İrəvan şəhəri Azərbaycan xalqının mənəviyyat, mədəniyyət, ziyalılıq ocaqlarından biri kimi həmişə qeyd edilib. O, tarixi siması, abidələri, qədim məhəllələri, karvansaraları, qəbiristanlıqları, təbiəti, bir də İrəvanın özü kimi qayım-qədim tayfaları, insanları ilə təpədən-dırnağa Azərbaycan-türk şəhəri olduğunu çoxdan sübut edib. İrəvanın adlı-sanlı ailələri, görkəmli elm-fikir xadimləri çox olub. Əlbəttə, burada qızların təhsilinə xüsusi önəm verilib.

İrəvanlı qızlar zamanın maarifçilik, mədəniyyət, elm-təhsil hərəkatında öndə olublar. Onlar arasında Avropa təhsilli qızlar da olub ki, biz Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız, İsasultan Nəcəf oğlu Şahtaxtinskinin qızı Leyla xanım Şahtaxtinskayanın adını qeyd edə bilərik. Burdan da açıq görsənir ki, irəvanlılar qızların təhsilinə xor baxmayıb, əksinə, onlara meydan veriblər.

1929-cu ilin 28 aprel tarixində, bir bahar günündə irəvanlı İsmayıl kişinin ailəsində gözəl bir qız dünyaya gəlir, adını Zərifə qoyurlar. Qara gözlü, zərif duyğulu Zərifə İsmayıl qızı Azərbaycan elm tarixində xarüqələr yaradan bir alim olaraq yaşayır. Filologiya elmləri doktoru, professor, azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru məhz Zərifə Budaqova olub. AMEA-nın müxbir üzvü seçilən Z.Budaqovun həyat və elmə gələn yolu çox zəngin olub. O, dilçilik elminə, türk dilinin tədqiqinə qısa ömrünün böyük bir hissəsini xərcləyib. 60 il yaşayıb Zərifə xanım, amma 60 min ilə sığmayan işlər görüb.

Zərifə xanım İrəvan Türk Pedaqoji Texnikumuna 1943-cü ildə daxil olub. Doğrudur, həmin dövrdə İrəvan Türk Pedoqoji Texnikumunun adı dəyişdirilərək Ermənistan SSR Pedaqoji Texnikumu olmuşdu. 1924-cü ildən fəaliyyət göstərən texnikumun tələbələri arasında repressiya qurbanları da var. Belə ki, 1930–1935-ci illərdə texnikumun 102 nəfər tələbə və müəllimi “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” damğası ilə repressiyaya məruz qalıb. 1936-cı ildən İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş edib ki, onlardan da biri AMEA-nın müxbir üzvü Zərifə Budaqovadır. 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alan Zərifə xanımın ailəsinin də başında faciə dolaşır. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçür və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirir. Sonra Zərifə xanımın təhsilinin Moskva dövrü başlayır. 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyur. Elə həmin dövrdə də gələcək həyat yoldaşı, görkəmli alimimiz Budaq Budaqovla tanış olur. Bu tanışlıq sevgiyə çevrilir, onlar ailə qururlar. Zərifə xanım barədə danışan qızı Sevinc Budaqova deyir ki, Budaq müəllim Zərifə xanımın gözəl, parlaq gözlərinə vurulub və onu sevib. Ata və anası arasında çox yüksək qarşılıqlı hörmət olduğunu vurğulayan Sevinc xanım qeyd edir ki, onların qibtə ediləcək qədər gözəl münasibətləri olub. Sevinc xanım deyir ki, ata-anası Bakıda eyni ali məktəbdə eyni dövrdə oxusalar da, o zaman tanış olmayıblar, bu tanışlıq onlara Moskvada qismət olur.  Hər iki istedadlı alimin elm sahəsində uğurları xalqımıza məlumdur, onların şəxsi həyatları da uğurlu olub, üç bala böyüdüblər…

Zərifə xanımın elmi fəaliyyətinə gəlincə, o, 1953-cü ildə “Azərbaycan dilində feilin tərz kateqoriyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edir və 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışıb, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib. Zərifə Budaqova 1963-cü ildə “Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə “Türk dilləri” ixtisası üzrə professor elmi adı qazanıb, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.

Yenə də vurğulayaq ki, Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub. Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib.

AMEA-nın müxbir üzvü Zərifə Budaqova 1989-cu il noyabrın 10-da Bakı şəhərində vəfat edib.

Zərifə xanım sağlığında soydaşlarının növbəti deportasiyasının şahidi oldu. O ağrıları, o acıları, yurd itkisini bir daha yaşadı. Sevinc xanım deyir ki, anasına heç 60 yaşa gəlib çatmaq qismət olmadı. Əlbəttə, bir alim, bir qadın, bir ana ömrü üçün 59-60 yaş çox kiçik bir rəqəmdir. Düzdür, bu kiçik rəqəmin içində böyük, mənalı, faydalı bir alim ömrü yerləşib…Zərifə Budaqova İrəvandan kənarda, Bakıda vəfat etdi. Qara gözlü irəvanlı qız uşaqlığının keçdiyi, ilk ali təhsil aldığı doğma İrəvanı heç zaman unutmadı…O bir çox ilklərə imza atdı və açdığı yolla bu gün yüzlərlə qadın alim irəliləyir…

Ruhu şad olsun!

İradə SARIYEVA

Bənzər yazılar