İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Leyla Nəcəfquliyevanın həmin məktəbdə sanitar qovşağın az və yararsız vəziyyətdə olması ilə bağlı yaydığı video son günlərin təhsillə bağlı ən çox müzakirə olunan mövzularından biri oldu.

Bu fikri Mektebgushesi.az -a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Əlbəttə təhsillə bağlı nailiyyətlərimizi müzakirə etməli olduğumuz halda belə məsələləri müzakirə etməyimiz heçdə yaxşı hal deyil. Hesab edirəm aidiyyəti qurumlar xüsusilə, regional təhsil idarəsi və məktəb direktoru həmin məsələyə adekvat reaksiya versəydilər məsələ bu qədər böyüməzdi.

Onu da qeyd edim ki, müəllimənin uşaqlara dərsə gəlməməklə bağlı çağırış etməsi yolverilməzdir. Ancaq Leyla müəllimə məsələni ictimailəşdirəndən sonra həmin məslə ölkədə böyük rezonans doğurdu. Bu baxımdan ictimai rəy önəmlidir, ancaq bu şərtlə ki, təhsil mühiti və qanunvericiliyin tələbləri pozulmasın. Dövlət qurumları da fəaliyyətlərində ictimai rəyi və vətəndaş mövqeyini mütləq nəzərə almalıdırlar. Necəki bunu hər zaman Prezident İlham Əliyev öz çıxışlarında davamlı vurğulayır.

Dünən artıq Elm və Təhsil Nazirliyinin nümayəndələri  İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinə baş çəkərək məktəbin vəziyyəti ilə yerində tanış olublar. Verilən məlumata əsasən məktəb üçün yeni binanın inşası nəzərdə tutulur.

Ancaq rəsmi məlumata əsasən ölkəmizdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizə qayğısı ən yüksək səviyyədədir. Hər il həm dövlət büdcəsi, həm də Heydər Əliyev Fondunun xətti ilə 10-larla məktəb təmir və ya inşa olunur.

Hesab edirəm təmirsiz məktəblərlə bağlı məsələlərin gələcəkdə də geniş müzakirələrə səbəb olmaması və təhsil mühitimizə xələl gətirməməsi üçün yararsız məktəblərin təmiri və inşası prosesinin sürətləndirilməsi məqsədəuyğun olardı. Burada yeni təşəbbüs və təkliflərlə çıxış edərək bu məsələnin qısa müddətdə həllinə çalışmalıyıq.

İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində bu məsələni ətraflı müzakirə etdik.

 

Bənzər yazılar