İdeya Müəllif mənə

ÖYRƏDİR?

Müəllif mənə öyrədir ki,

                         .

Kiçik şəhərdə böyüməyin bir sıra üstünlükləri var. 1. Kiçik şəhərdə böyüməyin əhəmiyyəti.

2. Təhlükəsizlik kiçik şəhərin yaxşı olmasının səbəblərindən biridir.

1. İdeyanı söz və ya söz birləşməsi ilə ifadə etməyin.

2.   İdeya cümləsini detallara əsasən yazmayın.

 

Tematik cümləyə əsasən ideyanın müəyyən edilməsi üzrə NÜMUNƏ:

Kiçik şəhərdə böyüməyin üstünlükləri meqapolislə müqayisədə elə ilk baxışdan nəzərə çarpır. İlk növbədə, böyük şəhərlər ekoloji cəhətdən əyalətə uduzur. Kiçik şəhərlərin kifayət qədər təmiz havasını meqapolisin çirkli və tüstülü havası ilə müqayisə etmək olmaz. Hətta burada zavodların fəaliyyəti də havanın təmizliyinə böyük təsir göstərə bilmir. Geniş yaşıllıqla əhatələnmiş mühit bizim rahat nəfəs almağınızı təmin edir. Meqapolisdə isə sizin meşələr, çəmənlər və göllərlə əhatələnmək kimi təminatınız yoxdur. Buna görə də kiçik şəhər daha sağlam böyüməyiniz üçün əlverişlidir.

Əyalətdə nəinki təbiət gözəldir, həmçinin insanların çoxu səmimi, ünsiyyətcil və xoşniyyətlidirlər. Böyük şəhərlərin insanları, əksərən, özləri üçün yaşamağa alışıblar, başqaları ilə nadir hallarda maraqlanırlar. Kiçik şəhərlərdə isə vəziyyət başqadır. Şəhərdə bir dövrə vurmağa imkan tapmamış qarşınıza onlarla tanış çıxır. Bu cəhətdən əyalətdə təhlükəsizliyinizə daha çox əmin ola bilərsiniz.

Kiçik şəhərlərdə nəqliyyat probleminin olmaması insanların təhlükəsizliyi və sağlamlığına müsbət təsir edən amillərdəndir. Burada avtoqəzalara daha az təsadüf edilir, nəqliyyat tıxacları insanın sinirlərini zədələmir. İstənilən yerə daha tez zamanda çatmaq və günün israfına yol verilməməsi sizin həyat şərtlərinizi asanlaşdırır.

Kiçik şəhərlərdə “imkanların” az olmasına baxmayaraq, siz hər zaman özünüzə məşğuliyyət tapa bilər və özünüinkişafınıza kifayət qədər vaxt ayıra bilərsiniz. İnsanlar əyalətdə

yaşayaraq həm mədəniyyət, həm də idman sahəsində çox uğurlara nail ola bilərlər. Önəmli olan “Mən bacararam!” deməyinizdir. Yaşadığınız mühiti dəyərləndirsəniz, kiçik şəhərdə böyümək sizə gələcəyiniz üçün geniş imkanlar açar.

Mövzu: Kiçik şəhərdə böyümək

Diqqət edin, birinci cümlənin mübtədası mətn boyunca eyni mənalı müxtəlif ifadələrlə davam etdirilir və mətnin bütün abzasları “kiçik şəhərdə böyümək”lə əlaqəlidir.

Mətnin əsas ideya cümləsi: Yaşadığınız mühiti dəyərləndirsəniz, kiçik şəhərdə böyümək sizə gələcəyiniz üçün geniş imkanlar açar.

Əsas ideyanın parafrazı: Kiçik şəhərdə böyüməyin bir sıra üstünlükləri var.

Əsas ideya mətnin sonuncu abzasında ifadəsini tapmışdır (Tematik cümlə). Bu cümlə mətnin məzmununu ümumi şəkildə ifadə edir. Mətnin idyasını müəyyən edərkən əsas fikri perefraz edib öz sözlərimizlə yazmaq vacibdir.

 

Könül Aydın Nəhmətova Filologiya üzrə fəlsəfə doktoru

ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri

 

İstifadə olunan ədəbiyyat:

  1. Writing a Topic and Main Idea. https://www.mpc.edu/home/showpublisheddocument

Bənzər yazılar