Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı Təhsil İnstitutu tərəfindən istifadəyə verilmiş 5 e-kursun növbəti mərhələsi başa çatıb.

Bu barədə institutdan bildirilib. Bu e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil İnstitutu tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” daxildir.

Qeyd edək ki, e-kurslar tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanmış modullar əsasında təşkil olunub. Bu mərhələdə e-kurslardan faydalanmaq üçün 1380 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub. Ümumilikdə beş e-kursdan 105 nəfər imtahanlardan uğurla keçərək məzun olub. Tələbələrin qiymətləndirilməsi isə hər bölməyə aid testlər, açıq suallar və onlayn müzakirələrdə iştiraka əsasən aparılıb.

Bənzər yazılar