Fevralın 4-dən 9-dək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda qış düşərgəsi (“CyberCamp 2023”) təşkil ediləcək.

Təhsil İnstitutundan  bildirilib ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır.

“CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:

Veb-proqram təminatlarında rast gəlinən və “TOP 10 OWASP” üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında);

Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;

Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;

Kriptoqrafiyaya aid tapşırıqlar.

Qış düşərgəsində kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistrantlar, eləcə də sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri iştirak edə bilərlər.

Qeydiyyat üçün yanvarın 16-dək müraciət etmək olar. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün yanvarın 21-də test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər düşərgədə iştirak hüququ qazanacaqlar.

Düşərgədə iştirakçı sayı məhduddur. Seçilən şəxslərə qış düşərgəsi barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

Bənzər yazılar