Prezident İlham Əliyevin ötən gün verdiyi sərəncamlar Azərbaycan vətəndaşının daha yaxşı yaşaması naminə görülən işdir. Sözügedən sərəncamlar dünyada baş verən qlobal iqtisadi böhran və inflyasiyanın fonunda Azərbaycan vətəndaşlarının, xüsusilə həssas təbəqələrdən olan insanların qayğılarının qarşılanması, onların sosial baxımdan bu proseslərdən az zərər çəkməsi istiqamətində atılmış növbəti addımlar idi. Bu kimi addımları zaman-zaman görürük. Bu, bir daha onu göstərir ki, ölkə başçısı bu kimi məsələlərdə hər zaman Azərbaycan insanını düşünərək qərarlar qəbul edir.

Mektebgushesi.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən siyasətin təməlində birmənalı olaraq Azərbaycan insanının rifahının yaxşılaşması dayanır: “Vətəndaşlarımızın daha yaxşı həyat şəraitinin təmin olunmasına hədəflənmiş bu siyasət davamlıdır, ardıcıldır. Biz bu kimi addımları gələcəkdə də görəcəyik. Yeni Sərəncam əsasında fəxri adlara görə aylıq təqaüd, doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırıldı. Sonuncu Sərəncam daha çox əhatəlidir, həssas qrupdan olan, təhsil alan böyük bir təbəqəni əhatə edir. Sərəncam əsasında doktoranturanın hər iki pilləsi – elmlər doktoru hazırlığı üzrə 400 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdləri 240 manat müəyyənləşdirildi. Eyni zamanda, bakalavr səviyyəsi, orta ixtisas təhsili müəssisələri, peşə təhsili müəssisələrində çalışan və təhsil alanların təqaüdlərinə artımlar edildi. Magistratura, bakalavr səviyyəsi, orta ixtisas müəssisələri və peşə təhsili müəssisələrinin tələbələrinə akademik göstəricilər əsas götürülməklə təqaüdlərdə artımlar edilib. Bu, həm də tələbələr arasında daha yaxşı oxumağa, öz üzərində daha çox çalışmağa motivasiya edən bir qərardır. Burada həm də hədəf düzgün seçilib. Bu qərar təhsil mühitində rəqabətin güclənməsinə gətirib çıxaran doğru yanaşmadır. Nəticədə təkcə dövlət sifarişi əsasında təhsil alan tələbələr deyil, eyni zamanda, akademik göstəriciləri yüksək olan tələbələrin də sosial qayğılarını qarşılanır. Xatırlayıram, 2003-cü ildə prezident seçkiləri öncəsi Prezident İlham Əliyev öz seçki kampaniyasına başlayarkən “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyə bəyan etmişdi. 2003-cü ildən bu yana ölkə başçısının öz vədinə sadiqliyini nümayiş etdirməsinin dəfələrlə şahidi olmuşuq. Prezidentin hər zaman çıxışlarında bəyan edir ki, həyata keçirdiyi siyasətin əsasında Azərbaycan insanın firavan yaşayışını, daha yaxşı güzəranını təmin etmək və sosial qayğıya ehtiyacı olan insanların maraqlarını qorumaq dayanır”.

İlqar Orucov bildirib ki, Azərbaycanda həyata keçirilən siyasət sosial siyasətdir: “Azərbaycan sosial dövlət qurmaq naminə səylərini hər zaman davam etdirir və bu istiqamətdə biz dövlət başçısı səviyyəsində mühüm qərarları görürük. Hazırda Azərbaycan dövlətinin büdcə vəsaitlərinin böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına, o ərazilərdə infrastrukturun bərpasına yönəlib. Bu ərazilərdə təkcə yeni yollar salınmır, orada geniş infrastruktur işləri həyata keçirilir. Bu, kifayət qədər maliyyə tutumlu xərclərdir və dövlət üçün əlavə resursların reallaşması deməkdir. Yaşayış məntəqələri, şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulur, infrastrukturun qurulması sıfırdan həyata keçirilir. Azərbaycan böyük qayıdış prosesinə start verib. 2023-cü ildə də bu davam edəcək. Azərbaycanın hərbi qüdrətinin daha da yüksəlməsi hədəflənib. Dövlət öz insanlarını unutmur, onlardan qayğısını əsirgəmir və bu istiqamətdə fəaliyyəti ortaya qoyur”.

 

Bənzər yazılar