Dərc olunub: 18.01.2023

“Caspian Energy Club”un  sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi 30-dək iş adamından ibarət nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) biznes turda iştirak ediblər.

Mektebgushesi.az xəbər verir ki, qonaqlar ADNSU-nun auditoriya və laboratoriyaları, Lazer Mərkəzi, HPC, Mətbəə, Azİİ e-Kitab Evi, Azərbaycan Türkiyə Dostluq Mərkəzi, ADNSU şəhidlərinin Xatirə Kompleksi və şəhid məzunların adlarını daşıyan auditoriyalarla, universitetin nəzdində fəaliyyət göstərən UFAZ-ın tədris korpusu və laboratoriyaları ilə tanış olublar. Sonra ADNSU və “Caspian Energy Club” arasında geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı bölgədə dövlət və özəl qurumların ən böyük şəbəkəsi olaraq uzun illərdən bəridir ki, fəaliyyət göstərən “Caspian Energy Club”un rəhbəri və üzv təşkilatların nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu bildirib. Müasir dövrdə universitet-sənaye, universitet-biznes və bütövlükdə ali məktəblərin işəgötürənlərlə sıx əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən rektor M.Babanlı “Caspian Energu Club”un eyni zamanda onlarla şirkətin nümayəndəsi ilə görüşüb əməkdaşlıq məsələlərini müzakirə etməyə imkan verən unikal platforma kmi səciyyələndirib. ADNSU ilə “Caspian Energy Club” arasında tələbələrin təcrübəsini təşkili, onların işədüzəlməsi məsələləri ilə yanaşı, daha geniş işbirliyi üçün imkanların olduğunu vurğulayıb. Rektor, professor Mustafa Babanlı görüşün ADNSU və “Caspian Energy Club” üçün səmərəli olacağına əminliyini ifadə edib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev ADNSU-da olduqları müddət ərzində burada gördüklərindən məmnun olduqlarını qeyd edib. O bildirib ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club”ın əsas məqsədi investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırılması və həmin dialoqlarda iştirak etməkdir.

Sonra ADNSU ilə “Caspian Energy Club” arasında Əməkdaşlığa dair Memorandum imzalanıb. “Caspian Energy Club” sədri və baş icraçı direktoru Telman Əliyev ADNSU-nun rektoru, professor Mustafa Babanlıya “Caspian Energy Club”un Fəxri üzvü sertifikatının təqdim edib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Caspian Energy Club” üzvü olan iş adamlarının suallarını cavablandırıb. Maraqlı söhbət çay fasiləsi zamanı da davam edib.

Bənzər yazılar