Dərc olunub: 18.01.2023

 

Yanvarın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-ci il
üzrə professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi ilə bağlı Keyfiyyət
Komissiyasının iclası keçirilib.
Giriş nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, Pedaqoji
Universitetdə akademik heyətin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması və
diferensial sosial təminat sistemini inkişaf etdirmək məqsədi ilə artıq beş ildir ki,
müntəzəm olaraq professor-müəllim heyətinin illik reytinq qiymətləndirilməsi
keçirilir. Rektor vurğulayıb ki, qiymətləndirmə nəticəsində elmi-tədqiqat, pedaqoji
və ictimai fəaliyyətində fərqlənən müəllimlərin əməkhaqqılarına aylıq əlavələr
tətbiq olunur.
Çıxış edən tədris işləri üzrə prorektor dosent Eldar Aslanov diqqətə çatdırıb ki,
ötən il reytinq qiymətləndirilməsi ilə bağlı Keyfiyyətin təminatı şöbəsi tərəfindən
təkcə ADPU deyil, filiallar və Pedaqoji Kollecin də professor-müəllim heyətinin
sənədləri qəbul olunub və proses könüllü əsaslarla bütün ADPU şəbəkəsini əhatə
edib.
Daha sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov təqdimatla
çıxış edərək 2022-ci il üzrə reytinq qiymətləndirilməsi prosesi haqqında məlumat
verib. Şöbə müdiri bildirib ki, ötən ilin noyabrın 1-dən dekabrın 1-nə qədər əsas iş
yeri ADPU, onun filialları və kolleci olan 1206 müəllimdən müvafiq sənədlər
qəbul olunub. Sənədlər Keyfiyyət Komissiyası tərəfindən qiymətləndirilərək
meyarlar üzrə müvafiq ballar hesablanıb. Prosesin, əsasən, tamamlandığını qeyd
edən Q.Şərifov nəticələrlə bağlı ümumilikdə 75 apelyasiya müraciətinin daxil
olduğunu, onlardan da 35 məsələnin spesifikliyi nəzərə alınaraq bugünkü iclasda
Komissiya tərəfindən müzakirə olunacağını diqqətə çatdırıb.
İclasın yekununda ADPU-da professor-müəllim heyətinin reytinq
qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi və gələcəkdə tədris-köməkçi
heyət arasında da reytinq qiymətləndirilməsinin aparılması ilə bağlı müvafiq
təkliflərin hazırlanması haqqında qərar qəbul olunub.

Bənzər yazılar